14 aprel 2021 16:21
959

Ölkəmiz milli maraqların qorunmasından heç vaxt vaz keçməyəcək - DEPUTAT

Azərbaycan Prezidenti haqlı olaraq tarixi torpağımız olan Zəngəzur, İrəvan və Göyçə mahalından bəhs edir.  Biz həmin torpaqlara qayıtmalıyıq və hamı bilməlidir ki, ora bizim tarixi torpağımızdır

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən  sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib. Dövlət başçısı tədbir zamanı dünyada baş verən bütün qlobal dəyişikliklər, Azərbaycanın və xüsusilə də Qafqazın postmüharibə dövrü üçün  həyata keçirəcəyi layihələr, atacağı addımlar, Azərbaycan dövlətinin  xarici və daxili siyasətindəki müəyyənləşdirmiş olduğu rakurslar, bölgədə baş verən proseslər, çoxtərəfli əməkdaşlıq imkanları və platformaları ilə bağlı bir çox məsələlərə aydınlıq  gətirən çıxış etmiş və sualları cavablandırmışdır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən söyləyib.

Deputat qeyd edib ki, cənab Prezidentin  həm bu tədbirdə, həm də Hərbi Qənimətlər Parkının açılışındakı çıxışlarını bir-birilə əlaqələndirdiyimiz zaman  biz aydın şəkildə  bir prosesin canlı şahidi oluruq: “Azərbaycan  bölgədə sürətlə inkişaf edən, bölgədə və regionda öz sözünü ciddi şəkildə qeyd edən,  tutduğu mövqe ilə hesablaşılan, region ölkələri ilə münasibətlərini yüksələn xətlə davam etdirmək niyyətində olduğunu bəyan edən ölkə kimi xarici siyasət strategiyası istiqamətində addımlar atır.”

Həmsöhbətimiz vurğulayıb ki, cənab Prezident ADA Universitetində keçirilən tədbir zamanı etdiyi çıxışında və sullara verdiyi cavablarda Şuşaya “İsgəndər-M" raketinin atılması məsələsinə, Azərbaycan-Rusiya münasibətləri, qardaş ölkə olan Türkiyə ilə əlaqələrə toxundu, həmçinin Ermənistanda olan revanşist qüvvələrə mükəmməl bir mesaj verdi.  Azərbaycan tolerant dövlətdir. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin tərəfdarı kimi, qarşılıqlı hörmətə əsaslanan münasibətləri dəstəkləyir. Ölkəmiz irimiqyaslı nəqliyyat layihələrinin tam mərkəzində yerləşərək körpü rolunu oynayır.

R. Həsən bildirib ki, ölkəmiz böyük bir məharət və qürur hissi ilə bu proseslərdə aktiv  iştirak etməyə hazır olduğunu bəyan edir: "Bütün çətinliklərə, Ermənistanda adi hal olan Azərbaycanafobiya, Türkiyəfobiyaya baxmayaraq Azərbaycan hələ də xoş niyyətini göstərərək dünyaya sülh mesajı verir. Azərbaycan  Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır, sülh müqaviləsi imzalamağa hazırdır.  Amma digər tərəf buna hazırdırmı? Təbii ki, hazır deyil.  Ermənistanda hələ də Azərbaycana, türk xalqlarına, müsəlmanlara qarşı düşmənçilik, nifrət hissi aşılanır. Prezidentimizin də vurğuladığı kimi heç nə tək tərəfli baş verə bilməz. Əgər, həm sülh sazişi, həm də digər proseslərdə addım atılacaqsa bu, həm qarşılıqlı, həm də ikitərəfli olmalıdır".

Deputat qeyd edib ki, dədə-baba torpağımız olan Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsinin tez-tez vurğulanması vacibdir: "Azərbaycan Prezidenti haqlı olaraq tarixi torpağımız olan Zəngəzur, İrəvan və Göyçə mahalından bəhs edir.  Biz həmin torpaqlara qayıtmalıyıq və hamı bilməlidir ki, ora bizim tarixi torpağımızdır. Azərbaycan vətəndaşlarının yaxın gələcəkdə Zəngəzura, İrəvana getmək imkanları olmalıdır. Bizim heç kimin torpağında gözümüz yoxdur. Hər zaman qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıyıq. Yetər ki, qarşıdakı dövlət də münasibətləri bu şəkildə arzu etsin və faydalı ola biləcək platformalar işlək mexanizmə çevrilə bilsin. Bu aspektdən yanaşdığımız zaman dünən keçirilən konfrans xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin unikal cavabları, dövlətimizin milli maraqlarını üstün tutaraq, heç nəyi xalqdan gizlətmədən liderimiz olaraq ifadə etməsi əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı kimi məni də şərəfləndirmişdir. Biz böyük fəxr və qürur hissi ilə qeyd etməliyik ki, Prezidentin atdığı addımlar Azərbaycan dövlətinin bundan sonra da müstəqil, milli maraqlara uyğun siyasət həyata keçirəcəyini təsdiqləyir. Biz Prezidentin siyasətini tam şəkildə dəstəkləyirik. Aprelin 13-də keçirilən konfransda dövlət başçımızın verdiyi bütün mesajlar öz ünvanına çatıb. Azərbaycan bir daha bəyan etmişdir ki biz sülh, təhlükəsizlik, əmin-amanlıq  və bölgənin inkişafının tərəfdarıyıq. Eyni zamanda da, ölkəmizin milli maraqların qorunmasından heç vaxt vaz keçməyəcək.”

Yaqut Ağaşahqızı, “İki sahil”