16 may 2018 15:17
1323

İlham Əliyev: Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq

Qarşıdakı dövrün prioritetlərini açıqlayan dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  Azərbaycan müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaq

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycanın möhkəm təməl üzərində  davamlı uğurlara imza atdığını önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizim bir çox ölkələrlə  bərabərhüquqlu, gözəl, konstruktiv münasibətlərimiz vardır. Biz prinsipial mövqeyimizdən heç vaxt  bir addım geri atmırıq. Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində  qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki,  həm beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq, eyni zamanda daxili problemləri, xüsusilə iqtisadi inkişafla bağlı  olan problemləri həll edək.” Ölkə Prezidenti prioritetləri açıqlayaraq bu bəyanatı da səsləndirmişdir ki, biz prinsipial mövqeyimizi  bundan sonra da  gücləndirəcəyik. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda  kifayət qədər imkanları vardır. Ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür.

Bu məqam da önə çəkilir ki,  Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi beynəlxalq münasibətlər sistemində artan  yeri və rolunun təsdiqidir. Bu uğurları şərtləndirən əsas amillərdən biri təbii ki,   ölkəmizin xarici siyasətinin prinsipiallığı və müstəqilliyidir. Cənab İlham Əliyev bildirir: “Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.” Əbəs yerə iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas kimi dəyərləndirilmir. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, o ölkə müstəqil siyasət həyata keçirir ki, iqtisadi siyasətində müstəqildir. Azərbaycanın adı bu sırada ön yerdə qeyd olunur. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır.  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr, irəli sürdüyü təşəbbüslər regional əməkdaşlığın  dərinləşməsinə xidmət göstərir.  Azərbaycan bu gün  bölgədə elə böyük rol oynayır ki,  maraqlarımız nəzərə alınmadan  heç bir təşəbbüs  irəli sürülə bilməz. Bu gün Azərbaycanın müxtəlif istiqamətləri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi də artan nüfuzundan qaynaqlanır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bütün dövrlər üçün aktuallığını saxlayan başqa dövlətlərin daxili işinə müdaxilə məsələsinin yolverilməz olduğuna diqqət yetirir və bu çağırışı edir: “Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada  müharibələr də az olar, anlaşılmazlıq da  azalar. Hər bir ölkə digər ölkəyə  hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də  hörmətlə yanaşmalıdır- həm  beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə.” Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin tənzimləməsində nümunəvi ölkəyə çevrilib. Ölkəmizdə  bütün dinlərin nümayəndələri bir ailə kimi, sülh, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Bir sözlə, Azərbaycanın tolerantlıq, mulitkulturalizm təcrübəsi digər ölkələrə nümunə göstərilir. 

Azərbaycanın nüfuzu əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının günbəgün artmasında da özünü göstərir. Birgə əməkdaşlıq, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması  qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Cənab İlham Əliyev bildirir: “Biz Azərbaycanda  çalışırıq ki,  yaşadığımız bölgədə  regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da  yaxşılaşsın, dinlərarası dialoq güclənsin.” Qeyd etdiyimiz kimi, təşəbbüsçüsü və iştirakçısı olduğu biri-birindən əhəmiyyətli layihələrlə həm iştirakçı, həm də dünya dövlətlərinin iqtisadi imkanlarının genişlənməsinə yol açan Azərbaycan, eyni zamanda xalqlar, dövlətlər arasında əlaqələrin inkişafında körpü rolunu oynayır. Məhz ölkəmizin artan nüfuzu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq birliyin dəstəyində də özünü qabarıq şəkildə büruzə verir.  Dövlətimizin başçısı İlham Əliyev  bildirir: “2003-2018-ci illərdə- 15 il ərzində bir çox beynəlxalq təşkilatlar - BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişə ilə bağlı bizim mövqeyimizi, ədaləti əks etdirən  qərar və qətnamələr qəbul etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız  beynəlxalq hüququn norma və  prinsipləri əsasında  öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir.”

Münaqişənin  həllində sülh variantına üstünlük verən ölkəmiz hərb yolunun da istisna edilmədiyini ən yüksək tribunalardan bəyan edir. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın ordu quruculuğuna yönəltdiyi diqqət və qayğı davamlılığı ilə diqqət çəkir.  Azərbaycan Ordusu öz gücünü, qüdrətini 2016-cı ilin aprel döyüşlərində bir daha nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyev  yubiley tədbirində diqqəti ordumuzun aprel döyüşlərində  Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğaldan azad etdiyinə, doğma torpaqlarımızda bu gün  Azərbaycan bayrağının dalğalanmasına yönəldərək bu əminliyi ifadə etmişdir ki,  gün gələcək bayrağımız işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq.

Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq dəstəyin rolu daim önə çəkilir, bu və ya digər təşkilatların reallığı özündə əks etdirən  qərar və qətnamələrinə  diqqət yönəldilir.   BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı  qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 1992-ci ildə məsələnin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər- Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Dünyanın iri dövlətlərinin bu günə qədər işğalçını adı ilə çağırmaqdan imtina etməsi, buna “problemin həllinə mane ola bilər” adı altında bəraət qazandırmağa çalışmaları ikili siyasətin əsas göstəricisidir ki, bu məsələ rəsmi Bakı tərəfindən daim bəyan edilir. Problemin həllinin bu günədək uzanmasında bu yanaşmanın rolu inkaredilməzdir. 25 ildən artıqdır ki, işğalçı adı ilə çağrılmır, amma vasitəçilik missiyasından irəli gələrək  ədalətli mövqe nümayiş etdirəcəkləri bildirilir. Bunu nə dərəcədə  normal qəbul etmək olar sual doğurur. Məhz işğalçı dövlətə bu və ya digər adlar altında maddi və mənəvi dəstəyin göstərilməsinin nəticəsidir ki, daha böyük iddialarla yaşayır, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası barədə düşünmür. Bu, illərdən bəri davam edən ikili siyasətin, ən əsası işğalçı dövlətin başına sığal çəkmələrin nəticəsidir. Ermənistanda son olayların, yeni hakimiyyətin məsələnin həllinə nə kimi təsir göstərəcəyi geniş təhlil olunsa da, müstəqilliyi formal xarakter daşıyan bir ölkənin mövqeyində müstəqil olacağını düşünmək sadəlövhlük olar.

Hər zaman qeyd olunduğu kimi, münaqişənin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin uzanmasına öz təsirini göstərir. Hər bir dövlət öz maraqlarından çıxış edir, ən əsası Ermənistan ona göstərilən maddi və mənəvi dəstəkdən daha da ruhlanaraq günbəgün ərköyünləşir. Lakin nə bu ərköyünlüklər, nə də dünyanın ikili siyasəti  ölkəmizin  möhkəmlənən mövqeyinə,  inkişafına  təsir etmək imkanındadır. Azərbaycan müharibə şəraitində yaşasa da, bütün sahələrdə davamlı uğurları, ən əsası inkişaf modeli ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyev yuxarıda qeyd etdiyimiz tədbirdə məhz uğurlarımıza söykənərək bu inamı ifadə etmişdir ki, biz bundan sonra da  həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik. Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Ölkə Prezidentinin Sərəncamı ilə cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi məhz tarixi paralellər fonunda ölkəmizin müstəqillik tarixində ayrı-ayrı sahələrdə əldə etdiyi uğurlara diqqət yetirməyi, ümumilikdə  müstəqil siyasətin hər bir ölkənin həyatında nə kimi rol oynadığını geniş təhlil etməyi bir tələbə çevirir. Bu gün Azərbaycanın iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınmasında,  ideal məkan kimi qəbul olunmasında da bu amilin rolu inkaredilməzdir. Günbəgün möhkəmlənən mövqeyimiz, ordumuzun artan qüdrəti yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllini yaxınlaşdırır.

Yeganə Əliyeva, “İki sahil”