19 may 2021 14:59
1973

"Azəriqaz"da müştəri məmnuniyyətinin qazanılması prioritet məsələdir

İdarəçilikdə innovativ təşəbbüslərə açıqlıq, səmimiyyət mühitinin formalaşması,  şəffaflıqın təmini uğurların təməl prinsipidir

Təbii qaz- «mavi yanacaq» insanların məişət firavanlığında ən öndə gəlir. İndi insanlar açıq şəkildə bildirirlər ki, təbii qazın məişətdəki rahatlığını nə elektrik sobaları, nə dəki digər vasitələr əvəz edə bilməz. Düzdür, bu, nə qədər rahatlıq və firavanlıq gətirirsə, onun təhlükəliliyi də bir o qədər yüksəkdir. Çünki təbii qazın həm «ölüsü», həm «dirisi» insan həyatı üçün çox təhlükəli hesab edilir. Ancaq onu peşəkarcasına ram edəndə, ondan səmərəli şəkildə istifadə edəndə bu, yalnız insanların məişət firavanlığına xidmət etmiş olur.

Bu gün artıq  ölkəmizin qaz təsərrüfatı ötən illərin geridə qalmış, bərbad, dağınıq təsərrüfatı deyil. Bu gün SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi  (İB) son illərin innovativ inkişaf mexanizmini yarada bilib. Birlik qaz qəbulu mərhələsində və onun paylanılmasında müasir avadanlıqların tətbiqinə geniş yer verib. Məhz bunun nəticəsidir ki, «Azəriqaz» İstehsalat Birliyi abonentlərin təbii qazla təminatında fasiləsizliyi, dayanıqlılığı və təhlükəsizliyi normal şəkildə təmin edə bilib.

Digər əsas məsələ isə təbii qazın itki faizinin minimuma endirilməsidir ki, bu önəmli nəticəyə hər il daha səmərəli şəkildə nail olunur. Eyni zamanda, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin «Azəriqaz» İB- nin maddi -texniki bazasını daim zənginləşdirmək barəsindəki göstəriş və tapşırıqları işin daha uğurlu alınmasına yardım edir. 

Bir sözlə, bu gün hər bir abonentin məmnunluğu və onların təhlükəsiz, texnoloji parametrlərə uyğun qazla təminatı İB-nin əsas məqsədidir. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir.

Hazırda təbii qazın təminatındakı dayanıqlığın saxlanması müəyyən texniki işlərin aparılmasını tələb edir. Bu gün Birlik dairəvi sistemlə qaz təchizatının həyata keçirilməsi üzərində iş aparır. Bu, bir çox problemləri, o cümlədən təmir-tikinti zamanı qaz verilişinin dayandırılmasına zərurət yarandığı halda daha az abonentin qaz təminatındakı fasilələrlə üzləşməsinə imkan verəcək. 2021-ci ildə bu sahədə nəzərdə tutulan işlərin həyata keçirilməsi əsas prioritetdir.

Məhz görülən səmərəli işlərin nəticəsidir ki, ötən ilin sonunda «Caspian European Club»da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan «Caspian Business Award – 2019» mükafatlarının təqdimetmə mərasimi zamanı «Azəriqaz» İstehsalat Birliyi «Müasir istehsalat metodlarının tətbiqinə görə» nominasiyasında «İlin şirkəti» mükafatına layiq görüldü və bu mükafat «Azəriqaz» İB-nin baş direktoru Ruslan Əliyevə təqdim olundu. Bu isə İB kollektivinin müasirliyə açıq olmasının, innovativ təşəbbüslərə daha geniş yer verməsinin nəticəsi kimi dəyərləndirilir. 

Müştərilərin məmnuniyyətini qazanmağın digər çox mühüm prinsipi isə abonentlərin qaz təsərrüfatı ilə bağlı problemlərinin dərhal və səmərəli şəkildə həllinə yardım edən «Azriqaz» İB-in rəhbərliyi ilə abonentin sosial şəbəkələr vasitəsi ilə birbaşa canlı ünsiyyətdə olması və problemin rəhbərliyin diqqətinə şəxsən çatdırılmasıdır. Hər həftənin müvafiq günlərində İB-nin baş direktoru Ruslan Əliyev özünün «facebook» səhifəsində abonentlərin suallarını cavablandırır və onların qaz təsərrüfatı ilə bağlı problemlərinin həllinə nail olmağa çalışır.

Sosial şəbəkə üzrə mütəxxəsislərin qiymətləndirmələrinə və keçirilən ictimai rəy sorğularına görə məhz bu innovativ idarəetmə prinsipi üzrə  «Azəriqaz» İB  ölkə üzrə ən nümunəvi dövlət qurumu hesab edilib. Xüsusilə Birliyin rəhbəri sosial şəbəkələrdəki aktiv fəaliyyəti yüksək qiymətləndirilib.    

Digər çox önəmli məsələ isə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq «Azəriqaz» İB-nin rəhbərliyinin regionlarda əhali ilə görüşlərinin keçirilməsi və onların problemlərinin həllinə nail olunmasıdır. Pandemiya dövründən əvvəl bu istiqamətdə «Azəriqaz» İB-nin baş direktoru Ruslan Əliyev xeyli görüşlər keçirib. Təbii ki, bu görüşlər inzibati- bürokratik amillərin geridə buraxılmasına, vətəndaşlarla canlı ünsiyyətə-onların problemlərinin həllinə operativ yanaşmasına ciddi kömək etdi.

Pandemiya dövründə isə abonentlərin problemlərinin həllinə daha ciddi şəkildə və səmərəli qaydada yanaşıldı. Belə ki, hər bir abonentin şikayət və iradları, təklif və təşəbbüsləri İB-nin peşəkar əməkdaşları tərəfindən vaxtında dəyərləndirilib və həllinə nail olunub. «Azəriqaz» İB-nin rəhbərliyinin göstərişi ilə nəinki Birliyə rəsmi şəkildə müraciət edənlərin, hətta mətbuatda, sosial şəbəkələrdə abonentlərin təbii qaz təchizatı ilə bağlı problemləri aşkar olduqda onların yerində və dərhal həlli reallaşıb.   

«Azəriqaz» İB-də önəm verilən çox mühüm məsələlərdən biri də  əməyin təhlükəsizliyinin və insan amilinin yüksək dəyərləndirilməsidir. Qaz təsərrüfatında əməyin təhlükəsizliyinə dair İSO  beynəlxalq standartların bir çoxunu əldə edən Birlik fəaliyyətini həmin standartlara uyğun qurur. Eyni zamanda, insan amili məsələsi Birlikdə bütün məsələlərin önündə gəlir. Buraya insanlara yaradılan müasir iş şəraiti, onların sosial problemlərinin həllinin diqqətdə saxlanılması və s. daxildir.  

Burada çox önəmli məsələ isə abonentlərin problemlərinin həllinə İB-nin rəhbərliyinin şəxsən nəzarət etməsi və vətəndaşlarla rəftarın səmimi, qarşılıqlı hörmət səviyyəsində həyata keçirilməsini tövsiyə etməsidir. Necə deyərlər, idarəçilikdəki rəsmiyyətdən öncə gələn ən mühüm məsələ səmimiyyətdir. İnsanlara məhz səmimiyyətlə xidmət edəndə işin uğuru və nəticəsi daha effektiv alınır. 

Müştərilərin  məmnuniyyətini qazanmaqla kifayətlənməyən Birlik rəhbərliyi, eyni zamanda, sosial -humanitar aksiyalarda da fəal iştirak edir. Belə ki, Ramazan və Qurban bayramlarında aztəminatlı ailələrin qaz çəkilişlərini Birlik öz hesabına həyata keçirib. Qarabağ qaziləri, şəhid ailələri, əlillər və digər imtiyazlı kateqoriyadan olan insanlar daim Birlik rəhbərliyinin diqqətindədir. Təbii ki, bu kimi dəyərli işlər dövlətimizin başçısı cənab İlham Əliyevin  sosial siyasətinin tərkib hissəsidir. Ona görə də bu siyasətə sadiqlik nümunəsi  kimi vətəndaşların xidmətində olmaq İstehsalat Birliyinin əsas vəzifəsidir.

Ruslan Əliyevin sözlərinə görə, bütün bu yeniliklər və uğurlu işlər  Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur.  Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşmanın sürətlənməsi və qısa müddətdə bütün ölkə üzrə başa çatması  Azərbaycan dövlətinin və onun başçısı cənab İlham Əliyevin öz vətəndaşına sosial dəstəyidir.

Elçin Zaman, «İki sahil»