Xocalı faciəsi xalqımıza qarşı amansız soyqırımı idi. Qədim bir millət görünməmiş vəhşiliklə havadarlarının da yardımı ilə tarix boyu daim yaltaqlıqla yaşayan ermənilər tərəfindən soyqırımına məruz qaldı. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə təpədən dırnağa kimi silahlanmış erməni quldurları keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə qəfildən Xocalıya hücum çəkərək minillik tarixi olan şəhəri yerlə-yeksan etdi. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularda qətlə yetirilmişdi. Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdam rayonuna Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmişdi. Daşınan meyidlər üzərində xüsusi amansızlıq izləri vardı. Bu, sadəcə müharibə deyildi. Erməni terrorizminin ən dəhşətli nümunəsi, ümumən isə bəşəriyyətə qarşı ən ağır cinayət idi. Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə sübut edir. Soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can Yunet yazmışdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər”.
Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, qəddar davranılması, əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də məhəl qoymayıblar. Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atıblar.
Xocalı faciəsi 1992-ci ildə baş versə də, soyqırımı dəhşətinə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə verildi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ölkə başçısı bildirmişdir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Məhz Fondun məqsədyönlü fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Xocalı faciəsi haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir. Bir sıra ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Xatırladaq ki, yanvarın 28-də Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb. Sənəddə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırılıb.
Günel Eyyubova, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib