KÖŞƏ

Zahid Rza

Fərari, xain Serjikin kişiliyi olsaydı…

09 oktyabr 2021 02:37
841

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Litva Respublikasına səfəri zamanı erməni diasporu ilə görüşdə söylədiyi “Erməni işğalı zamanı Şuşa bədbəxt və tutqun bir şəhər idi” sözlərini müxalifətçilərin etirazlarına cavab olaraq bir daha təkrar edib. N. Paşinyan, həmçinin Serj Sarkisyana işarə edərək bildirib ki, Baden-Baden şəhərinə daha çox sərmayə qoyulub, nəinki Şuşaya: “Nə qədər sərmayə qoyulmuşdu? Gəlin hesablayaq, Şuşaya nə qədər sərmayə qoyulub, Baden-Badenə nə qədər sərmayə qoyulub? Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa etməyək? Bu suallarla nə demək istəyirsiniz? Yoxsa sizə elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən orada yox idim, başqa insanlar da yox idi və heç kəs bilmirdi orada vəziyyət necə idi. Elə bil biz paralel reallıqlarda yaşayırıq. Dediklərim doğrudur”.

Hərbi-cinayətkar xuntanın rəhbəri Serj Sarkisyan Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı vaxtı aralarında qadınlar, uşaqlar və yaşlılar da olmaqla mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli müharibə cinayətləri törədib. Faşist xislətli bu şəxs 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımında birbaşa iştirak edib, üstəlik Xocalı soyqırımının Ermənistan silahlı qüvvələri tərəfindən törədilməsini utanmadan və böyük fəxrlə britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində etiraf edib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”.

Faşizmi təcavüzkar Ermənistanda, erməni cəmiyyətində hakim düşüncəyə çevirən, irqi ayrı-seçkiliyi dövlət siyasəti səviyyəsində təşviq edən S.Sarkisyan 20 ildən artıqdır Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faiz ərazisini hərbi işğal altında saxlayan, etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına qayıtmasına imkan verməyən, işğal olunmuş əraziləri yerlə-yeksən etmiş bir canidir. S.Sarkisyan bilavasitə kənd və şəhərlərin talan edilməsinə rəhbərlik edib. Nasist ruhlu bu cinayətkarın əməlləri yalnız Azərbaycana qarşı törətdikləri ilə məhdudlaşmır. S.Sarkisyanın Ermənistana rəhbərlik etdiyi dövrdə ölkədə insan haqları ilə bağlı vəziyyət bərbad hala düşüb. Bu ölkə dünyanın ən yoxsul ölkələrindən birinə çevrilib və ölkədəki çətin sosial-iqtisadi vəziyyət əhalinin kütləvi şəkildə Ermənistanı tərk etməsinə səbəb olub. Ötən il bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən S.Sarkisyana qarşı cinayət işi açılıb. O, xüsusilə böyük məbləğdə dövlət vəsaitlərinin israfı ilə bağlı cinayət işi üzrə ittiham olunur. Məhz bu antiinsani və cinayətkar əməllərinə görə qorxaq, cəsarətsiz, korrupsioner Serjik heç zaman kişilikdən, dürüstlükdən dəm vura bilməz.

Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman bildirib ki, Serj Sarkisyan ömrüboyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb: “Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır… Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən…”

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?