14 sentyabr 2021 03:17
2448

"Üç Qardaş-2021": Dostluq və qardaşlığın növbəti təzahürü

Təlimlərdə Pakistanın dağlıq ərazilərdə, Türkiyənin terrorla mübarizədə, Azərbaycanın isə Vətən müharibəsində əldə etdiyi döyüş təcrübəsi qardaşlar arasında paylaşılacaq

Azərbaycanla Türkiyə və Pakistan arasında qarşılıqlı münasibətlər, səmərəli əməkdaşlıq hörmət və etimada əsaslanır. Hər zaman olduğu kimi, bu gün də hər üç qardaş və dost dövlət tərəfindən üçtərəfli formatda qurulan münasibətlər dinamik inkişaf edir, xalqlar arasında bağlılıq getdikcə möhkəmlənir. Qırx dörd günlük Vətən müharibəsinin gedişində Pakistan və Türkiyə tərəfindən Azərbaycana göstərilən mənəvi-siyasi dəstək də bunun bariz ifadəsidir. Hazırda Azərbaycan-Türkiyə-Pakistan münasibətləri özünün yeni inkişaf mərhələsinə daxil olub. Bu, Milli Məclis tərəfindən parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünün reallaşması, tarixi Bakı Bəyannaməsinin imzalanması ilə öz təsdiqini tapıb.

Ölkəmizin Türkiyə ilə qardaşlıq dostluq əlaqələri ilə yanaşı, tarixən formalaşan Azərbaycan– Pakistan əməkdaşlığı da daim diqqət çəkib. Təsadüfi deyildir ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biri olub. Eyni zamanda, bu dost və qardaş dövlət ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa sədrlik edib. Bu səbəbdəndir ki, bu gün də Pakistanın Azərbaycan və Türkiyə ilə birgə ittifaqda yer alması, 2 qardaş dövlətdən 3 qardaş dövlətə keçid formulunun tətbiqi düşmənlərimizi narahat edir. Türkiyə və Azərbaycanın keçirdiyi təlimlərdə Pakistan dəfələrlə müşahidəçi qismində iştirak edib və bu il çərçivəsində birgə təlimlərin keçirilməsi qardaşlığın növbəti təzahürü kimi qiymətləndirilir.

Məlum olduğu kimi, sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayıb. Sentyabrın 20-dək davam edəcək birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

Açılış mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev çıxış edərək Türkiyə və Pakistan xüsusi təyinatlılarının nümayədələrini Azərbaycanda görməkdən çox məmnun olduğunu bildirib: “Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir”.

Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaqdır. "Üç Qardaş – 2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaq.

Sevinc Azadi, “İki sahil”