03 avqust 2021 19:25
995

Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər

Azərbaycanda hüquqi dövlət var və bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdirlər. Deputat Eldəniz Səlimovla bağlı baş verən hadisə və törədilən əmələ görə hüququn dərhal tətbiq edilməsi də bunun bariz nümunəsidir.

Bunu "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycan Konstitusiyasına görə deputatların toxunulmazlığı var. Lakin bu o demək deyil ki, kiməsə münasibətdə cəzasızlıq ola bilər: “Sadəcə, bu zaman hüququn tətbiqi ilə bağlı müvafiq proseduralar var ki, onların işə düşməsi törədilən əmələ görə hüququn tətbiqinin önünü açır. Avqustun 2-də Milli Məclisin İntizam komissiyasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatının müzakirə olunaraq parlamentin plenar iclasına rəy verilməsi də əslində, bunu göstərir. Bu gün isə Milli Məclis Baş prokurorun təqdimatını əsaslı hesab edərək deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verdi. Bu isə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün qanuni əsas yaratmış oldu”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycanda heç kəs qanundan yüksək deyil. Tam əksinə qanun hamıya şamil edilən ümumi məcburi davranış qaydasıdır. Əslində, biz qanunun digər hallarda da uğurla tətbiq edildiyinə şahidlik edirik: “Korrupsiyaya qarşı mübarizə, vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə etmə kimi hallarda dərhal necə hüquqi cəza tədbirlərinin həyata keçirildiyini görürük. Bu isə cəmiyyətimizdə hüquq-mühafizə sistemimizə qarşı etimadı daha da artırır”.

Deputat qeyd edib ki, dövlətin ədalətini hamı görür. Hüquqi mədəniyyətimiz və hüquqi anlayışımız daha obyektiv əsaslarda formalaşır .