KÖŞƏ

Günel Eyyubova

ABŞ-ın qaranlıq səhifələri

27 aprel 2021 02:01
2524

Şimali Amerika hindularının soyqırımı, Cənubi Afrika və II Dünya Müharibəsi dövründə Holokostdakı aparteiddən daha dəhşətlidir

“Amerika xalqı 106 il əvvəl başlayan soyqırımı nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir” – bu fikirlər Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Co Baydenin açıqlamasında deyilir. ABŞ Prezidenti Ağ Evin rəsmi saytında verilən açıqlamada 1915 hadisələrini “soyqırım” kimi tanıdı. Xatırladaq ki, erməni “soyqırımı”nın tanınması həm Baydenin, həm də vitse-prezident Kamala Harrisin seçki öncəsi verdikləri vədlərdən biri idi. Tarixi mənbələr, faktlar, sənədlər isə sübut edir ki, 24 aprel uydurma “soyqırımı” dedikləri tarixin heç bir əsası yoxdur. Ermənilər söyləyirlər ki,  guya 1915-ci ildə 1 milyon 500 min erməni öldürülüb.  Həmin dövrə aid sənədlərdə göstərilir ki, təqribən 300-350 min erməni hərbi əməliyyatların gedişi zamanı ölüb. Bu məqam ermənilərin öz sənədlərində də, rus və ingilis materiallarında da belədir.

Beləliklə, erməni ideoloqları əslində tarixi sübutu olmayan “soyqırımla” bağlı bütün dünyaya car çəkirlər. Biz isə tarixdə həqiqətən olmuş dəhşətli və genişmiqyaslı soyqırımdan yazmaq istəyirik. O soyqırımı ki, “demokrat” Cozef “unudub”...

BMT-nin Soyqırım Cinayətinin Cəzalandırılması və qarşısının alınması Konvensiyasında, soyqırım yalnız insanların birbaşa öldürülməsi kimi deyil, həm də millətlərin mədəniyyətinin də məhvi kimi təsvir edilmişdir. Məsələn, Yeni Dünyaya (Amerika) gələn avropalıların hindulara qarşı “fəaliyyətləri” bu terminə tam uyğundur. Bax, bu, əslində soyqırım idi. Yeri gəlmişkən xatırladaq ki, ABŞ hökuməti BMT-nin Soyqırımı Konvensiyasını təsdiqləməkdən imtina etdi. Əlbəttə, təəccüblü deyil, çünki Konvensiyada göstərilən bütün vəhşiliklər Şimali Amerikanın yerli xalqlarına qarşı törədilmişdi.

Gəlin, bir neçə əsr əvvəl Şimali Amerikada olanları yada salaq. Amerikada ilk avropalılar məskunlaşmamışdan çox əvvəl orada hindu və eskimo qəbilələri yaşayırdılar. Belə qəbilələrin sayı yüzlərlə idi. Məsələn, na denlər, alqonkinlər, siu və şoşonlar, digərləri. Onlar hamısı başqa-başqa dillərdə danışır və fərqli etnik qruplara mənsub idilər.  Düşməni qorxutmaq üçün isə bədənlərinə və üzlərinə boya çəkirdilər. Hinduların “müharibə boyası”nın avropalıları qorxudan əsas amil olduğu fikri hələ də mövcuddur. Avropa müstəmləkəçiləri hindulardan qorxurdular və onlara etibar etmədilər…

Avropadan olan kolonistlər hinduları bütün vasitələrlə məhv etməyə çalışırdılar: hinduları doğrayırdılar, məhkumları öldürürdülər, içməli su mənbələrini zəhərləyirdilər, körpələri valideynlərindən ayırırdılar, qadınlara qarşı xüsusi amansızlıq törədirdilər. Hətta hindulara qarşı bioloji silahlardan da istifadə edirdilər. İngilis casusları bilərəkdən çiçək xəstəliyinə yoluxdurulmuş yorğanları hindulara payladılar. Təkcə adıçəkilən xəstəlik 100 min yerli əhalinin ölümünə səbəb oldu. Göründüyü kimi, avropalıların torpaq hərisliyi yerli əhalinin öldürülməsinə, soyunun kəsilməsinə hesablanmışdı. Sağ qalan əhalinin isə torpaqlarından qovulması planlaşdırıldı. Tarixi mənbələr göstərir ki, ən görkəmli hindu qəbilələrindən olan irokezlərin bir çoxu Kanadaya köçürülüb, bəziləri ABŞ vətəndaşlığını qəbul etdikdən qısa müddət sonra bir xalq olaraq tənəzzülə uğrayaraq, 18-ci əsrin son onilliklərində qalan torpaqlarının çoxunu itirdilər. Bundan başqa hinduların məcburi köçürülməsi də onların müəmmalı ölümlərinə səbəb oldu. Ən böyük hindu xalqı olan çerokilər torpaqlarını tərk etmək istəmirdilər. Lakin o zaman onların ata-baba torpaqlarında qızıl yataqları aşkar edilmişdi. Çerokilərin istəklərinə məhəl qoyulmayaraq, 1838-ci ildə federal birliklər onları yaşadıqları ərazilərdən zorla qovdular. Mənbələrə görə, həmin köçürmə zamanı 4 min çeroki öldü.

Siyasi aktivist, aktyor, kinorejissor Marlon Brando  öz avtobioqrafiyasını yazarkən amerikalı hinduların soyqırımına da toxunmuşdu. “Torpaqları əllərindən  alındıqdan sonra sağ qalan hindular rezervasiyaya toplandı və hökumət onları xristianlığı qəbul etməyə  məcbur etmək üçün oraya missionerlər göndərdi. Hindularla maraqlandıqdan sonra bir çox insanın onları insan belə hesab etmədiyini gördüm. Elə əvvəldən də belə idi”.

Bu sadalananların hər biri Amerika Birləşmiş Ştatlarının qaranlıq və qanlı tarixi səhifələrindəndir. Baş verənlər yerli amerikalıların həyatını və mədəniyyətini sonsuzadək dəyişdirdi. Bu gün Amerika artıq hindulara məxsus deyil. Ancaq hinduların Amerikanın bir çox əyalətlərində yaşamaları üçün xüsusi nəzarət altında müəyyən sahələr ayrılıb. Qeyd edək ki, belə ərazilərin sayı olduqca azdır. Yəni bütün ərazilərin cəmi 2%-dən bir qədər artığını təşkil edir.

Şimali Amerika hindularının soyqırımı, Cənubi Afrika və II Dünya Müharibəsi dövründə Holokostdakı aparteiddən (irqi ayrı-seçkiliyin ən kəskin forması) daha dəhşətlidir, çünki qurbanların sayı baxımından onları əhəmiyyətli dərəcədə üstələyir.

Çox güman ki, Bayden yerli qızıldərilərə qarşı etdiklərini unutmayıb. Yəqin ki, beyninin alt qatlarında həllini gözləyən məsələlər sırasında gizlədib. O ki qaldı erməni “soyqırımına” yəqin uydurmanın 106-cı yaşında Cozefin erməni təəssübkeşliyi tutub. Amerika xalqı soyqırıma məruz qoyduğu hinduların xatirələrini yad edib, onların ruhlarından üzr istəmək əvəzinə nə üçün qurama, qondarma, olmayan qurbanları yad etsin ki? Elə deyilmi?!.