1992-ci ilin fevral ayı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu gün Qaradağlı soyqırımının törədilməsindən 30 il ötür.
Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq iki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-dən çoxu xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.
Qaradağlı faciəsi Ermənistan hərbi qüvvələrinin ümumilikdə sistemli şəkildə hazırlanmış və həyata keçirilmiş kütləvi qırğının yalnız bir hissəsi idi. Əsas məqsəd bu ərazilərdə tarixən yaşamış azərbaycanlı əhalisini tamamilə məhv etmək olmuşdur. Ermənilərin Bağanis Ayrım, Tuğ, Axullu, Meşəli, Cəmilli, Quşçular, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və digər kənd və şəhərlərimizdə törətdikləri vandalizm buna əyani sübutdur.
Bu qırğınları, vəhşilikləri törədən erməni təcavüzkarlarının hərəkətləri beynəlxalq hüquqi aktları – Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.
Təəssüflər olsun ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş, bu dəhşətli faciələrə beynəlxalq miqyasda hələ də yetərli hüquqi qiymət verilməyib. Dünyada Xatın, Holokost, Ruanda, Sonqmi, Serebrenitsa soyqırımları tanınır və beynəlxalq ictimaiyyət bu faciələrə öz münasibətini bildirmişdir.
Əvvəlki illərdən fərqli olaraq bu il Qaradağlı faciəsini anarkən, həm də bu qırğının qurbanı olmuş insanların ruhunun şad olduğunu da hiss edirik. 44 günlük Vətən Müharibəsində bütün şəhidlərimizin, o cümlədən Qaradağlı faciəsinin qurbanlarının da qisası alındı. Lakin Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, Ermənistanın hələ Birinci Qarabağ münaqişəsi zamanı əsir və girov götürdüyü minlərlə azərbaycanlının taleyi naməlum olaraq qalır. Məlum olduğu kimi, ermənilər Qarabağ işğal edərkən, azərbaycanlıların münaqişə zonasından təxliyə olunmasına şərait yaratmayıb, əksinə, dinc əhaliyə divan tutub, aralarında xeyli sayda qadın, uşaq, yaşlı olan mülkü şəxsləri əsir və girov götürüb, misli görünməmiş vəhşiliklər törədib, qətlə yetirib. Ermənistan tərəfi törətdiyi bəşəri vəhşilikləri gizlətmək üçün amansızlıqla qətlə yetirdikləri azərbaycanlıların cəsədlərini kütləvi məzarlıqlarda dəfn edib, onların cəsədlərini Azərbaycan tərəfinə təhvil verməyib.Birinci Qarabağ müharibəsi dövründən indiyə qədər 3890 nəfər itkin şəxsin taleyi hələ də məlum deyil.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin 8-ci bəndinə əsasən tərəflər əsirlər və həlak olmuş şəxslərin cəsədlərini dəyişdirməlidirlər. Azərbaycan indiyə qədər 1700-dən çox erməni hərbi qulluqçusunun qalıqlarını qarşı tərəfə təqdim etsə də, Ermənistan hələ də itkin düşən 3890 nəfərin taleyi və ya onların harada dəfn edilməsi haqqında məlumat təqdim etmir. Dəfələrlə bu məsələ müxtəlif səviyyələrdə müzakirə edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistan Baş Naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin video – görüşündən sonra, ikinci Qarabağ müharibəsi zamanı əsir düşmüş daha 8 erməni hərbçisi geri qaytarılmışdır. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən Ermənistan tərəfi bu əsirlərin əvəzində, öz üzərinə öhdəlik götürmüşdür. Ermənistan tərəfinin götürdüyü öhdəlik, birinci Qarabağ müharibəsi zamanı öldürülən Azərbaycan vətəndaşlarının və hərbçilərinin harada basdırılması barəsində məlumat verməkdir. Biz qarşı tərəfin bu öhdəliyi yerinə yetirməsini gözləyirik.
Bir daha biz Qaradağlı faciəsi qurbanlarının ailə üzvlərinə və yaxınlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verir və şəhidlərimizə Allah rəhmət diləyirəm.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib