06 mart 2021 12:21
1073

“Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlası” oxucular tərəfindən maraqla qarşılanıb

Əhalinin sağlamlığının qorunmasında onların tibbi biliklərinin artırılması, xüsusilə səhiyyə maarifi işi vacib məsələdir. Həyata keçirilən belə tədbirlərin ifadəsi kimi muxtar respublikada uşaqlar arasında qoruyucu peyvəndlərin vaxtlı-vaxtında vurulmasını xüsusi qeyd etmək olar. Bu da bəzi yoluxucu xəstəliklərin tamamilə aradan qaldırılmasına, bəzilərinin isə minimuma endirilməsinə səbəb olub. "İki sahil" xəbər verir ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə vaxtaşırı aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində əhali arasında polimielit, difteriya və malyariya xəstəliyi qeydə alınmır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər cari ildə oxucu ünvanına yol alan “Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlası”nda öz əksini tapıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunan kitab yüz səhifədən, mündəricat və 4 bölmədən ibarətdir. “Xüsusi təhlükəli xəstəliklər”, “İdarə olunan infeksion xəstəliklər”, “Karantin tələb etməyən infeksion xəstəliklər” və “Qeyri-infeksion xəstəliklər” adlı bölmələr uyğun xəritə və şəkillərlə oxucuya geniş məlumat almaq imkanı yaradır.

Atlas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən 29 oktyabr 2020-ci il tarixdə Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin açılışında verilmiş tapşırığa əsasən tərtib edilib. İlk nüsxəsi Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin açılışında Ali Məclisin Sədrinə təqdim olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayevanın rəhbərliyi ilə işıq üzü görən kitabın əhalinin səhiyyə maarifində oynayacağı rol nəzərə alınaraq muxtar respublikanın tibb təhsili verən orta ixtisas və ali məktəblərinə, baytarlıq məntəqələrinə, səhiyyə müəssisələrinə verilməsi məsləhət görülüb.