SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yaranmasından 10 il ötür
“İki sahil” SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 10 illik fəaliyyəti ilə bağlı reportaj hazırlayıb.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov bildirib ki, 2011-ci il 30 iyun tarixində yaradılan idarə bir təlim mərkəzi ilə fəaliyyətə başlayıb: “Ölkədə yüksək peşəkar milli kadrların hazırlanması ilə əlaqədar SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 2011-ci il 30 iyun tarixli əmri ilə şirkətin birbaşa nəzdində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi yaradılıb. TTSİ-nin fəaliyyətinin əsasını təlim-tədris prosesində, həmçinin sertifikatlaşdırma sistemində yeniliklərin şirkətin müəssisələrində, eləcə də Azərbaycanın digər sənaye müəssisələrində tətbiq olunması təşkil edir. İdarə ayrı-ayrı peşələr üzrə yeni kadrların hazırlanması ilə yanaşı, 2-ci peşəyə yiyələnmə, yenidən hazırlanma, təlimatlandırma, maarifləndirmə və ixtisasartırma kurslarını da təşkil edir. Hazırda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzi - Kadr hazırlığının təşkili mərkəzi, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi, Qobustan regional təlim mərkəzi, Sumqayıt təlim-tədris mərkəzi, Qala təlim-tədris mərkəzi və Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi vasitəsilə təlim-tədris və sertifikatlaşdırma fəaliyyətini həyata keçirir. İdarə 10 illik fəaliyyəti çərçivəsində bir çox iri layihələrdə, o cümlədən “Şahdəniz-2” və “Qarabağ” yatağının işlənilməsi layihələrində də iştirak edib.”
F.Süleymanov qeyd edib ki, İdarə pandemiya dövründə də Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq fəaliyyətini davam etdirib. İdarə rəisi pandemiya dövründə təşkil edilən onlayn təlimlərin effektiv olduğunu və hazırda da davam edən təlim tədris prosesinin böyük bir hissəsinin distant formada təşkil edildiyini bildirib: “Qazanılan uğurlarda SOCAR rəhbərliyinin böyük dəstəyi və inamı rol oynayıb. Burada təşkil edilən kurslar beynəlxalq standartların tələblərinə uyğundur. İdarədə təhsil alan iştirakçılar üçün bütün şərait yaradılıb, infrastruktur yenilənib və yeni sinif otaqları qurulub”.
İdarə rəisi vurğulayıb ki, 2011-ci ildə fəaliyyətə başlayan idarənin hazırda beş təlim mərkəzi və 1 qaynaq mərkəzi ilə kadr hazırlığı işini uğurla həyata keçirir: “10 il ərzində uğurlarımız çox olub. Neft-qaz və neft-kimya sənayesində kadr potensialının möhkəmləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərən idarənin təlim mərkəzlərində bu günədək 120 minə yaxın dinləyici kurslarda iştirak edib. Bunun da 20 minə yaxını kənar müəssisələrə, 100 mini isə SOCAR-ın müəssisələrinə aiddir. Bir faktı da qeyd edib ki, kadr ehtiyacı tələbatı üçün birbaşa olaraq TTSİ ilə əməkdaşlıq edirlər. “Yeni fəhlə kadrlarının hazırlanması” proqramını başa vurmuş şagirdlərin sayı 2570 nəfər, kurslarda iştirak etmiş kənar müəssisələr və fiziki şəxslər üzrə dinləyicilərin sayı 14 min 873 nəfərdir. Bundan başqa əsas istiqamətlərdən biri də qaynaqçı hazırlığıdır ki, 9 minə yaxın qaynaqçı hazırlanaraq SOCAR və respublikanın digər sənaye müəssisələrində çalışırlar.”
Qeyd edək ki, TTSİ tərəfindən beynəlxalq standartların SOCAR-ın müvafiq strukturlarında çalışan kadrlara öyrədilməsi və ISO idarəetmə sistemlərinin müəssisələrdə qurulması və tətbiqi istiqamətində işlər görülür. Hazırkı dövrədək idarə tərəfindən SOCAR-ın 10-dan çox müəssisəsinin sertifikatlaşdırılmasına metodiki dəstək göstərilib.
Əldə edilən nailiyyətlərdə SOCAR rəhbərliyinin daim göstərdiyi diqqət və qayğının əhəmiyyətini qeyd edən F.Süleymanov buna görə təşəkkürünü ifadə edib, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kollektivinin bundan sonra da üzərinə düşən vəzifəni layiqincə, dövrün tələblərinə uyğun həyata keçirməyə çalışacağını bildirib: “Hədəfimiz böyükdür. Beynəlxalq sertifikatlı mütəxəssislərimiz var. Sevindirici haldır ki, bir neçə gün öncə, 10 illik yubiley ərəfəsində TTSİ qazma sahəsində təlimlərini uğurla davam etdirərək Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (İADC) tərəfindən təlim proqramı üzrə akkreditə edilib. Hansı ki, biz ilkin səviyyə üzrə qazmaçı hazırlayacağıq. Sentyabr ayında dördüncü səviyyə üzrə qazmaçı hazırlamağı qarşımıza hədəf qoymuşuq. Azərbaycanda yeganə sahədir ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində dalğıc hazırlığını həyata keçiririk. Bunun üçün Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasından (İMCA) beynəlxalq akreditasiyamız mövcuddur.”
Onu da bildirək ki, təlim mərkəzlərində təhsil almış şagirdlər arasında Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərindən gələn gənclər də var. Həmin gənclərə SOCAR rəhbərliyi tərəfindən xüsusi qayğı ilə yanaşılır və onlar təlim kurslarını başa vurduqdan sonra iş və ev ilə təmin olunurlar. Bu günədək ümumilikdə 113 nəfər uşaq evlərindən gələn gənc təlim mərkəzlərində təhsil almışdır ki, onlardan da 88 nəfəri TTSİ-nin 10 illik fəaliyyəti dövrünə təsadüf edir.
Orxan Vahidoğlu,
Samir Paşayev (foto), “İki sahil”