KÖŞƏ

Zahid Rza

Nikol Paşinyan etiraf etdi: Ermənistan müflis olub

16 aprel 2021 22:17
1432

Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra Ermənistanda facivəvi vəziyyət yaranıb. Müharibədən ağır itkilərlə çıxan və qeyri-müəyyənliyin hökm sürdüyü işğalçı ölkə idarəedilməz vəziyyətə düşüb. Ölkədəki iqtisadi-sosial, siyasi-hərbi böhran, humanitar fəlakət pik nöqtəsinə çatıb. Aparılan təhllilər göstərir ki, Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, eləcə də korrupsiya və rüşvətin tüğyan etməsi, vergi sistemindəki qeyri-şəffaflıq nəticəsində ölkədə çox ağır vəziyyət yaranıb. Keçirilən sorğulardan aydın olur ki, əhalinin böyük əksəriyyəti yaşayış səviyyəsindən çox narazıdır.

Hazırda Ermənistanda demoqrafiya problemi demək olar ki, pik nöqtəsindədir. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsi get-gedə aşağı düşür, insan ehtiyatları getdikcə tükənir. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı olaraq artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana sürükləyir. Ermənistan Miqrasiya İdarəsinin rəsmiləri bildirirlər ki, son hesablamalara görə, ölkə əhalisi sürətlə azalmağa doğru gedir. Çünki buradan gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır. Ölkədəki VETO təşkilatının rəhbəri Narek Malyan bildirib ki, bu il ərzində erməni vətəndaşlarının Rusiyaya və digər xarici ölkələrə ən böyük miqrasiyası gözlənilir.  

Ermənistan mətbuatında yazılanlardan aydın olur ki, pandemiya başlayandan bu günə qədər ölkədə xeyli sayda müəssisə, şirkət və səhmdar cəmiyyət, habelə biznes və ticarət obyektləri, kiçik və orta sahibkarlar fəaliyyətlərini dayandırıblar. Təkcə ötən ilin ilk yarısında paytaxt İrəvanda 200 mindən çox insan iş yerini itirib. İnfrastruktur layihələri isə bütünlüklə diaspor tərəfindən maliyyələşdirilən bəzi təmir-rekonstruksiya və inşaat proqramları, habelə mənzil-kommunal təsərrüfatı ilə bağlı kiçik layihələrdən ibarət olub. Artıq erməni ekspertlər də etiraf edirlər ki, Ermənistanda əhali tam aclıq çəkir. Getdikcə daha böyük maddi çətinlik çəkən insanların problemlərinin həlli üçün hakimiyyət hansısa ciddi addım atmaq iqtidarında deyil.

Bütün bunlar bir daha onu göstərir ki, ölkədə bütün sferalarda yaşanan böhranın əsas səbəblərindən biri Ermənistanın öz qonşularına qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qalması, təcrid olunması, erməni cəmiyyətində Azərbaycana və Türkiyəyə qarşı fobiyanın, aqressiv davranışın hökm sürməsidir.  Artıq Ermənistanda dərk edirlər ki, ölkəni mövcud dərin böhran məngənəsindən çıxartmaq, bir dövlət olaraq varlığını qorumaq üçün təcavüzkarlıq siyasətindən əl çəkmək, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan  Bəyanatın şərtlərini yerini yerinə yetirmək, Azərbaycan və Türkiyə ilə münasibətləri tamamilə yeni müstəvidə qurmaq lazımdır.

 Aprelin 8-də  N.Paşinyanın Rusiyaya səfəri zamanı Moskvadakı “Park Hyatt” otelində erməni hüquqşünas və vəkillərlə qapalı görüşdəki çıxışı bu mənada çox diqqətçəkicidir: “...Konyuktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik. Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Düşünürəm ki, Ermənistanda onillərdən bəri davam edən situasiyaya son qoymaq vaxtı çatıb. Azərbaycan və Türkiyə ilə nəqliyyat kommunikasiyaları işə salınmalı, sərhədlər açılmalıdır. Mən qəti əminəm ki, kommunikasiyaların açılması, əlbəttə, əgər biz buna nail ola bilsək, yəni Azərbaycanın Naxçıvana yolunu açmaqla, bu bizim böyük uğurumuzdur. Təsəvvür edin, bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”.