KÖŞƏ

Günel Eyyubova

Nikol Ermənistanı necə bir gələcəyə aparacaq?

04 avqust 2021 17:50
5499

Ermənistanın məğlubiyyəti və hərbi personalı arasında minlərlə itki ölkədə ictimai-siyasi böhrana səbəb oldu

Azərbaycan dövləti Ermənistanla sülh müqaviləsi bağlamağa razı olduğunu ifadə etdi. Bu addımın özü belə bir daha bizim nə qədər sülhpərvər olmağımızdan xəbər verir. Azərbaycan XXI əsr dövlətidir, sivil, modern, milli-mənəvi dəyərlərlə bəşəri dəyərlərin harmoniyasını yaradan ölkədir. Azərbaycan multikulturalizmin mühüm mərkəzlərindən birinə çevrilib. Təkcə nefti və qazı ilə deyil, həm də multikultural dəyərlərini, birgəyaşayış mədəniyyətini dünyaya ixrac edən dövlətdir. Belə bir ölkənin diz çökdürdüyü, məğlub etdiyi, ağ bayraq qaldırtdığı Ermənistana münasibətdə əməkdaşlıq əlini uzatması çox məntiqlidir. Biz fərqindəyik ki, Ermənistanla əbədi qonşuyuq. Nə biz, nə də onlar başqa yerə köçəsi deyillər. Baxmayaraq ki, indi ermənilərin özləri Ermənistandan kütləvi şəkildə köçürlər.

Bəs, Ermənistanda vəziyyət necədir?

Nikol bundan sonra Ermənistanı necə bir gələcəyə aparacaq, xalqını necə yaşadacaq?  Amma bu gedişlə adıçəkilən ölkədə yaşayan ermənilər üçün həmin gələcəyin gəlmə ehtimalı çox aşağıdır. Ermənilər  sosial problemlər girdabında çabaladıqlarını, yeganə çarənin ancaq ölkəni tərk etmək olduğunu deyirlər.

Amma... Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. Xatırladaq ki, 2018-ci ilin may etirazlarından sonra hakimiyyətə gələn Paşinyan bu il aprelin 25-dən ölkənin baş naziri vəzifəsini icra edirdi. O, iyunun 20-də vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi üçün istefa vermişdi.Paşinyan 15 gün ərzində hökuməti formalaşdırmalıdır. Onun “Vətəndaş Müqaviləsi” parlamentdəki 101 yerin 71-ni əldə edib.

Xüsusilə, İkinci Qarabağ savaşından sonra Ermənistan üçün vəziyyət heç də onun xeyrinə inkişaf etmir. Ermənistanın məğlubiyyəti və hərbi personalı arasında böyük itkilər ölkədə ictimai -siyasi böhrana səbəb oldu - kütləvi etirazlar baş verdi. Nazir Nikol Paşinyanın istefası tələb olundu və bu siyasi vəziyyətlə barışmayanlar ölkəni kütləvi şəkildə tərk etməyə başladılar. Sonrakı aylarda Ermənistanda siyasi vəziyyət daha da gərginləşsə də, etirazlar hələ də davam edir. Eyni zamanda müharibə Ermənistan üçün iqtisadi problemlər yaratdı. Respublikanın iqtisadiyyatı həmişə kənardan gələn yardımlardan asılı idi və müharibədəki məğlubiyyətdən sonra maliyyə problemləri Ermənistan iqtisadiyyatının müxtəlif sahələrində vəziyyəti daha da ağırlaşdırırdı. Bir sözlə, müharibə ermənilərin iqtisadiyyatına ciddi təsir göstərdi. İqtisadiyyatın xarici borcdan asılılığı artdı. Çoxsaylı xarici ekspertlərin də fikirincə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycanın müzəffər ordusu tərəfindən geri alınması nəticəsində Ermənistan enerji və ərzaq qıtlığı ilə üzləşdi ki, bu da qiymətlərin artmasına və əhalinin narazılığının artmasına səbəb olub və vəziyyət daha da kritikləşəcək.