26 may 2021 17:26
1258

Egey bölgəsinin ən böyük sənaye müəssisələri: Star NEZ birinci, "Petkim" isə üçüncüdür/FOTO

“Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisələrindən olan Star Neft Emalı Zavodu (NEZ) və "Petkim" Egey Bölgəsi Sənaye Palatasının (EBSO) elan etdiyi “Egey Bölgəsinin Ən Böyük 100 Sənaye Müəssisəsi” siyahısında ilk üçlükdə yer alıb.

Bölgədə fəaliyyət göstərən sənaye müəssisələrinin 2020-ci il üzrə  istehsal həcmi və satış göstəricilərinin qiymətləndirilməsinə əsasən hazırlanmış siyahıda birinci yerə Star NEZ layiq görülüb. 2020-ci ildə 10.3 milyon ton istehsal və 24 milyard TL-lik ümumi satış həcmi ilə Egey bölgəsinin ən böyük sənaye müəssisələri arasında ən yüksək nəticə göstərən Star NEZ  yarandığı gündən bu vaxta kimi davamlı inkişaf dinamikasına nail olub. Ötən il 10,3 milyon ton xam neft emalı həcmi ilə Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25%-ni təkbaşına təmin etmiş Star NEZ-in çətin pandemiya şəraitində göstərdiyi uğurlu fəaliyyəti diqqətdən yayınmayıb. 

İldə 3,6 milyon ton istehsal gücü ilə 15 əsas və 6 köməkçi müəssisədə 60-a yaxın müxtəlif məhsulun istehsalını həyata keçirən Petkim isə həmin siyahıda 3-cü yerdə qərarlaşıb. Pandemiya nəticəsində qlobal tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq 2020-ci il boyunca istehsal prosesini fasiləsiz davam etdirmiş Petkim dünyada bir çox neft-kimya müəssisələrinin istehsalı azaltmaq və ya dayandırmaq məcburiyyətində qaldığı bir dövrdə istehsal aktivliyini 88%-ə çatdıraraq mühüm göstəricilərə nail olub.

Star NEZ-in və “Petkim”in uğurlarını dəyərləndirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və Petkim-in baş direktoru Anar Məmmədov deyib ki, ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı ölkədəki cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi məhsulların da istehsalını həyata keçirən  Star NEZ daxili bazara təklif etdiyi strateji məhsullar sayəsində Türkiyə iqtisadiyyatına mühüm töhfə verir: “Fəaliyyətə başladığı 2018-ci ildən qısa müddət keçməsinə baxmayaraq zavodun ilk dəfə iştirak etdiyi bu qiymətlədirmədə Egey bölgəsinin ən böyük sənaye müəssisələri arasında 1-ci yerə layiq görülməsi bizi çox sevindirir. Eyni zamanda digər törəmə  şirkətimiz olan “Petkim”in də həmin siyahıda  ilk üçlükdə yer alması qürurvericidir. Türkiyə sənayesinin strateji sahələrində uğurla fəaliyyət göstərən iki nəhəng müəssisəmizlə istehsal gücümüzü göstərməyə və ölkə iqtisadiyyatına dəyərli töhfələr verməyə davam edəcəyik.”

Orxan Vahidoğlu, “İki sahil”