Ruslan Əliyev: «Bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələrdən öndəyik»
«Bu gün aparılan sürətli qazlaşmanın nəticəsidir ki, artıq ölkəmizdə qazlaşma səviyyəsi 96 faizi ötüb.»
Bu fikirləri SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev «İki sahil»ə bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təsdiq etdiyi «Regionların sosial-iqtisadi inkişafı üzrə» Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük uğurlar qazanılıb.
Ruslan Əliyev vurğulayıb ki, ötən bir neçə il ərzində əhalinin sosial- məişət firavanlığının yaxşılaşdırılması məqsədilə dövlət tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb: «Belə ki, son 3 il ərzində ümumən 260-dan çox kənd yeni qazlaşdırılmışdır. O cümlədən, sərhəd bölgələrində yerləşən yaşayış məntəqələrinin qazlaşdırlması xüsusi diqqət mərkəzində saxlanılmışdır. Sevindirici hadisədir ki, Cəbrayıl rayonunun işğaldan azad olunmuş və yenidən qurulmuş Cocuq Mərcanlı kəndi də ötən dövrdə təbii qazla təchiz olunmuşdur. Bununla yanaşı son 3 il ərzində Bakı şəhərində və regionlarda 90-dan artıq yeni yaşayış massivi qazlaşdırılmışdır. Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min daha da artaraq hal-hazırda 2 milyon 300 mini ötmüşdür. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində respublikada 6 min kilometrdən çox, o cümlədən Bakı şəhərinin yeni yaşayış massivlərində 600 kilometrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilmişdir. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötmüşdür.»
Ruslan Əliyev ölkəmizin sürətli qazlaşdırılması prosesinin müasir standartlara uyğun aparıldığını qeyd edərək demişdir: «Respublikamızda qazlaşma səviyyəsi və qazlaşma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olmuşdur. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 min kilometrdən artıq qaz xətti, o cümlədən Bakı şəhərində 370 kilometrə yaxın müxtəlif diametrli qaz xətləri yenidən qurulmuşdur. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalmış, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunmuşdur. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən «ASAN Xidmət» və «ASAN Kommunal» mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 keyfiyyətin idarəedilməsi sisteminin tətbiqi uğurla davam etdirilir. Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir. 2019-2021-ci illərdə «ASAN Kommunal» və «ASAN xidmət» mərkəzlərinə 800 mindən artıq daxil olan müraciətlər öz həllini tapmışdır.»
Qeyd edək ki, «Azəriqaz» İB rəhbərliyi üçün şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi də prioritet məsələdir. İB-in baş direktoru bu barədə deyib: « Şəhid ailələrinin və qazilərin yaşadıqları fərdi yaşayış evlərinin «Azəriqaz» İB-nin daxili imkanları hesabına qazladırılması işləri daim diqqətimizdədir.»
«Azəriqaz» İB üçün digər çox önəmli məsələ isə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İB-in rəhbərliyinin regionlarda əhali ilə görüşlərinin keçirilməsi və onların problemlərinin həllinə nail olunması idi. «Azəriqaz» İB-nin baş direktoru Ruslan Əliyev və müavinləri pandemiyadan əvvəl bu istiqamətdə xeyli görüşlər keçirib. Təbii ki, bu görüşlər inzibati-bürokratik amillərin geridə buraxılmasına, vətəndaşlarla canlı ünsiyyətə-onların problemlərinin həllinə operativ yanaşmasına xeyli kömək edib. Pandemiya dövründə isə abonentlərin problemlərinin həllinə yeni yanaşma tətbiq edilib. Bu barədə Ruslan Əliyev deyib: « Pandemiya dövründə abonentlərin problemlərinin həllinə daha ciddi və səmərəli qaydada yanaşılıb. Belə ki, hər bir abonentin şikayət və iradları, təklif və təşəbbüsləri İB-nin peşəkar əməkdaşları tərəfindən vaxtında dəyərləndirilib və həllinə nail olunub. Mənim göstərişimlə nəinki Birliyə rəsmi şəkildə müraciət edənlərin, hətta mətbuatda, sosial şəbəkələrdə abonentlərin təbii qaz təchizatı ilə bağlı problemləri aşkar olduqda onların yerində və dərhal həlli reallaşıb.»
İB-nin baş direktorunun sözlərinə görə, bütün bu yeniliklər və uğurlu işlər Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur. Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşmanın sürətlənməsi və qısa müddətdə bütün ölkə üzrə başa çatması Azərbaycan dövlətinin və onun rəhbəri cənab İlham Əliyevin öz vətəndaşına sosial dəstəyidir.
Elçin Zaman, «İki sahil»