20 yanvar 2022 17:23
708

Lənkəranda anım mərasimi

 Azərbaycan  xalqının qan yaddaşında  həm ümumxalq  hüzn günü, eyni zamanda, şanlı qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuş   20 Yanvar  faciənin 32-ci ildönümü  münasibətilə Lənkəran rayonunun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində müxtəlif səpgili toplantılar, görüşlər keçirildi, hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edildi.

Yanvarın 20-də isə səhər saatlardan başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, minlərlə ictimaiyyət nümayəndələri Zəfər bayramı ərəfəsində başdan-başa yenidən qurularaq üzərində şəhidlərin şəkilləri əks olunmuş qara lövhələrlə əhatələnmiş Şəhidlər Xatirə abidə kompleksini ziyarət edib önünə tər çiçəklər düzərək azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini dərin ehtiram hissi ilə anıldı. 

 Sonra İcra başçısı abidə önündə 20 Yanvar Vətənin azadlığı uğrunda  qalxan şəhidlərin  ailə üzvləri və əlilləri ilə görüşüb söhbət etdi, bir daha qayğıları ilə maraqlandı.
Həmin gün saat 12:00-da rayon ərazisində millətin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, nəqliyyatın hərəkəti dayanıb maşınlardan səs siqnalları verildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü