KÖŞƏ

Zahid Rza

Vaxt daralır, zaman Ermənistanın əleyhinə işləyir…

16 noyabr 2021 01:58
1222

Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr ermənilərin əsl xislətini və simasını bir daha ortaya qoydu. Bütün bunlar onu göstərir ki, İkinci Qarabağ müharibəsində rüsvayçı şəkildə məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan terror-təxribat əməllərini düşünülmüş şəkildə həyata keçirir. Bir neçə gün bundan əvvəl də Ermənistan tərəfinin dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribat törətmək cəhdi iflasa uğramışdı. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutmuşdu. Həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.

Bu kimi təxribatların fonunda noyabrın 7-də Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçməklə Xankəndiyə gəlməsi, “hərbi hissələrdəki” əsgərlərə medal paylaması isə Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatının bəndlərini pozmaqda davam etməsinin açıq-aşkar nümayiş idi. A.Karapetyanın səfərindən bir gün sonra erməni təxribatçılarının Şuşa ətrafına “boru təmir etmək” adı ilə yaxınlaşması cavabsız qalmadı. Belə ki, əsgərlərimiz dərhal erməni diversiya qrupunun bir üzvünü yerindəcə məhv etdi, digər 3 nəfəri isə ağır yaraladı. Nəticədə təxribatçı qrupun digər üzvləri ərazini dərhal tərk etməyə məcbur oldular.

Noyabrın 13-də erməni terrorçunun Azərbaycan və Rusiya əsgərlərinin olduğu Şuşa yaxınlığındakı posta qumbara atmasının ardınca Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyanın və Daşnaksütyun partiyasının ali orqanının nümayəndələrinin Xankəndiyə gələrək burada “silsilə görüşlər” keçirməsi bir daha təsdiq edir ki, düşmən tərəfi bilərəkdən vəziyyəti gərginləşdirir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi hərbi avantüraraları davam etdirməsi bir daha onu göstərir ki, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməkdə, iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Ermənistan regionda marağı olan havadarlarının dəstəyi ilə təxribatlar həyata keçirərək prosesləri uzatmaq, müəyyən dividendlər əldə etmək istəyir.

Şübhəsiz, bütün bu təxribatlar erməni tərəfinə baha başa gəlib. Azərbaycan Ordusu yenə erməniləri tərksilah edərək qovub. Ermənistan ordusu böyük vahimə və qorxu içindədir. Yenə də ordumuzun yaxınlaşması ilə qorxuya düşən düşmən təslim olmağa üstünlük verir. Bunu ermənilərin son təxribatları ilə bağlı yayılan videogörüntülər də təsdiq edir. Beləliklə, sərhəddə erməni hərbçilərinin dəfələrlə törətdiyi təxribatların nəticəsi olaraq, noyabrın 14-də Azərbaycan hərbçiləri ermənilərin postlarını ələ keçirib. Ermənilər silah-sursatlarını, texnikalarını ataraq ərazidən qaçıblar. Azərbaycan -Ermənistan sərhədində baş verənlər düşmən ölkədə ciddi təşvişə səbəb olub. Ermənistan parlamentində “Mənim şərəfim” partiyasını təmsil edən deputat Tiqran Abramyan bildirib ki, artıq gərginlik pik həddə çatıb və Ermənistan Müdafiə Nazirliyi bunu cəmiyyətdən gizlətməkdə çətinlik çəkir.

Göründüyü kimi, Ermənistan hakimiyyətinin revanşist əməlləri açıq-aşkar şəkildə ortadadır. Ancaq bütün bunlar əbəsdir. Ermənilərin bu məkrli oyunları, regionda davamlı sülhə, sabitliyə və əməkdaşlığa qarşı təhlükə törədən cəhdləri heç bir nəticə verməyəcək. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri erməni faşizminin bir daha baş qaldırmasına imkan verməyəcək. Buna görə də təcavüzkar Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Əgər Ermənistan hakimiyyəti revanşist, terrorçu əməllərinə, təxribatlarına son qoymasa, “Dəmir yumruq” yenidən işə düşəcək. Bu gerçəkliyi Ermənistanı gizlicə, əl altından qızışdıran, erməni terror və təxribatlarının bölgədə yenidən baş qaldırmasına bilərəkdən seyrçi qalan üçüncü qüvvələr də dərindən dərk etsələr, əlbəttə, daha yaxşı olardı.