15 iyun 2021 09:11
3069

SOCAR-ın prezidenti neftçiləri təbrik edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Milli Qurtuluş günü münasibəti ilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi Milli Qurtuluş günü münasibəti ilə təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.

Azərbaycanın müstəqil dövlət kimi ötən əsrin sonlarından başlanan tərəqqi və inkişaf yolu Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə bu gün də inamla həyata keçirilən müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsidir. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıtdı, o zaman böyük təhlükələr qarşısında qalan dövlətimizi daxili hərc-mərclikdən, iqtisadi tənəzzüldən və xarici hərbi-siyasi təcavüzdən xilas etdi. Xalqımızın ümummilli liderinin müdrik qərarları və qətiyyətli addımları nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, cəbhədə atəşkəs elan olundu. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, müstəqilliyini əbədiləşdirməsi, regionun qüdrətli dövləti olması üçün ilk növbədə iqtisadiyyatın dirçəldilməsi və gücləndirilməsi istiqamətində taleyüklü layihələrə imza atıldı. Davamlı və dinamik inkişaf, əhalinin maddi rifah halının yaxşılaşdırılması, dünya birliyində qazanılan sarsılmaz nüfuz və möhkəm mövqe Azərbaycanın bugünkü misilsiz uğurlarının qarantına çevrildi. 

Bu il xalqımız Milli Qurtuluş gününü xüsusi sevinc və qürur hissi ilə bayram edir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı Böyük Qələbə ilə doğma Qarabağ torpaqları işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, soydaşlarımızın 30 illik Vətən həsrətinə son qoyulmuşdur. Bu möhtəşəm zəfər Ulu öndər Heydər Əliyevin gərgin səyləri sayəsində qurulan və bu gün Prezident İlham Əliyev cənablarının dönməz siyasi iradəsi ilə günü-gündən davamlı olaraq möhkəmləndirilən milli dövlətçiliyimizin qələbəsidir, xalqımızın sarsılmaz birliyinin, öz müdrik və uzaqgörən rəhbərinə bəslədiyi sonsuz inam və etimadın qələbəsidir.  Azərbaycan xalqı bu möhtəşəm zəfəri ona bəxş etmiş möhtərəm Prezidentimizə və onun müzəffər Ali Baş Komandanlığı altında canlarını sipər edərək düşməni Azərbaycan torpaqlarından qovub çıxarmış qəhrəman Ordumuza hədsiz minnətdardır. 

İctimai həyatın müxtəlif sahələrində qazanılan misilsiz sosial-iqtisadi inkişaf və tərəqqi, möhkəm siyasi və iqtisadi sabitlik cəmiyyətdə daha işıqlı gələcəyə dərin inam yaratmışdır. Ötən illərdə SOCAR uğurla həyata keçirdiyi regional və qlobal əhəmiyyətli neft-qaz layihələri ilə dünya enerji bazarında özünə layiqli yer tutmuş, beynəlxalq miqyasda çevik, rəqabət qabiliyyətli aparıcı şirkət kimi tanınmışdır. Qarşıda bizi yeni-yeni zirvələr gözləyir. Ölkəmizin ictimai həyatında həmişə fəal rol oynamış neftçilər Vətənimizin iqtisadi qüdrətinin, enerji təhlükəsizliyinin daha da möhkəmlənməsi, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi üçün həyata keçirilən genişmiqyaslı işlərdə yaxından iştirak edəcəklər. Əminəm ki, qədim tarixə, şanlı ənənələrə malik qəhrəman neftçilərimiz indiyə qədər olduğu kimi, bundan sonra da dövlətimizin qarşıya qoyduğu bütün vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün əzmlə çalışacaq, ölkəmizin ümumi yüksəlişinə yeni-yeni töhfələr verəcəklər. 

 Əziz neftçilər!

 SOCAR ailəsinin hər bir üzvünü bir daha bu əziz bayram – Milli Qurtuluş günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, çətin və şərəfli işinizdə uğurlar arzulayıram.  

 

Hörmətlə, 

Rövnəq Abdullayev, 

SOCAR-ın prezidenti