KÖŞƏ

Günel Eyyubova

Aclığın qarşısını alan GMO

18 mart 2021 00:46
2349

Gen mühəndisliyinin mahiyyəti ancaq XIX əsrin sonlarında dərk edilməyə başlanıldı və bundan sonra elmə söykənərək bu istiqamətdə bir çox addımlar atıldı. Qeyd edək ki, gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Amma bu istiqamətdə təcrübələr genişləndikcə, nəticələr əldə olunduqca mütəxəssislərin geni dəyişdirilmiş məhsullar barədə fikirləri də toqquşmağa başladı. Məsələn, bəziləri iddia edirlər ki, geni modifikasiya olunmuş məhsullar (GMO) ətraf mühitin müxtəlifliyini pozur. Digərləri bunun heç də belə olmadığını düşünür.

Tarixə nəzər salsaq görərik ki, ilk dəfə ingilis alimi Arpad Puştai genetik modifikasiya olunmuş məhsulların insan orqanizminə zərərli təsirini təcrübə yolu ilə sübut etdi. Təcrübələr zamanı siçovullara bir müddət transgen tərkibli məhsulların yedizdirilməsi nəticəsində heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, qara ciyərin ölçüləri kiçilib, çəkiləri azalıb, onlarda aqressivlik yüksələrək, hətta bir-birini yeməyə başlayıblar. Eyni zamanda heyvanlar arasında ölüm faizi də artdı. Sonralar isə Arpad Puştainin həmkarı Stenli Yuen onun təcrübəsinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib.  

Bu gün transgen məhsulların əkilməsinə, idxalına inkişaf etmiş ölkələrdə ciddi nəzarət edilir. Avropada transgen məhsulların əkilməsi qadağan edilib, yalnız bəzi bitkilərin ölkəyə idxalına icazə verilir. GMO-nun bir çox faydasının da olduğuna dair açıqlamalardan sonra bəzi  qeyri-hökumət təşkilatları, eyni zamanda ictimaiyyət buna etiraz etdi. Zelandiya və Tayland kimi bəzi ölkələrdə ölkəyə GMO məhsullarının gətirilməsi qadağandır.

Transgen məhsullarla qidalanan bəzi ölkələrin əhalisində ciddi çəki artımı müşahidə edilir. Araşdırmalara görə, piylənmə prosesi ilə həmin ölkələrdə GMO məhsulların geniş yayılmasının birbaşa əlaqəsi var. Ona görə ki, bu ölkələrdə bir çox yeməklərə xüsusi dad, ətir vermək üçün qida əlavələri qatılır ki, onlar da transgen məhsullardan hazırlanır. Mütəxəssislərin açıqlamalarına görə, bu qəbildən olan transgen məhsullar maddələr mübadiləsinin pozulmasına və çəkinin sürətlə artmasına səbəb olur. GMO qidaları arasında qarğıdalı, pomidor, kartof, günəbaxan, buğda, düyü, balqabaq, soya, balqabaq, balıq növləri və fıstıq var.

Ümumdünya Ticarət Təşkilatının tələblərinə görə, tərkibində GMO olan qida məhsullarının üzərində “GMO tərkibli”(faizlə) olması göstərilməlidir.

Xüsusi olaraq qeyd etmək vacibdir ki, Azərbaycan 2000-ci ildə “Bioloji müxtəlifliyə dair” BMT-nin Konvensiyasına, 2005-ci ildə isə bu Konvensiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartagen protokolu”na qoşulub.

Dünya ölkələrində geni modifikasiya olunan məhsulların zərərli olub-olmadığı ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri GMO-nun ziyansız olduğunu bildirir, illər keçdikcə, dünya  əhalisinin sayı artdıqca ərzağa olan tələbatın ödənilməsinin zəruri olması ilə  əsaslandırırlar. Bəziləri isə əksini fikirləşərək, belə qidaların insan orqanizmində illər sonra baş verə bilən proseslər, mutasiya elementləri və bir sıra xəstəliklərin yaranmasına gətirib çıxaracağını deyirlər. GMO-lu məhsullar allergik və toksik təsir göstərə bilər. Məsələn, geni dəyişdirilmiş soyaya görə 1998-ci ildə soyaya qarşı allergiya 50 faiz artdı. İngiltərədə, ABŞ-da və Riya Federasiyasında allergik insanların artma səbəbi kimi GMO-lu məhsullar göstərilir. Alimlərin fikrinə görə, allergik reaksiyaların səbəbkarı qlisofatdır. O, bağırsaqlardakı yararlı bakteriyaları öldürür, immun sistemini zəiflədir.

 Azərbaycanda vəziyyət fərqlidir. Belə ki, ölkəmizin iqlimi, təbiəti, torpağı imkan verir ki, ekoloji cəhətdən təmiz meyvə-tərəvəz yetişdirək. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, geni modifikasiya olanmuş məhsulların ölkəyə buraxılması qadağandır. Belə məhsulların dövriyyəsinə ciddi nəzarət olunur. Hətta Cinayət Məcəlləsinə də bunu cinayət tərkibi elementi olaraq daxil ediblər. Məqsədli şəkildə, bilərəkdən və yaxud bilməyərəkdən GMO məhsulların ölkəyə keçirilməsi və onun satışının həyata keçirilməsi cinayətdir.