Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçıya qarşı qəti tədbirlər görülməmişdir
İnsanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamların miqyasca ən dəhşətlisidir. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə “sülhsevər” ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıda insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin — köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulmuşlar. Bütün bunlar ermənilərin 30 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz genosid (soyqırımı) niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zəruri şərt sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur.
Ötən əsrdə 70 il tərkibində yaşamalı olduğumuz imperiya bədnam qonşularımızın 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamları, soyqırımları unutdurma siyasəti yeritdi. 1948-1953-cü illərdə 200 minədək azərbaycanlının Ermənistandan müxtəlif bəhanələrlə deportasiya edilməsi, fiziki-mənəvi məhrumiyyətlərə məruz qalması, yurd-yuvasını itirməsi kimi acı həyat reallıqları da yaddaşımıza əbədi həkk olunmadı. Bütün bunlar azmış kimi, imperiya rəhbərliyinin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verildi. XX əsrin əvvəllərində baş vermiş hadisəni əsrin sonunda yenidən yaşamalı olduq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəhşətli genosid aktı idi.
O zaman Azərbaycan informasiya blokadasına alındığından əsl həqiqətlər dünya ictimaiyyətindən gizli saxlanılırdı. Ancaq bu, uzun sürmədi. Bir çox tarixi faciələrimiz kimi, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl iş məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə olaraq düzgün siyasi-hüquqi qiymət verildi. Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görüldü, xarici dillərdə kitablar, sənədlər dərc olundu. Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirildi, bununla bağlı bir çox internet saytları yaradıldı. Ulu Öndərin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Artıq İslam Konfransı Təşkilatına daxil olan 7 ölkə Xocalı soyqırımını rəsmi olaraq genosid aktı kimi tanıyıb. Cənubi Amerika qitəsi ölkələrinin də Xocalı soyqırımını tanımaları dövlətimizin bu istiqamətdə apardığı gərgin işin miqyasını aydın göstərir. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıblar. Habelə ABŞ-ın artıq 24 qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Bütün bunlar diplomatiyamızın dünyada haqq səsimizin eşidilməsində apardığı məqsədyönlü işlərin fərəhli nəticəsidir və bu iş uğurla davam etdirilir.
Sevinc Azadi, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib