06 may 2021 00:07
929

Torpaqlarımıza ayaq qoyacağımız günü səbirsizliklə gözləyirik - Həsən Ələkbərov

İşğaldan azad olunmuş ərazilərdə mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır”. Artıq, Azərbaycan üçün müharibə qurtarıb, bərpa-quruculuq işlərinə start verilib. Bu gün yeni yollar çəkilir, aeroportlar tikilir, «ağıllı kənd» və «ağıllı şəhər» layihələri reallaşdırılır.

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində YAP Zəngilan rayon təşkilatının  sədr müavini Həsən Ələkbərov bildirib.

Həsən Ələkbərov qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır. Hər səfərində də dövlət başçımızın Zəngilanda olması, orada  böyük layihələrin həyata keçirilməsi biz zəngilanlıları sevindirməklə yanaşı, həm də üzərimizə böyük məsuliyyət qoyur. Azad olunmuş rayonların çox böyük iqtisadi potensialı var. Məsələn, Zəngilanın 75.800 hektar torpaq fondu var idi ki, onun 35 min 700 hektarı əkinə yararlı idi. Rayonda  əsasən üzümçülük, taxılçılıq, tütünçülük, ipəkçilik və heyvandarlıq çox gözəl inkişaf etmişdi. Zəngilanın çox gözəl təbiəti var. Bizim rayonumuzun Çinar meşələrini dünya ilə bir şöhrəti var. Gözəl şəfalı, müalicəvi suları qotur su, turş su və şüküratas yaylağındakı suyun böyrək üçün çox böyük faydası  var. Biz zəngilanlılar inanırıq ki, möhtərəm Prezidentimizin göstərdiyi səylərin nəticəsində rayonumuz əvvəlkindən də gözəl olacaq.  2016-cı ildə Lələ-təpə erməni işğalçılarından təmizlənəndə əlimiz göydə yalvarırdıq ki, İlahi lütf etsin bir-iki kəndimizdə əlavə alınsın.  Bu günə şükür. Sevincimizin həddi-hüdudu yoxdur. Torpaqlarımıza ayaq qoyacağımız günü səbirsizliklə gözləyirik.

H.Ələkbərov qeyd edib ki, Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci «ağıllı kənd» layihəsinin təməlini qoydu. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, «ağıllı kənd» təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Zəngilanda təməli qoyulan hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Həmçinin səfər zamanı təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Belə ki, yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Horadizdən Zəngilanın Ağbənd qəsəbəsinə qədər yeni dəmir yolu da çəkiləcək. Daha sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Göründüyü kimi, bütün nəqliyyat layihələri Zəngəzur dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardır. Azad edilmiş rayonlarda qısa müddət ərzində yol infrastrukturunun qurulması olduqca əhəmiyyətlidir və bu cür layihələrin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır”.

H.Ələkbərov diqqətə çatdırıb ki, Ermənistan bu gün də cinayətkar əməllərindən əl çəkmir.  Üçtərəfli Bəyanatın imzalanmasından aylar keçməsinə baxmayaraq Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minaların xəritəsini təqdim etməkdən boyun qaçırır. Bu hərbi cinayətdir. Bildiyimiz kimi, minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və bu ərazilərin minalanması erməni hərbçiləri tərəfindən 30 il ərzində aparılıb. Ermənilər nə qədər də inkar etsələr də hər kəs yaxşı başa düşür ki, minalanmış ərazilərin xəritələri mövcuddur. Çünki, xəritə mövcud olmasaydı, bu illər ərzində özləri də minalara düşərdilər.

Ancaq ataların da bir yaxşı sözü var: «Gen qaz, dərin qaz axırda özün düşəcəksən». 

Şəmsiyyə Əliqızı, «İki sahil»