KÖŞƏ

Zahid Rza

…Cəmil Həsənlinin “Dumanlı Albion” “səyahətinə” sözardı

25 noyabr 2021 22:29
1588

Qırx dörd günlük Vətən müharibəsində, o çətin və ağır vaxtlarda respublikamızın suverenliyi və ərazi bütövlüyü naminə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Bu dəmir yumruq sayəsində işğalçı Ermənistan ordusu darmadağın olundu, təcavüzkar ölkə kapitulyasiya aktına imza atdı, Qarabağ işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq, tikinti və abadlaşdırma işləri geniş vüsət alıb. Qarabağ yenidən qurulur, dirçəlir. İnsanların tezliklə öz doğma torpaqlarına qayıdışını təmin etmək üçün genişmiqyaslı tədbirlər görülür. Prezident İlham Əliyev regiona hər səfəri zamanı yeni inşa edilən obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak edir.

Azərbaycan ikinci Qarabağ savaşındakı tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Ölkəmizin başçısı bütün beynəlxalq tədbirlərdə, yüksək tribunalardan bəyan edir ki, bu gün yeni reallıqları qiymətləndirmək və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa nail olmaq üçün hamımızın birgə addımlar atmağımıza böyük ehtiyac var.

Hamımız yaxşı bilirik ki, Azərbaycan bu tarixi Qələbəni heç də asan qazanmayıb. Danılmaz həqiqətdir ki, bu tarixi Zəfərin təməlində ölkə başçısının son 18 il ərzində həyata keçirdiyi uğurlu xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və Azərbaycanın regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı. 

Təbii ki, bütün bunlar xalqımızı, dostlarımızı sevindirdiyi kimi, bədxahlarımızı, düşmənlərimizi ciddi narahat edir. Azərbaycanın tarixi Qələbəsini, 30 illik işğala son qoymasını və güclənməsini həzm edə bilməyən anti-Azərbaycan qüvvələr birləşərək ölkəmizə qarşı genişmiqyaslı qara piar kampaniyası aparırlar. Erməni lobbisi ilə sinxron fəaliyyətdə olan həmin dairələr  “sapı özümüzdən olan baltalar”ı, dağıdıcı müxalifətin simasız, xəyanətkar ünsürlərini- AXCP sədri Əli Kərimlini, onun eşikağası vəzifəsini “layiqincə” yerinə yetirən Milli Şura”nın sədri,  axır vaxtlar Londonda lövbər salan Cəmil Həsənlini, radikalların “qara donlu mələyi” olan Gültəkin Hacıbəylini, son zamanlar anti-Azərbaycan dairələrlə işbirliyini genişləndirən London İqtisad Məktəbində (LSE) işləyən Qubad İbadoğlunu da bu işə yaxından cəlb ediblər. Bu gün erməni lobbisi bəzi Qərb ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan mənəviyyatsız, əxlaqsız, cinayətkar ünsürləri və hazırda bütün dünyada qeyri-ciddi qurumlar kimi tanınan Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) və OCCPR-i (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya araşdırmaları layihəsi) qərəzli və sifarişlə işləyən təşkilatları da külli miqdarda maliyyə vəsaiti ilə ələ alaraq var gücü ilə Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə imicini korlamaq üçün ən çirkin vasitələrdən istifadə edir.

Məsələnin maraqlı tərəfi orasıdır ki, bir mərkəzdən idarə olunan məlum anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı çirkin fəaliyyətlərini həyata keçirmək üçün bu dəfə Böyük Britaniyanın paytaxtı London şəhərini mərkəz olaraq seçiblər. Bu, heç də təsadüfi deyil. “Milli Şura”nın sədri, dağıdıcı müxalifətin əsl siyasi karikatura personajı, siyasi saxtakarlıq nümunəsi olan, öz merkantil maraqlarını hər şeydən üstün tutmaqda Ə.Kərimlidən heç də geri qalmayan, bu mənada necə deyərlər, onun arxasına 10-15 təpik vuran C. Həsənlinin və onun bəzi əqidədaşlarının son zamanlar  “Dumanlı Albion”a əlcək atmasını, sosial şəbəkələrdə məkrli və saxtakarlıqla dolu çıxışlarını Azərbaycana qarşı yeni oyun və ssenarilərin yeni cizgiləri kimi nəzərdən keçirmək olar. Antimilli ünsürlərin ölkəmizin əleyhinə göstərdikləri fəaliyyətin ağırlıq mərkəzinin Londona daşınmasının xaricdəki ağalarının sifarişi və tapşırığı ilə baş tutması adi bir təsadüf deyil. Burada əsas məqsəd qırx dörd günlük Vətən müharibəsində haqq işimizə dəstək verən, bu gün də bütün təmaslarda regionda davamlı sülhün bərqərar olması üçün Azərbaycanla birgə işləmək niyyətini hər addımda ifadə edən Böyük Britaniya ilə münasibətlərimizə xələl gətirməkdir. Bu işlərdə ermənipərəst, Azərbaycan əleyhdarı ölkələrin xarici kəşfiyyat orqanlarının fəaliyyətini yaddan çıxarmaq olmaz. C.Həsənli, Q.İbadoğlu, G.Hacıbəyli kimilərin tez-tez bu ölkədən, o ölkəyə, o ölkədən bu ölkəyə “səyahətləri” bu şəxslərin ayrı-ayrı dairələr tərəfindən böyük həvəslə maliyyələşdirilib ortaya atanlarına, istifadə edilmələrinə şübhə yeri qoymur.

Şübhəsiz, bütün bunlar antimilli ünsürlərin fiaskosu ilə nəticələnəcək. O da bəllidir ki, bütün mənəvi-intellektual ehtiyatları tükənən, milli mənlik şüurunu və ləyaqət hissini itirərək cəmiyyətin autsayderinə çevrilən Ə.Kərimli-C.Həsənli cütlüyü, Q.İbadoğlu, G. Hacıbəyli kimilər, eləcə də “siyasi mühacir” adı ilə Qərbin bəzi ölkələrində məskunlaşaraq müxtəlif xarici dairələrin və erməni lobbisinin təsiri altında olan təşkilatların sifarişləri və maliyyəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan satqınlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Bir şey də var ki, bütün xəyanətkarlıq simaları ifşa edilən bu zümrənin üzvləri, xüsusilə də C.Həsənli kimilər deyəsən unudurlar ki, Vətənə, dövlətə, xalqa xidmətinə uyğun hər kəs haqq etdiyini alır. Həm də hərə öz müstəvisində: kimisi vətənpərvərliyinə, kimisə də xəyanətinə görə…