08 yanvar 2022 00:14
882

İqtisadi islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir

Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu reallığı da diqqətə çatdırdı ki, görülmüş işlər nəticəsində artıq postböhran dövrünə qədəm qoyduq  

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində iqtisadiyyatın inkişafı üçün möhkəm təməlin yaradıldığını, bundan sonra bu təməl üzərində yeni islahatların həyata keçiriləcəyini diqqətə çatdırmışdı. Təbii ki, bu, ölkə Prezidentinin yenilikçi, təkmil islahatlara meyilli olmasından irəli gəlirdi. Reallıq budur ki, cənab İlham Əliyev Azərbaycanı zamanın çağırışlarına uyğunlaşdırıb.

İqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında, ortaya çıxan problemlərin narahatlıq doğurmadan müsbət həllində əhəmiyyətli rol oynayır. 2008-ci ildə dünyanı bürüyən, nəticələri son illərə qədər davam edən iqtisadi və maliyyə böhranının ardınca 2019-cu ilin sonlarından başlayaraq bu günədək davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirləri də ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynadı. Baxmayaraq ki, COVID-19-la mübarizə insan sağlamlığı ilə bağlı məsələdir, təbii ki, görülən tədbirlər ölkələrin iqtisadi imkanlarına söykənir. Mübarizə tədbirlərinə başlandığı günlərdə əksər dövlətlər iqtisadiyyatın durğunluğunu aradan qaldırmaq üçün yollar axtarışına çıxdığı halda, Azərbaycan dövləti insanların sağlamlığının təmin olunmasını önə çəkdi, bu fonda iqtisadi islahatların dərinləşdirilməsinin prioritetliyini açıqladı. Cənab İlham Əliyev bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır.

Dayanıqlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, islahatlara alternativ yoxdur. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar. Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da diqqətə çatdırır ki, əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr dayanır və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi müddətdə ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər an vətəndaşların yanında olmaları, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atdıqları addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Onu da qeyd edək ki, DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasına, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

Azərbaycanda dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Sosial islahatlar proqramının əsas hədəfi də məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Ölkə Prezidenti İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.

2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və DOST mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir. Dövlət başçısı İlham Əliyev bildirir ki, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.

Ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev öz vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Elə buna görə də xalq öz Liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir. İstər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də keçirilən rəy sorğularında bu fikir xüsusi qeyd edilir ki, dövlət başçısı İlham Əliyevə milyonların sevgisini qazandıran daim xalqının yanında olması, insanların qayğıları ilə maraqlanmasıdır. Dünya siyasətçiləri Prezident İlham Əliyevin müsbət imicini şərtləndirən amillər sırasında 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən bu günədək həyata keçirilən struktur və kadr islahatlarını, dövlət idarəetməsinin səmərəsinin artırılmasını xüsusi qeyd edirlər. Azərbaycan vətəndaşları ölkə Prezidentinin həyata keçirdiyi islahatların müsbət nəticələrini gündəlik həyatda hiss edirlər. Son illərdə islahatlar daha dərin, inqilabi xarakter alıb. Dövlətimizin başçısı bunun anonsunu 2018-ci ilin aprelində, prezident seçkiləri ərəfəsində vermişdi: “Gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması, sahibkarlar və iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq”.

Cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayanması bugünkü uğurlarımızın əsasını təşkil edir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Neft-qaz layihələrindən əldə olunan gəlirlər ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Bu kimi addımlar bir daha göstərir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Cənab İlham Əliyev hər zaman bu reallığı da diqqətə çatdırır ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda, o da bildirilir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş ab-havanın yaranmasında, daha səylə çalışmaqda əhəmiyyətli rol oynayır. İnsanlar görülən işlərdən razı olduqda o zaman dövlət başçısı İlham Əliyev də öz razılığını ifadə edir. Vətəndaş məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları atır. Əhali ilə birbaşa təmasda olan Prezident İlham Əliyev cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən təsdiqlədiyi ilk regional inkişaf proqramında 600 mindən çox iş yeri yaradılacağını bildirmişdi. Xatırlasaq, bu rəqəm beş ildə 700 mindən artıq idi. 2003-cü ildə ölkəmizdə yoxsulluq 49 faiz idi. Bu gün həmin statistika 5 faizdir.

Ölkəmizin investisiya imkanları, valyuta ehtiyatları artdı. Son 18 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollardan çoxdur. Bu müddətdə regionların inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, onların böyük əksəriyyəti daimi iş yerləridir, eyni zamanda, regionların payına düşür. Bölgələrdə insanların rahatlığının təmin olunması, sahibkarlığın inkişafı üçün bütün zəruri işlər görülüb. Bu günün reallıqları sırasında dayanan uğurlarımızdan biri də rayonla paytaxt arasında fərqin aradan götürülməsidir. Artıq bölgələrdən şəhərə axının qarşısı alınıb, bütün rayonlarda, kənd və qəsəbələrdə quruculuq işləri geniş vüsət alıb. Hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də dünyanın diqqət mərkəzindədir.

Əvvəlki illərdə bölgələrin elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu qənaətbəxş deyildi. Dövlət başçısı İlham Əliyev insanların rahat yaşayışının təmin olunması üçün vacib olan bütün şəraitin yaradılacağı vədini verdi və onu əməli işi ilə təsdiqlədi. Bütün bunların sayəsində artıq Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını ödəməklə yanaşı, onu ixrac edən ölkəyə çevrilib. Dünyanın maliyyə qurumlarının hesabatlarında da ölkəmizin ayrı-ayrı sahələr üzrə əldə etdiyi göstəricilər təqdir edilir. Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında Azərbaycanın yol infrastrukturunun yenilənməsi ilə bağlı əldə etdiyi göstəricilər onun qərarlaşdığı yerə də öz müsbət təsirini göstərib. Ölkəmizin bu və ya digər sahələrdə qazandığı uğurlara söykənərək cənab İlham Əliyev bildirir ki, Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb.

Arxada qalan hər il qarşıdakı ilin aydın mənzərəsini yaradır. Əvvəldə də qeyd etdiyimizi kimi, dövlət başçısının yeniliyə, təkmilləşməyə daha çox maraq göstərməsi ölkəmizin hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirməsini şərtləndirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dövlət başçısı təkcə 2021-ci ilin 11 ayının statistikasına söykənərək hədəfləri açıqladı. Nəzərə alaq ki, Azərbaycan tarixi Zəfərə imza atıb və işğaldan azad edilmiş ərazilərimizin həyatında geniş canlanma müşahidə edilir, genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qeyd edilən müraciətdə «Əlbəttə ki, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük» söyləyən cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində artıq postböhran dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb.

Dövlət başçısı bu məqamı da vurğulamışdır ki, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir. Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini keçiririk. Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Əlavə vəsait toplandıqca, ilk növbədə, bu vəsait sosial layihələrə yönəldilir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncamı da ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Bu sənəd həmin kateqoriyadan olan ailələrin sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür. Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il dekabrın 30-na ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək.

Qeyd edək ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edir və bu məbləğ son 4 ildə 88 faiz artaraq 280 manatı ötüb.

Ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20 faiz artımla 200 manatdan 240 manata çatdırılır. Minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edəcək. Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılacaq. Digərləri isə il ərzində pensiyaya çıxan şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq.

Ümumilikdə, sosial ödənişlərdə ardıcıl xarakter alan ciddi artım dinamikası pensiya təminatında da aydın şəkildə özünü göstərir. Son üç ildə həyata keçirilən sosial islahatların nəticələrindən biri kimi ölkəmizdə minimum pensiya 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatdırılıb. 2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib. Minimum pensiya kimi, orta aylıq pensiya da mütəmadi artmaqda davam edir. Son üç ildə orta aylıq pensiya 60 faiz artaraq 331 manata, yaşa görə pensiya 358 manata çatıb.

Göründüyü kimi, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır ki, bu da öz növbəsində vətəndaş məmnunluğunu artırır. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışdan sonra ölkəmizin dayanıqlı inkişafı daha yüksək səviyyədə təmin ediləcək. İqtisadi rayonların yeni bölgüsü, həmçinin «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» ölkəmizin gələcək inkişafının aydın mənzərəsini yaradır.

Yeganə Əliyeva, «İki sahil»