08 dekabr 2021 19:31
1225

Oğuz elinin Oğuz balası FOTO

Bapbalaca boyu var, dam dolusu toyu. Bilirəm bəlkə də başlıq bir qədər qulağa qəribə gəlir. Amma bu balaca dostumuzu görəndə və onun bu kiçicik ömür yolunda əldə etdiyi nailiyyətləri eşidəndə ağlıma ilk gələn sərlövhə elə bu oldu.

Sizləri daha yenicə tanıdığım və tanıdığım üçün də çox sevindiyim, qürur hissi keçirdiyim Oğuz balamızla tanış etmək istəyirəm.

Məmmədli Oğuz İlqar oğlu 24 iyun 2009-cu ildə Nuh babanın yurdu, Azərbaycan xalqının tarixinə adlarını qızıl hərflərlə yazdıran, neçə-neçə igid oğullar məskəni olan qədim Naxçıvan şəhərində anadan olub. Ailəsi onun daha kiçik yaşlarından çox ağıllı amma eyni zamanda da çevik bir uşaq olduğunu deyir. Oğuz 2014-cü ildə Naxçıvan şəhər C. Naxçıvanski adına 11 saylı tam orta məktəbin 1-ci sinfində təhsil almağa başlamışdır. İlk günlərdən məktəbdə ibtidai sinif müəlliminin və digər fənn müəllimlərinin sevgisini qazanmışdır. İstər çalışqanlığı, istərsə də davranış tərzi ilə yoldaşları tərəfindən də sevilmiş və rəğbətlə qarşılanmışdır Oğuz balamız. Ağır, təmkinli Oğuz sinfin nəinki oğlan eləcə də qız tərkibinin sevimlisi olmuşdur. Dərslərini yaxşı oxuyan Oğuz müxtəlif fənlərdən məktəb tərəfindən fəxri fərman və tərifnamələrə layiq görülmüşdür. Böyüklərə hörmət, kiçiklərə qayğı, yaşdaşlarına sevgi va sayğı ilə yanaşmışdır hər zaman Oğuz.

Bütün gözəl xarakterləri içərisində ən dəyərlisi isə mərhəmətli olmasıdır. O, ata, ana sevgisi və qayğısı ilə yanaşı  nənə, baba nəvazişi ilə böyüyüb. Balaca qəhrəmanımın ata-anası övladları haqqında danışmaqdan bir qədər çəkindilər. Bu da onların təvazökarlığından irəli gəldi, deyə düşünürəm. Onlar Oğuz haqqında nənə-babanın danışmasına üstünlük verdilər. Əlbəttə ki, nəvələr hər zaman nənə-babaların sevimlisi olurlar. Onlar haqqında ancaq xoş sözlər söyləyirlər. Lakin bu ailədə ab-hava cox fərqli idi. Münasibətlər o qədər səmimi idi ki, zamanın bitməsini istəmirdim. Oğuzun babası Lətif bəy, nənəsi Güllər xanım onun haqqında danışarkən sanki gözlərindən qucaq dolusu sevgi töküləcək kimi hiss edirdim. Onlar evin son beşiyinin də böyük qardaşı İlkin kimi təmkinli, ağıllı, mehriban, salamlı-sabahlı olduğunu vurğuladılar. Hər səhər məktəbə gedərkən necə ailə üzvləri ilə qucaqlaşıb ayrılırsa, evə dönərkən də sanki uzun bir ayrılıqdan sonra görüşürmüş kimi  sarılır Oğuz sevdiklərinə.  Onun bir dəfə də olsun böyüklərinin üzünə ağ olması kimi bir hərəkəti olmayıb dedilər. Babanın ağlımda həkk olunan “mənim balam haqqında nə qədər gözəl sözlər varsa keçərlidir” cümləsi oldu. Bu qədər sevgi, sayqı dolu ailədə ancaq elə Oğuz kimi övlad böyüməli idi. Bəlkə elə bu üzdən də çox mərhəmətli, yumşaq xarakterlidir. Amma bu keyfiyyətləri onun kifayət qədər sərt bir idman növü ilə məşğul olmasına mane olmamışdı.

Qeyd etmək lazımdır ki, ölkəmizin bütün bölgə və şəhərlərində olduğu kimi, Naxçıvan şəhərində də idmanın inkişafı, gənclərin sağlam bədən və sağlam ruhla böyüməsi sahəsində dövlətimiz tərəfindən önəmli addımlar atılıb, idman kompleksləri yaradılıb və bu sahəyə öz sözünü dünya arenasında demiş tanınmış idman ustaları cəlb olunub. Bunlardan biri də Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının sədri, Azərbaycan Respublikasının İdman Ustası, “TURAN FİGHT” klubunun rəhbəri və məşqçisi Abdullayev Xəyal Qəhrəman oğludur. Dünya II-si və Avropa Çempionu olan Xəyal müəllim gənclərin bu sahədə püxtələşməsində və Azərbaycan bayrağını dünya arenalarında qaldırması yolunda böyük qüvvə sərf edir, nəticə etibarilə də yaxşı nəticələr əldə edir.

Oğuz 2017-cü ildə mart ayının 30-dan, yəni II sinifdə oxuyarkən “TURAN FİGHT” klubunda Kikboksinq və MMA idman növü ilə məşğul olmağa başlamışdır. Xəyal müəllimlə yollarının kəsişməsi də elə həmin vaxtdan başlamışdır. Söhbətimiz zamanı Xəyal müəllim hazırda yığma komandanın tərkibində 150 idmançının olduğunu və Oğuzun 30 ən güclü idmançılar arasında yer tutduğunu vurğuladı. Balaca qəhrəmanımızın həddən ziyadə çalışqan və məsuliyyətli olduğunu qeyd etdi. Eyni zamanda bildirdi ki, Oğuzun bu kiçik yaşda qazandığı bütün uğurları da məhz bu keyfiyyətlərindən irəli gəlmişdir. Onun bu illər ərzində bir dəfə də olsun məşqlərdən qaldığını və yubandığını görmədiyini, bunun Oğuzla bərabər ailəsinin göstərdiyi dəyanətdən də irəli gəldiyini dedi. Oğuzun xarakter etibarilə yaşıdlarından tam fərqli olması, daha olqun davranışları, hardasa hər yarışdan qalibiyyətlə qayıtsa da qürur selinə qapılmaması kimi gözəl insani keyfiyyətləri ona xüsusi hörmət və rəğbət qazandırıb müəllimi və yoldaşları arasında.

İdmanla məşğul olduğu illərdə biri-birinin ardınca istər respublika, istərsə də muxtar respublikada keçirilən yarışlardan qalibiyyətlə dönərək hər kəsi qürurlandırmışdır. İlk uğurlu yarışı 2017-ci il 8 sentyabr tarixində 38 kq çəki dərəcəsində rəqibini yenərək I yeri qazanması olmuşdur. Əgər nəzərə alsaq ki, bu yarış Oğuzun idmanla məşğul olmasından sadəcə altı ay sonra baş verib artıq gələcəyin parlaq bir idmançısının yetişdiyi göz qabağına gəlir. 2018-ci il Oğuzun ən məhsuldar illərindən biridir. Belə ki, həmin ili o, Bakı və Naxçıvan şəhərlərində keçirilən yarışlarda dörd I-lik və iki III-lük yerlərinin qalibi olmuşdur.  Onun ilk ən böyük qalibiyyəti isə 2018-ci il 8-9 dekabr tarixində keçirilən Respublika Turnirində Pankration idman növü üzrə, 8-9 yaş qrupları arasında, 27 kq çəki ilə rəqibini məğlub edərək I yeri tutması olub. Özünün də dediyi kimi, bu yarış onun ən yaddaqalan yarışı və heç bir zaman unutmayacağı qalibiyyəti olub. Oğuzun ciddiyyəti və məsuliyyəti hər ilinin daha səmərəli keçməsinə zəmanət verib. 2019-cu il 8-9 iyun tarixlərində Azərbaycan Respublikası Çempionatı və Birinciliyində III yeri qazanmaqla yanaşı o, həmin il Bakı və Naxçıvan şəhərlərində Kikboksinq, Grappling NO-Gİ, Pankration üzrə keçirilən yarışlarda dörd I-lik, iki II-lik və bir III-lük əldə etmişdir. 2020-ci il bütün dünyada olduğu kimi pandemiya səbəbi ilə yarışlar təxirə salınsa da bu çalışqan idmançımız daim öz üzərində işləmişdir. Nəticədə isə əzmi onun 2020-ci ilin fevralında Bakı şəhərində keçirilən yarışlardan Pankration üzrə I-lik, Grappling üzrə II-liklə dönməsinə zəmanət vermişdir. Muxtar Respublikanın sayılıb seçilən məşqçilərindən olan Xəyal Abdullayev Oğuzun heç bir zaman özünə arxayın olduğunu sezmədiyini də dilə gətirdi. Onun sözlərinə görə ən böyük səhv bir idmançı üçün özünə güvənərək arxayınlaşmasıdır ki, bu da idmançını irəli deyil geri apara bilər. Oğuzun heç vaxt özündən razı olmaması isə öz üzərində kəsintisiz işləməsinə və nailiyyətlər əldə etməsinə səbəb olub. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlardan iki I-lik, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışlardan isə bir I-liklə ayrılmışdır Oğuz balamız.

Oğuzun məşqçisi Xəyal müəllim onun güclü potensial sahibi olduğunu, gələcəkdə daha yüksək nailiyyətlərlə Azərbaycan bayrağını dünya arenalarında ən yüksək səviyyədə qaldıracağına inandığını dedi. O, həm də söylədi ki, Oğuz kimi iradəli, məqsədli, tutduğunu ötürməyən bir idmançı ilə işləmək çox asan və qürurvericidir. Belə tələbələr ailələri ilə yanaşı müəllimlərinə də fəxarət gətirir.

İstər ailə, istərsə də bu balaca qəhrəmanımın məşqçisi ilə söhbətim çox maraqlı keçdi. Mən bir balaca uşağın içinə və həyatına sığdırdığı böyük bir uğur dəryasına düşmüş kimi hiss edirdim özümü. Sözün düzü nəzərim dəyməsin deyə hər dəfə onlar Oğuz haqqında danışdıqca “maşallah” kəlməsini işlətməkdən özümü saxlaya bilmirdim. İstər Oğuz istərsə də Oğuz kimi oğullarımızı tanrı pənahında saxlasın inşallah. Onlar da Azərbaycan adlı oğuz yurdunu daim dünyaya sübut etsin.

 Uğur daim baş tacın olsun, oğuz elinin Oğuz balası. Qatıldığın hər yarış sənə qalibiyyət, bizlərə qürur, ölkəmizə baş ucalığı gətirsin “inşallah”.

Sevinc Səbzəliyeva,

Naxçıvan şəhəri