KÖŞƏ

Zahid Rza

İqtidar-müxalifət dialoqu xeyir və şər kontekstində

11 noyabr 2021 00:57
745

AXCP, “Milli Şura” və onların girovuna çevrilən Müsavat Partiyasının “başbilənləri” nədən ölkədəki  siyasi dialoqa qarşı çıxırlar?

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında bildirib ki, ölkədə bütün fundamental hüquqlar təmin edilir: “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən, ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”.

Sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan respublikamızda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən biridir. Bu istiqamətdə demək olar ki, bütün potensiallar səfərbər edilib. Xüsusi ilə vurğulamaq lazımdır ki, bu sahədə görülən işlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, respublikamızda mövcud siyasi dialoqun məntiqi nəticəsi kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin respublikamıza qarşı genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin parlaq nümunəsidir. Bundan əvvəl bu il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar ölkədə fəaliyyət göstərən 43 siyasi partiya sədri Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna dəstək bəyanatı imzalamışdılar. Bu və digər bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmişdilər. Həmçinin 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu möhtəşəm Qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirmişdilər.

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı ölkəmizin başçısının dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında dialoq mövcuddur. Təbii ki, söhbət iqtidar-müxalifət dialoqundan gedir. Çox təəssüf ki, bəzi xarici anti-Azərbaycan dairələrlə yanaşı, ölkə daxilində də bu dialoqa hər vəchlə mane olan qüvvələr var. Bunlar dağıdıcı müxalifət düşərgəsində təmsil olunan AXCP, “Milli Şura” və onların girovuna çevrilən Müsavat Partiyasıdır. Antimilli ünsürlərin yuvasına çevrilən bu təşkilatların başbilənləri Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və onların ətrafındakı tör-töküntülər cəmiyyətdə siyasi qarşıdurma, pozuculuq, bölücülük, intriqa və təfriqələr yaratmaq üçün ən çirkin vasitələrə əl ataraq hazırda intensiv və yüksək səviyyədə olan iqtidar-müxalifət dialoquna qarşı qara piar kampaniyası aparır, əsassız iddiaları, müxtəlif bəhanələri, məkrli planları, oyunbazlıqları ilə bu prosesə kölgə salmaq üçün min bir oyundan çıxırlar. Nə baş verir? Dialoq nədir? Təbii ki, tərəflər arasında mübahisəli məsələlərin danışıqlar, müzakirələr, qarşılıqlı razılaşmalar yolu ilə həll edilməsi. O zaman dağıdıcı müxalifətin “lidercikləri” nədən siyasi dialoqdan qaçırlar?

Şübhəsiz, şəxsi ambisiyaları və maraqları naminə milli mənafeləri ayaqlar altına atan antimilli qüvvələr əslində bütün bunları bilərəkdən edirlər. Belə ki, onlar xaricdəki ağalarının yardımı, qrantları və sifarişləri ilə siyasi dialoqa mane olmağa cəhd göstərməklə respublikamızdakı mövcud milli birliyə və siyasi həmrəyliyə zərbə vurmağa çalışırlar. Onların başlıca məqsədi cəmiyyəti xaos və anarxiya girdabına sürükləmək, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Bütün bunlar əbəsdir. Bu marginalların bütün cəhdləri iflasa uğrayacaq, güclü, qüdrətli, qalib Azərbaycan öz yolu ilə inamla irəliləyəcək. Özünü cəmiyyətdən təcrid edən, dövlətə, dövlətçiliyə müxalifətçilik edən bu qüvvələr unutmamalıdırlar ki, həmişə işıq qaranlığa, xeyir isə şərə qalib gəlib…

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?