24 iyun 2021 18:18
4273

 “Kompleks Qazma İşləri” Trestində Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO/VİDEO

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə SOCAR-ın “Kompleks Qazma İşləri” Trestində Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçular, qazilər o cümlədən şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

“Kompleks Qazma İşləri” Trestinin müdiri Elnur Süleymanov Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşmənin 30 ildə möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən E.Süleymanov hərbçilərimizin peşəkarlığının dünyanın ən qabaqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb.

Trestin müdiri Prezident İlham Əliyevin şəhid ailələrinə, qazi və veteranlara böyük diqqət və qayğı göstərdiyini, bundan sonra da cəmiyyətimiz, o cümlədən neftçilərimiz hər bir veteran və qazini narahat edən, onları maraqlandıran məsələ və problemlərin həllinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

“Kompleks Qazma İşləri” Trestinin ümumi məsələlər üzrə müdir müavini Faiq Hüseynov tədbir iştirakçılarını Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək qeyd edib ki, 44 günlük müharibədə isə xalqımızın qeyrətli oğulları müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardılar: “Bu müharibədə iştirak edən hər bir qazi, hər bir veteran bizim üçün əziz və dəyərlidir. Onları dəyərli edən isə Vətənimiz, xalqımız, bayrağımız uğrunda vuruşmalarıdır. Mən qazilərimiz, onların göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm. Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşdü, onunla bir yerdə oldu. Biz Ali Baş Komandanımızla fəxr edir, qürur duyuruq.”

Trestin istehsalat üzrə müdir müavini, I Qarabağ müharibəsi iştirakçısı Saday Allahverdiyev, Texniki şöbənin rəis müavini, I Qarabağ müharibəsi iştirakçısı Şəmiddin Cahandarov, Qazmaserviz İstehsalat Bölümünün Elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı Vüqar Rəhimov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı “Kompleks Qazma İşləri” Tresti ərazi ilk partiya təşkilatının sədri Vahid Quliyev Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açıblar, 30 illik işğala və həsrətə son qoyulduğu bildiriblər. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanıb. Hər zaman dövlətin onların yanında olduğunu bildirən natiqlər göstərdikləri şücatə görə hər bir Vətən Müharibəsində qələbəni bizlərə nəsib edən Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusunun hər bir üzvünə təşəkkür ediblər, Vətən uğrunda canlarından keçən oğullarımızın ruhları qarşısında baş əydiklərini vurğulayıblar.

“Kompleks Qazma İşləri” Trestinin HİK sədri Əhmədağa Əzizov Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıb.

Sonda Trestdə çalışan, II Qarabağ müharibəsinin iştirakçılarına SOCAR-ın Fəxri fərmanları, həmçinin Birinci Qarabağ müharibəsində əlil olmuş Trest əməkdaşlarına, I və II Qarabağ müharibəsində şəhid olmuş Vətən oğullarının ailə üzvlərinə “Kompleks Qazma İşləri” Tresti tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

Orxan Vahidoğlu,

Vüsal Cahanov (foto), “İki sahil”