25 iyun 2021 13:14
1617

“Avro-5” standartına cavab verən yanacaq məhsulları istehsal ediləcək - FOTO

“Heydər Əliyev adına Neft Emalı Zavodu üzrə dəyişikliklər haqqında məlumatlandırma” tədbiri keçirilib

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda “NEZ üzrə dəyişikliklər haqqında məlumatlandırma” tədbiri keçirilib. Tədbirdə SOCAR-ın Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov, “SOCAR Downstream”in baş direktoru Mustafa Mesut İlter və bu qurumları təmsil edən məsul rəhbər işçilər, o cümlədən zavodun 500 nəfər əməkdaşı iştirak edib.

Tədbirdə çıxış edən “SOCAR Downstream”in baş direktoru  Mustafa Mesut İlter Heydər Əliyev adına NEZ-in fəaliyyətinin optimallaşdırılması, istismar mükəmməlliyinə nail olunması və “Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası” layihəsinin idarə edilməsinin təkmilləşdirilməsi haqqında SOCAR-ın həmtəsisçiliyi ilə 27 dekabr 2019-cu ildə yaradılmış “SOCAR Downstream” tərəfindən son bir il yarım ərzində zavodun yenidənqurulması və modernizasiya çərçivəsində görülən işlərdən bəhs edib. İşlərin 76 %-nin yekunlaşdığını bildirən Mesut İlter zavodun yaxın illərdə Avropa standartları səviyyəsində istismar və idarə olunaraq günün tələblərinə uyğun neft məhsulları istehsal edəcəyini diqqətə çatdırıb. O, “dəyişiklik – yeni fürsətlərdir” deyərək, layihə çərçivəsində “İstismarın Mükəmməlliyi” proqramı, “Qabaqcıl təcrübənin tətbiqi və yeni fürsətlər” mövzuları haqqında məlumat verib.

Zavodun direktoru Bəxtiyar Məmmədov bildirib ki, Heydər Əliyev adına NEZ-in bu layihəsi Cənubi Qafqazın ən böyük investisiya qoyulan layihəsidir: “Bu gün “Avro-5” standartına cavab verən yanacaq məhsulları istehsalını təmin etmək məqsədi daşıyan modernizasiya və yenidənqurma layihəsi uğurla həyata keçirilir. Belə bir mürəkkəb iş şəraitində çalışmaq, əlbəttə ki, bizdən ikiqat diqqət və əzmkarlıq tələb edir. Zavodda davam edən islahat və dəyişikliklər fonunda şəffaflıq və ədalət prinsipini üstün tutaraq, hər bir işçininin problemlərini diqqətdə saxlayırıq. Əminəm ki, kollektiv ilə birgə  qarşımıza çıxan bütün çətinliklərin öhtəsindən gərərək, daha müasir zavod quracaq, ölkə iqtisadiyyatında uğurlara imza atacağıq.”

Zavodun keçmiş əməkdaşı, SOCAR Türkiyənin Əməliyyatların Koordinasiyası üzrə direktoru Elnur Məmmədli isə çıxışında “Star” neft emalı zavodundakı iş təcrübəsi, eləcə də yaxın gələcəkdə müasir iş şəraiti və digər məsələlər haqqında məlumat verib.

Tədbirdə Mustafa Mesut İlter və Bəxtiyar Məmmədov zavod əməkdaşlarının bir çox suallarını cavablandırıb və onları narahat edən məsələlərə aydınlıq gətiriblər.

Orxan Vahidoğlu, “İki sahil”