KÖŞƏ

Günel Eyyubova

Sosial müdafiənin gücləndirilməsi dövlət siyasətinin ana xəttini təşkil edir

11 aprel 2022 23:18
3820

Ölkəmizdə sosial proqramların icrası, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təmin edilməsi 2003-cü ildən bəri dövlət başçısı İlham Əliyev tərəfindən strateji vəzifə kimi müəyyənləşdirilib. Son illərdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Belə ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, sosial ödənişlərin və əməkhaqlarının artırılması istiqamətində mütəmadi olaraq sistemli layihələr həyata keçirilir, ardıcıl addımlar atılır.

Həmçinin 2020-ci il sentyabrın 27-dən başlayan və tariximizə qızıl hərflərlə yazılmış İkinci Qarabağ müharibəsində hərbi əməliyyatlar zamanı zərər çəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Belə ki, bu statusda olan şəxslər üçün daim sosial dəstək proqramları həyata keçirilir, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur. 2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk - 19 aprel 2018-ci il tarixli Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Statistikaya nəzər yetirsək görərik ki, artıq şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin qorunması, məişət problemlərinin həlli istiqamətində görülən işlər, həyata keçirilən layihələr bu gün minlərlə insanı əhatə edir. Mütəmadi olaraq qeyd olunan kateqoriyalardan olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması məqsədilə tədbirlər keçirilir, şəhidlərin ailə üzvlərinə, qazilərə birdəfəlik ödəmələr edilir və s. 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının -12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.

Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə  4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq.

Eyni zamanda, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi  44 günlük  Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi. Bu addım daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Həmçinin Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı üzrə mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı dövlət başçısının Sərəncamı ilə 2021-ci ildə 5 dəfə genişlənib.  Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara  2018-ci ildə 626,  2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə onlara 3 min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub. Bu isə 2018-ci ilə nisbətən 5 dəfə çoxdur.

Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.  Həmçinin dövlət başçısı İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Digər həssas qruplardan olanların (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da ardıcıl şəkildə mənzillə təminatı həyata keçirilir.

Öz növbəsində ölkə başçısının bu istiqamətdə  imzaladığı Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqəti, qayğısı, mərhəməti vətəndaşlar tərəfindən  təqdirəlayiq hal kimi qiymətləndirilir, alqışlanır.