06 sentyabr 2021 23:57
1125

Qarabağın hava qapısı tarixi günlərini yaşayır

Sentyabrın 5-də Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi, eləcə də Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi Füzuli Beynəlxalq Hava Limanına eniş icra edib.

30 ilə yaxın müddətdə erməni vandalizminə məruz qalan tarixi diyarımız Qarabağın yenidən canlandırılması, dirçəldilməsi ümumxalq hərəkatına çevrilib. İşğaldan azad olunmuş ərzilərdə böyük quruculuq və bərpa işləri gündən-günə sürətlənir. Ölkəmizin başçısının işğaldan azad edilmiş torpaqlara hər səfəri yeni layihələrin reallaşması ilə yadda qalır. Qarabağa Böyük Qayıdış sürətlənir. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqram uğurla icra olunacaq, quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Prezident İlham Əliyev “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söyləyərək bir daha vurğulayıb: “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq”.

Tarixə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdən çox qısa müddət sonra Qarabağda sürətli yenidənqurma, tikinti və bərpa işlərinə başlanıldı. Hazırda bu ərazilərdə yeni yollar çəkilir, infrastruktur bərpa edilir. Zəngilanda, Laçında, Füzulidə beynəlxalq hava limanları inşa edilir. Bu hava limanlarının istismara verilməsi bölgənin hərtərəfli canlanmasında müstəsna əhəmiyyət kəsb edəcək. Artıq Füzuli Beynəlxalq Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolokasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə qülləsinin tikintisi başa çatmışdır. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur. Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatmışdır. Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilmişdir. Həmçinin Füzuli Beynəlxalq Hava Limanını Zəfər Yolu və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Həmin təyyarə “Qarabağ” adını daşıyır. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

Füzuli Beynəlxalq Hava Limanının belə qısa müddətdə, dünya standartlarına uyğun istifadəyə verilməsi nüfuzlu beynəlxalq nəşrlərin, tanınmış analitik və ekspertlərin də diqqətini cəlb edib. Məsələn, ABŞ-dan olan analitik, yazıçı və icmalçı Pol Qobl bildirb ki, Füzuli Beynəlxalq Hava Limanının açılışı bütün regionu birləşdirəcək. O deyib ki, nəqliyyat əlaqələrinin həyata keçirilməsi bu rayonu Azərbaycana yenidən inteqrasiya etməyə imkan verəcək. Onun sözlərinə görə, ən vacib fakt rəsmi Bakının bu hava limanının tikintisini həyata keçirdiyi vaxtla bağlıdır: “Bu, ölkənin Ermənistandan fərqli olaraq, bu cür layihələri həyata keçirmək üçün resurslara malik olduğunu göstərir”. Analitik vurğulayıb ki, bu, rəsmi Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirəcəyinin nümunəsidir.

Bundan başqa, ölkəmizin başçısının iştirakı ilə təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı gələcəkdə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı isə bütövlükdə Qarabağın, şərqi Zəngəzurun inkişafına böyük töhfələr verəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası respublikamızın hava nəqliyyatı baxımından tranzit ölkə kimi əhəmiyyətini artıracaq. 

Zahid Rza, “İki sahil”