28 iyul 2021 20:32
1346

Ermənistanın populist xarici siyasəti yeni müharibəyə çağırışdır

Son günlər Ermənistan ordusuna aid diversiya-kəşfiyat qrupları Qarabağın işğaldan azad edilən bölgələrinə sızmaq üçün intensiv təşəbbüslər etməkdə, strateji önəmə sahib olan rayonlarda, xüsusilə də Kəlbəcərdə gərginliyi artıran təxribat-pozuculuq fəaliyyətləri həyata keçirməkdən çəkinməməkdədir. Sərhəddə yaşananlar, məğlub edilmiş Ermənistan ordusunun qalıqlarının hələ də Azərbaycan torpaqlarını tərk etmək istəməməsi və erməni siyasi liderlərinin Zəngəzur dəhliziylə bağlı açıqlamaları 10 Noyabrda imzalanan atəşkəs müqaviləsinin şərtlərinin pozulduğunu otaya qoyur.  Artıq Azərbaycan Müdafiyə Nazirliyi ayrı-ayrı vaxtlarda bir neçə belə kəşfiyyat-diversiya qrupunun üzvü olan erməni əsgərlərinin ölkə sərhədlərini qoruyan ordu birlikləri tərəfindən saxlanılaraq həbs edildiyi haqda məlumat yaymışdır. Unudulmamalıdır ki, regionda arzulanan normallaşma iqliminə, qalıcı sülhə zərbə vuran erməni revanşizminin dəstəklənməsi, siyasi xaos, suiqəsd qorxusuyla yaşayan Ermənistandakı daxili proseslərin təhlükəli xarakteri bütün bölgə üçün mənfi nəticələr doğura bilməkdədir.

Bu gün Ermənistanda kök salan müstəmləkə hüceyrələri, müstəqilliyin formal xarakter daşıması, ənənəvi terror siyasəti tərəfdarları və barışmazlıq meyillərinin güclü olması problemləri daha da artırmaqdadır. Bunun nəticəsidir ki, yekun sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistana ünvanlanan təkliflər hələ də cavabsız qalır. Ermənistan 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların bəzi müddəalarının icrasına birmənalı maneələr törədir. 10 noyabr tarixli üçtərəfli bəyanatda göstərilib ki, bütün hərbi əməliyyatlar dayandırılır. Bu, o deməkdir ki, hərbi əməliyyatla bilavasitə və dolayı bağlı olan təhdidlər aradan götürülməlidir. Lakin bu gün Ermənistan sülh müqaviləsini qəbul etməməklə yanaşı, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə müvafiq işləri görmək əvəzinə Ermənistanın hərbi-siyasi rəhbərliyi Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimini pozmağa cəhd edir, təxribatlar törətməklə bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan anlamalıdır ki, silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan ordusunun dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini davamlı atəşə tutması bu gərginliyi yeni irimiqyaslı savaşa çevrilməsi ilə nəticələnə bilər.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 28-də saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub: “Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

Göründüyü kimi, Azərbaycanın silahlı birləşmələri düşmənə layiqli cavab verib və hər zaman təcavüzkarı susdurmağa qadirdir. Ancaq ordusuna ölümcül zərbələr endirilmiş, kapitulyasiya aktına imza atan, iqtisadiyyatı tamamilə tənəzzülə uğrayan, müstəqil dövlət kimi hələ də formalaşmayan Ermənistan bütövlükdə regionda sülh proseslərinə ciddi təhlükə yaradır. Bu fonda uzun müddət yürütdüyü militarist, terror siyasətini davam etdirir. Hər bir halda bu cür düşmənçilik siyasəti Erənistan rəhbərliyi üçün heç bir müsbət nəticə verə bilməz. Bunu ermənilər özləri də etiraf edir. “Hayeli” nəşri bu xüsusda olduqca maraqlı məqama toxunub: “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüş barədə suala cavab verərkən bildirib ki, bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Moskva İlham Əliyevin qeyd olunan sözlərini təkzib etməyib, buna görə də səssizlik razılıq əlamətidir. Yəni, Kremldən, Rusiya XİN-dən ƏIiyevin sözlərini təkzib etmədilər, deməli Əliyevin dediyi həqiqətdir. Birincisi, Qarabağ məsələsində Bakı və Moskvanın mövqeləri üst-üstə düşür, Azərbaycan və Moskva Qarabağ münaqişəsini bitmiş hesab edir”.

Nəşrin yazdığına görə, sərhəd insidentləri nəticəsində Azərbaycana yaxın olan Ermənistan kəndləri boşalır. Kəlbəcər istiqamətində intensiv atışmalara görə Zod qızıl yatağının işçiləri təxliyə edilib. Yataqda hasilat işləri aparan “GeoProMining Gold” şirkətindən bildiriblər ki, “nizamsız atəş səsləri eşidilir”. Bu səbəbdən şirkət rəhbərliyi əməkdaşlarını təcili təxliyə etməyə qərar verib, 150 nəfərə yaxın işçi təxliyyə olunub. Bütün sərhəd zonasında ciddi narahatlıq hökm sürür və bu yerlər boşalır”.

Sevinc Azadi, “İki sahil”