Tarixin müxtəlif dönəmlərində insanların kütləvi qətli ilə nəticələnən faciələr, soyqırımlar çox olub. Silahların alov dili ilə danışdığı qanlı hadisələrdə ahıllara, uşaqlara, qadınlara rəhm etmədən hər kəsi öldürən terrorçuların, cinayətkarların törətdikləri qan donduran vəhşilikləri görənlər etiraf edirlər ki, bu qətliamlar arasında erməni şovinizminin törətdiyi ağlasığmaz Xocalı soyqırımı dəhşətləri ilə fərqlənir. XX yüzilin əvvəllərində 1905-1906, 1917-1918-ci illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridən ermənilərin əsrin sonunda törətdikləri Xocalı soyqırımının canlı şahidləri olan xarici jurnalistlərin yazdıqları kimi, körpə uşaqların diri-diri yandırılması, hamilə qadınların sinəsinə süngü sancılması, insanların dərisinin soyulması, əlləri , ayaqları bağlanmış gənclərin valideynlərinin gözü qarşısında başlarının kəsilməsi yalnız erməni qaniçənlərinə məxsus vəhşilik, vandallıq idi. Erməni əsilli Fransa jurnalisti Berain Siracyan «Hücumdan əvvəl»” məqaləsində yazırdı: «Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik.»
Üzərindən illər keçsə də Xocalı hadisələrinin dəhşətini yaşayanların xatirələrini həyəcansız dinləmək olmur. Bu faciənin qəlblərində açdığı dərin yaralar heç vaxt tam sağalmır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başlamaqla etnik təmizləmə siyasətlərini davam etdirən ermənilər ilk növbədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 78 kəndində yaşayan azərbaycanlıları silah gücünə doğma evlərindən, ocaqlarından çıxardılar.
Xocalı hadisəsinə qədər 230-a yaxın azərbaycanlı evini yandıran, 200-dən artıq evi isə qarət edən daşnaklar Qərbi Azərbaycandan, Fərqanədən didərgin düşərək Xocalıya pənah gətirən soydaşlarımıza, ahıska türklərinə də aman vermədilər. Ermənilər Şuşaya gedən yollarda azərbaycanlılara, o cümlədən də xocalılara məxsus maşınları daşa basır, əzir, yandırır, insanları girov götürüb qətlə yetirirdilər. 1991-ci ilin oktyabrında İmarət-Qərvənd (Kərəmli) kəndi erməni silahlı dəstələri tərəfindən yandırıldı, onlarla dinc sakin qətlə yetirildi. Bunun ardınca Tuğ, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı kəndləri erməni daşnak ordusu tərəfindən yandırılaraq azərbaycanlı əhaliyə divan tutuldu. 1991-ci ilin oktyabrından 1992-ci ilin fevralına qədər ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan demək olar ki, «təmizlədilər”.» Xocalıya ilk irimiqyaslı hücum 1988-ci il sentyabrın 18-də olmuşdu. Həmin gün kənddə toy mərasimi vardı. O toy yasa çevrildi. Xankəndidəki nümayişdən çıxan 5 minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalıya hücum etdi. Xocalının yüzlərlə cəsur oğlu isə onların qarşısına çıxıb əks-hücuma keçdilər. 6 evi yandıran, çəpərlərə, ot tayalarına od vuran «məzlum» ermənilər guya azərbaycanlıların qisaslarının qarşısını almaq üçün yaxınlıqda yerləşdirilən sovet qoşun hissələrindən, 366-cı motoatıcı alaydan «dəstək» istədilər. Uzun müddət ermənilərin əhatəsində qalan Xocalı 1991-ci il oktyabrın 30-da tam blokadaya salındı. Ermənilər Əsgəran qalasından yolu bağladılar. Ermənilərin tam mühasirədə saxladıqları Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yandırıldı, yerlə- yeksan edildi. Şəhəri tərk etməyə məcbur qalan, dağlara, meşələrə qaçan dinc sakinləri güllələyən ermənilər əvvəlcədən düzəltdikləri pusqularda rast gəldikləri xocalıları qətlə yetirib, bəzilərini girov götürdülər. Bir gecədə Xocalıda qətlə yetirilən, tanınmaz hala salınan 200 azərbaycanlının nəşi Ağdama gətirildi. Diri-diri yandırılan, erməni qəbirlərinin üstündə başı kəsilən, gözləri çıxarılanlar var idi. Dəhşətli soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə öldürüldıü. Qəddarlığın ən son həddi isə 1275 nəfər dinc sakinin - qocaların, uşaqların, qadınların əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmasıdır. O hadisələrdə əsir düşmüş 150 nəfərin taleyi hələ də bəlli deyil.
Azərbaycanın və bəşəriyyətin tarixinə ən dəhşətli faciə kimi yazılan Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis «Xocalı Soyqırımı Günü haqqında»” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Bildirildi ki, Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixinə ləkə olan vəhşilik aktı, hərbi cinayətdir”.
Faciənin dünya miqyasında tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusilə təqdirəlayiqdir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış «Xocalıya ədalət!»” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq 6 ölkədə abidə ucaldılıb.
Xocalı soyqırımı qurbanlarının ruhuna ən layiqli ehtiram Qarabağın işğaldan azad edilməsi, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuzun qazandığı Zəfər oldu.
2020-ci il oktyabrın 7-də Xocalının 2, noyabrın 9-da 4, noyabrın 10-da isə 3 kəndi işğaldan azad edildi. Xocalı soyqırımının iştirakçısı olan terrorçuların, əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı ordumuz tərəfindən məhv edildi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordu Xocalı soyqırımı qurbanlarının qisasını aldı. Xocalıdakı faciəvi hadisələr sübut edir ki, bu şəhərdə törədilmiş cinayətlər Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub, sadəcə, azərbaycanlı olduqları üçün dinc əhalinin kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə Xocalı faciəsi «soyqırımı”» anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Qətliamla bağlı dəhşətli faktlar «Xocalıya ədalət!» kampaniyası çərçivəsində aparılan işlər vasitəsilə beynəlxalq ictimayyətə çatdırılır, bildirilir ki, azərbaycanlılardan ibarət mülki əhalinin qətlə yetirilməsi insanlığa qarşı cinayətlər kimi qiymətləndirilməli, günahkarlar cəzalarına çatmalıdırlar. Torpaqlarımızın işğaldan azad olunmasını şəhidlərin ruhuna layiqli cavab adlandıran Prezident İlham Əliyevin «Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq» sözləri hər iki əsrdə ermənilərin törətdikləri soyqırımların qurbanlarının ruhuna hörmətdir.
Xuraman İsmayılqızı, «İki sahil»
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib