Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi Prezident İlham Əliyevdir
Bu gün ölkə və dünya mətbuatının əsas müzakirə mövzularından biri Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüşdür.
Üçtərəfli görüş bir çox məqamlarla yadda qaldı. Əsas olan budur ki, görüş bir daha Azərbaycanın qələbəsinin, Ermənistanın bundan sonra sülh müqaviləsindən yayına bilməyəcəyinin təsdiqi oldu. İstər üçtərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın nitqlərində, istərsə də görüşün sonunda imzalanan Bəyanatda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması kimi məsələlər xüsusi yer aldı. Nəzərə alaq ki, bu ilin 11 yanvar tarixində Moskvada keçirilən görüşdə də nəqliyyat və iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyəti həyata keçirmək üçün baş nazirlərin müavinləri səviyyəsində xüsusi İşçi Qrup yaradılmışdır. Ötən dövr ərzində bu qrup çərçivəsində dəfələrlə görüş və müzakirələr təşkil olunub. Noyabrın 26-da görüşün keçirilməsi onu deməyə əsas verir ki, İşçi Qrupun qeyd olunan istiqamətlər üzrə fəaliyyətində irəliləyişlər var.
Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi və Minsk qrupunun adı qeyd edilməyib
Bir məsələyə xüsusi olaraq diqqət çəkmək lazımdır ki, Soçi görüşündə imzalanan Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, artıq həm Dağlıq Qarabağ münaqişəsinin, həm də 1992-ci ildə problemin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma 28 illik fəaliyyəti dövründə missiyasının nədən ibarət olduğunu tam dərk etməyən, neytrallığı qorumayaraq Ermənistana dəstək funksiyasını yerinə yetirən, qısaca desək, fəaliyyətsiz Minsk qrupunun tarixdə qaldığını təsdiqləyir. Qeyd etdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətə başladıqları 1992-ci ildən hazırkı postmünaqişə dövrünədək yalnız nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab ediblər. Nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olardı? Xalqın səbri tükənməz deyildi.
Ulu öndər Heydər Əliyev artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyirdi. Bir qarış torpağımızı belə, düşmənə verməyəcəyimiz nəinki dövlət başçısının bəyanatlarında, eyni zamanda, xalqımızın Ali Baş Komandana ünvanladığı məktublarında da öz əksini tapırdı. Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarının nəticəsini gözlədi. Amma hər dəfə Ermənistana beynəlxalq dəstək gördükdə sərt münasibətini bildirsə də, bu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar. «Vasitəçi neytral olmalıdır» çağırışı rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı. Əgər işğalçı adı ilə çağırılmırsa, bu zaman vasitəçilik missiyasını yerinə yetirməyə ehtiyac yoxdur. O da məlumdur ki, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Dünyada cərəyan edən hər bir prosesə təsir etmək imkanına malik olan bu dövlətlər doğrudanmı işğalçı Ermənistana bu illər ərzində «gözün üstə qaşın var» demək imkanında olmadılar? Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları ilə göstərdiyi rəşadət bir çox məsələlərə aydınlıq gətirdi. Onu da qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar problemin hərbi yolla həllinin olmadığını qeyd edirdilər. Azərbaycanı yalanları ilə sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan həmin dövlətlər, qurumlar da bu gün bu düşüncələrinin nə qədər yanlış olduğunu gördülər. Ermənistanın baş naziri planlarını həyata keçirmək üçün sentyabrın 27-də hərbi təxribata başlayanda belə bir qarşılıq görəcəyini düşünmürdü. Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü. Ermənistan başına 30 ilə yaxın müddətdə çəkilən sığalın acı nəticələrini yaşadı. Azərbaycan Ordusu 44 gündə işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Aciz duruma düşən Paşinyanın Vətən müharibəsinin getdiyi 44 gündə üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadığını xatırlamaq kifayətdir. “Dağlıq Qarabağın müstəqilliyinin” tanınması üçün yalvarışlar etdi. Hansı ki, münaqişə tarixə qovuşduğu halda Fransa qondarma «Dağlıq Qarabağ respublikası»nın müstəqilliyinin tanınmasını gündəmə gətirməklə Ermənistana 30 il işğal dövründə olduğu kimi, müharibədən sonra da dəstəyini əsirgəmədiyini nümayiş etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Tarixi bilməyən, hər zaman dövlət başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi.
Bu etiraflar Soçi görüşündə, həmçinin görüşdən əvvəl Nikol Paşinyanın onlayn mətbuat konfransında da səsləndi. Bu baxımdan Vətən müharibəsi dövrünü qısa təhlilimiz səbəbsiz deyil. Soçi görüşünü 10 noyabr 2020-ci il tarixdə imzalanan kapitulyasiya aktının davamı kimi də dəyərləndirə bilərik. Ermənistan rəhbərliyi bir daha əmin oldu ki, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Amma müqayisəli təhlil aparsaq Vətən müharibəsi dövründə Nikol Paşinyan xalqını necə sərsəm fikirləri ilə aldadırdısa, Soçi görüşündən öncə də erməni ictimai rəyində mövqelərini gücləndirmək məqsədilə qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə olduğunu bildirirdi. O, sərsəm bəyanatları ilə kommunikasiya ilə bağlı problemlər yaratmaqda maraqlı olduğunu açıq-aşkar büruzə verirdi.
Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlər Zəngəzur dəhlizinin tezliklə reallaşacağından xəbər verir
Soçi görüşü tamamilə fərqli mənzərəni nümayiş etdirdi. Bu görüş 10 noyabr Bəyanatının imzalanmasından ötən bir ilin yekunu kimi də dəyərləndirilə bilər. Cənab İlham Əliyev bu bir ildə Bəyanatın müddəalarından irəli gələn vəzifələrin ölkəmiz tərəfindən yerinə yetirildiyini, Azərbaycan tərəfinin daim sülh müqaviləsini təklif etdiyini diqqətə çatdırdı, kommunikasiyaların açılmasının perspektivlərindən bəhs etdi.
Ümumilikdə Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir. Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin rolu böyükdür. Azərbaycanın güclənən mövqeyi görüşdə imzalanan Bəyanatın müddəalarında öz əksini tapıb. Rusiya Federasiyasının Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənnəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlər Zəngəzur dəhlizinin tezliklə reallaşacağından xəbər verir. Bakı və Moskva ümumi regional yanaşmaya malikdir. Dövlət başçıları arasında etibar, dostluq və qarşılıqlı anlaşma mövcuddur. Ümumilikdə, Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunun fonunda Nikol Paşinyanın cılız və riyakar addımları Moskvanı da qıcıqlandırır. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi Prezident İlham Əliyevdir. Cənab İlham Əliyev görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın rolunu yüksək dəyərləndirdi.
Düşünürük ki, Soçi görüşündə əldə olunan razılaşmalar Ermənistanın qısa müddətdə sülh müqaviləsini imzalamasını şərtləndirəcək ki, bu da öz növbəsində regionun həyatında yeni dövrün başlanmasına yol açacaq.
Yeganə Əliyeva, “İki sahil”