05 may 2021 20:52
1251

Nizaminin sələfləri və xələfləri

Orta əsrlər Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri Bayrək Quşçuoğludur

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2021-ci il böyük Azərbaycan ədəbiyyatının iftixarı olan Nizami Gəncəvinin 880 illiyilə bağlı “Nizami Gəncəvi ili” elan olunmuşdur. Əlbəttə, hər birimiz yaxşı bilirik ki, Nizami Gəncəvi Azərbaycan ədəbiyyatı və mədəni epoxasının elə bir görkəmli simasıdır ki, onu bütün dünya xalqları korifey sənətkar olaraq qəbul edir. Nizami Gəncəvi Azərbaycan xalqının dünya-bəşər mədəniyyəti tarixində qaldırdığı şeiriyyət bayrağı, intibah düşüncəsinin ən görkəmli nümayəndəsidir. Nizami Gəncəvi, həmçinin Azərbaycan xalqının humanizmi, mədəni-elmi inkişafı, dirçəlişi, multikultural düşüncəsi və tolerantlığının göstəricisi kimi uğurla çıxış edir. Bu mənada Nizami irsi bu gün də, gələcəkdə də dərin-dərin öyrənilməli bir milli sərvətdir. Lakin bunu da unutmamalıyıq ki, Nizami kimi görkəmli şəxsiyyətin zirvəsini təşkil etdiyi ədəbi mərhələnin xələfləri olduğu kimi sələfləri də olub. Nizami özündən əvvəlki ədəbi nailiyyətləri davam və inkişaf etdirməklə mərhələnin başısına çevrilmişdir. “Kitabi-Dədə Qorqud” oğuznaməsi, türk şeirinin ilk poeması olan Yusif Has Hacibin “Qutadqu-bilig” əsəri, habelə Qətran Təbrizinin, Məhsəti Gəncəvinin, Xaqaninin, əlbəttə zəngin şifahi xalq ədəbiyyatı ənənələrinin Nizami yaradıcılığında əhəmiyyətli təsirləri, silinməz izləri var idi. Bununla bərabər həm də Nizami kimi böyük ustadın ədəbi irsi və onun ənənələri gələn yeni nəsillər tərəfindən davam etdirilmiş, Azərbaycan intibahına xidmət etmişdi. Nizaminin inkişaf etdirdiyi ənənələri daha da zənginləşdirməklə sonrakı dövrlərin böyük ədəbi-elmi simaları – F.Nəimi, İ.Nəsimi, N.Naxçıvani, Ş.İ.Xətai, M.Füzuli və başqaları Azərbaycan ədəbi-mədəni düşüncəsini yeni üfüq və zirvələrə daşımışlar. Belə görkəmli şəxsiyyətlər sırasında həyatı həm də Naxçıvanda keçə, xalq şeir tərzini yazılı ədəbiyyata daşıyan Bayrək Quşçuoğlu adlı bir şair də var idi.

Ümumiyyətlə, orta əsrlər dövrü Azərbaycan ədəbiyyatı inkişaf baxımından özünəməxsus ideya, məzmun və forma yeniliyi ilə diqqəti cəlb edir. Başlıca olaraq bu dövrlərdə xalq ədəbiyyatı və ona doğma olan yazılı ədəbiyyat inkişaf etməyə başlayır. Bir tərəfdə bilavasitə xalq içərisində olan Molla Qasım (bu sənətkarın adını məşhur türk şairi Yunus Əmrənin yaradıcılığında çox eşidirik. Xalq ədəbi tərzində yazıb-yaradan sənətkarlardan biri olmuşdur – müəlliflər), Qurbani kimi sənətkarlar xalq dilinin gözəllikləri üzərində gözəl əsərlər yaradırlar, digər tərəfdən də yazılı ədəbiyyat sahəsində bu tərzə doğma olan bir meyil müəyyənləşir. Bu dövrdə xalqın içərisində olan, onun inanclarına bağlı, ana dilindən məharətlə istifadə edən, sanballı əsərlər ortaya çıxaran böyük sənətkarları müşahidə edirik. Belə sənətkarlar arasında Şah İsmayıl Xətainin adı ucalardan gəlir. Həmçinin İmadəddin Nəsiminin, Qazi Büthanəddinin və başqalarının şirin dilində bu meyilləri aydın müşahidə etmək olur. Belə sənətkarlar arasında daha fərqli, daha xəlqi olan birisi də var – Bayrək Quşçuoğlu. Bayrək Quşçuoğlu dilinin xəlqiliyi, şeirlərinin tərzi ilə Yunus Əmrəyə daha doğma olan, türk dilini həm şeir, həm də iman dili olaraq qəbul edən bir sənətkar idi.

Bayrək Quşçuoğlunun hansı tarixdə yaşayıb-fəaliyyət göstərdiyi dəqiq bəlli deyil. Gah onun XIV əsr, gah XV və ya XVI əsr şairi olduğu deyilmişdir. Lakin alimlər daha çoxluqla onun XV-XVI əsrlərə aid olduğunu göstərirlər. Onu şeirlərinin ruhu, forması və məzmununa görə dövründə liderə çevrilmiş, Səfəvilər dövlətini qurmuş Şah İsmayıl Xətaiyə bənzəyir. Elə bu da bizi bu fikrə gətirməyə imkan verir ki, Bayrək Quşçuoğlu bütün yaradıcılıq ruhu, əsərlərinin ideya-estetik məzmunu və s. ilə Şah İsmayıl Xətai ilə yaxın bir zamanda, bir dövrdə yaşamışdır. Şeirlərində istifadə edilən yer-yurd adları şairin Naxçıvanla bağlı olduğunu qətiyyətlə göstərir:

Üzümdilin dik dabanı,

Yeddi qədəm qız qapanı.

Əlüncəvi Naxçıvanı

Ordubadları istərəm.

Bu həm də ona görə şairin həyatı üçün maraqlı mənbə rolunu oynayır ki, Bayrək Quşçuğlunun yaşadığı dönəmlərdə Naxçıvan çox böyük ictimai-siyasi, həm də mənəvi əhəmiyyətə malik bir məkan olmuşdur.

Əlincə qalası kimi bir alınmaz qalanın burada olması bu torpağı ciddi siyasi sığınacaq yerinə çevirmişdi. Bundan ürəklənən fəlsəfi fikir cərəyanlarının nümayəndələri də buraya pənah gətirmiş, burada fəaliyyət üçün daha uyğun bir şərait tapmışdılar. Bu üzdən sığınacaq, xəzinə saxlancı yeri olan Əlincə qalasının ətrafı həm də xanəgahların da çoxluqla yer almasına vəsilə olmuşdu. Fəlsəfi fikir cərəyanlarının nümayəndələri burada özlərinə xanəgahlar yaratmış, uzun bir müddətdə Əlincə qalasının ətrafı elmi-mənəvi mərkəz kimi çıxış etmişdir. (Məmnuniyyətlə deməliyik ki, hazırda alınmazlıq rəmzi olan möhtəşəm Əlincə qalası və ətrafındakı müxtəlif tarixi abidələr, habelə xanəgahlar, Fəzlullah Nəiminin məzarüstü türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə tam bərpa edilərək əvəzolunmaz milli tarix və sərvət nümunəsi kimi qorunmuşdur – müəlliflər). Əlbəttə, buradakı imkanların yaratdığı güvəndən irəli gəlirdi ki, Əmir Teymur dövrünün ən diqqət cəlb edən, fəal cərəyanı olan hürufilərin də sığınacağı, ən çox fəaliyyət göstərdikləri yerlərdən biri Əlincə qalasının ətrafı idi. Hürufilik cərəyanının rəhbəri Fəzlullah Nəiminin məhz tutularaq Əlincəyə gətirilib edam etdirilməsi də heç təsadüfi deyildi və bu akt hürufiliyə bilavasitə ağır zərbə olaraq qiymətləndirilə bilər. Bu mənada Bayrək Quşçuoğlu yaradıcılığında bu yer-yurd adlarının doğma bir məskən olaraq çəkilməsi sənətkarın həyat və fəaliyyət coğrafiyasını təyin etmək baxımından diqqətəlayiqdir.

Bayrək Quşçuoğlunun dili çox sadə, əsl xalq dilində idi. Onun da şeirləri türk dilinin şeir-sənət dili olduğuna bayraq qaldırırdı. Hətta başqalarından bu böyük şairi fərqləndirən bir cəhət də var idi ki, o, türk dilinə daha böyük məhəbbət bəsləyir, onu hətta təkcə şeir-sənət dili olaraq deyil, Allahla bəndənin arasında danışılacaq ən müqəddəs dil olaraq da təqdim edirdi. Şair qətiyyətlə çıxış edirdi ki, türk dili Allahla insanın əhd-peyman dilidir. Buna görə də ibadətlərin türk dilində edilməsi daha məqsədəuyğundur. Yaradıcılığında ana dilinə üstünlük verən Quşçuoğlu hətta bəzi dini ayinlərin ana dilində icra olunmasının tərəfdarı kimi də çıxış etmişdir:

Əgər türki söylər olsam, düşər ərənlər beyninə,

Neçün sizə aci gəlir dadlı sözün həlavəti?

Münkir nədir, Quşçuoğluna deyə müsəvvət söyləmə!

Məgər deyə bilmərəm mən türki dildə müsəvvəti?!

Bayrək Quşçuoğlu haqqında araşdırma müəlliflərindən olan dosent Ramiz Qasımov “Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər” əsərində onun haqqında yazır: “...Ana dilinə hədsiz sevgi ilə yanaşan şair onu həm ədəbi, həm də dini baxımdan fikirlərin ən kamil ifadəçisi kimi tanıtdırır. Bayrək Quşçuoğlu özünün ana dilində yazılmış kamil əsərləri ilə ədəbi dilimizin inkişafına öz töhfələrini verən, ana dilinin ictimai fəallığına yaradıcılığında həssaslıqla yanaşan bir şəxsiyyət olaraq yadda qalır”.

Bayrək Quşçuoğlunun bədii yaradıcılığı əruz və heca vəznli şeirlərdən ibarətdir. Amma bu dövrlərdə, əlbəttə, heca vəzninin əruz vəzninə nisbətən daha fəal olduğu və ağırlıq təşkil etdiyini də qeyd edə bilərik. Ümumiyyətlə, haqqında bəhs olunan bu dönəmlər, yəni XIV – XVI əsrlər türk dilinin intibah dövrü hesab edilir. Əgər Qətran Təbrizi, Memar Əcəmi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi və başqaları İslam intibahının görkəmli azərbaycanlı nümayəndələri idilərsə, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Bayrək Quşçuoğlu, Məhəmməd Füzuli və başqaları Azərbaycan-türk intibahının ən ağır, görkəmli nümayəndələri idilər. Həm də bu görkəmli şəxsiyyətlərin bəziləri Nizami Gəncəvinin sələfləri, bəziləri isə onun xələfləri idilər.

Suay QASIMLI,
Naxçıvan şəhər 8 №li tam orta məktəbin IX sinif şagirdi

Ayşən QƏRİBLİ,
Naxçıvan şəhər 14 №li tam orta məktəbin X sinif şagirdi

AMEA Naxçıvan Bölməsi və Naxçıvan MR Təhsil Nazirliyinin “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları.

Layihənin rəhbəri: dosent Ramiz QASIMOV