02 aprel 2021 16:05
2731

“Azəriqaz”dan vakansiyalarla bağlı AÇIQLAMA

“SOCAR-da sərbəstləşmə nəticəsində boşdayanmaya düşən əməkdaşlarımızın yerləşdirilmə prosesi yekunlaşdıqdan sonra yeni vakansiyaları görə biləcəyik”.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İnsan resursları şöbəsinin rəisi Xəqani Bəşirov “facebook” sosial şəbəkəsi vasitəsilə canlı yayımla vətəndaşların suallarını cavablandırarkən məlumat verib.

Xəqani Bəşirov qeyd edib ki, hazırda “Azəriqaz” İB-də 8 min 300-ə yaxın əməkdaş fəaliyyət göstərir: “Onlardan 5 min nəfərdən yuxarı fəhlə kateqoriyasında, 3 min nəfərdən yuxarı olan hissəsi isə qulluqçu kateqoriyasında çalışırlar. Respublikanın bütün bölgələrində “Azəriqaz” İB-nin əməkdaşları çalışırlar. İnsan resursları şöbəsi 63 nəfər komanda ilə işçilərə xidmət göstərir, eləcə də vətəndaşların bu sahədə hər hansı müraciəti olarsa, onları da cavablandırmağa hazırıq.”

Şöbə rəisi bildirib ki, SOCAR-ın strukturuna daxil olan bütün qurumlara, o cümlədən “Azəriqaz” İB-yə işə qəbul şirkətin İnsan Resursları Departamenti tərəfindən müsabiqə yolu ilə həyata keçirilir: “Birliyin strukturuna daxil olan qurumlardakı vakant yerlər barədə məlumatlar şirkət tərəfindən socar.az saytının “karyera” bölməsində yerləşdirilir. Hazırda SOCAR-ın strukturuna daxil olan qurumlarda sərbəstləşən işçilərin şirkətin digər müəssisələrindəki vakant yerlər üzrə bölüşdürülməsi prosesi gedir. Buna görə də sərbəstləşmə nəticəsində həyata keçirilən yerləşdirmə prosesi bitdikdən sonra socar.az saytının “karyera” bölməsində vətəndaşlarımız yenidən vakansiyaları görə biləcəklər. Lakin “Azəriqaz” İstehsalat Birliyinin vakansiyalarla bağlı dəqiq vaxt verməsi düzgün olmaz.”

Orxan Vahidoğlu, “İki sahil”