25 fevral 2022 13:05
3780

Yaddaşlarımızdan silinməyəcək Xocalı soyqırımı

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli, insanlıq tarixinə qanlı hadisələrdən biri olaraq düşmüş Xocalı soyqırımından 30 il ötür. Faciənin tarixinə nəzər salsaq görərik ki, hələ 1988-ci ilin fevral ayından ermənilər müxtəlif, özəlliklə Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı tələblər irəli sürürdülər. Artıq həmin ərəfələrdə ermənilər kütləvi şəkildə silahlanır və həmin qanlı hadisələr yaxınlaşırdı. Xocalı faciəsi sadəcə bir gecənin faciəsi deyildi. 1991-ci ilin oktyabrında artıq Xocalının blokadası tam başa çatdırılmış, şəhərə gedən yollar bağlanmış və gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri ermənilər tərəfindən tutulmuşdu. Ermənilərin məqsədi Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarında şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Şəhərə hücum topların, tankların, "Alazan" tipli zenit topların fasiləsiz atəşindən sonra başlandı. 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu. Etnik azərbaycanlılara qarşı baş vermiş bu soyqırım nəticəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra Xocalıda qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri ilə deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı. Dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması Dağlıq Qarabağ Respublikası hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmiş, girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuşdur. Belə ki, Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. Qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.

Yaddaşlarımızdan silinməyəcək Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı qətliamının işıqlandırılması əsasən Azərbaycanın Milli qəhrəma-nı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Həmçinin, Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Belə ki, döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Bu soyqırım Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

Xocalı soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

İşğalçı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Belə ki, Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.

Qeyd edək ki, Xocalı əhalinin məskunlaşdığı qədimi yerdir və bunları sübut edən tarixi adibələr indiyə qədər qalmaqdadır. Buranın yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Xocalıda son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Xocalıda memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Həmçinin burada arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Buranın əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Azərbaycan Respublikası Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurd yuvalarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırdılar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Yaddaşımızdan silinməyəcək Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Heç bir cinayət cəzasız qala bilməz və bu cür qətliyam cinayəti cəzasız almamalıdır. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Hal-hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovi-na, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.

Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb. Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da, 2008-ci il fevralın 26-da həmin abidənin yerinə təzə "Ana Harayı" adlı abidə ucaldılmışdır. 2011-ci ildə abidənin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulmuşdur. Həmçinin, 2008-ci il fevralın 24-də Avropada Xocalı soyqırımına aid ilk abidə Hollandiyanın Haaqa şəhərində ucaldılmışdır. Sonra isə, 2011-ci il mayın 30-da Almaniyanın paytaxtı Berlində, Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. Fevralın 24-ü 2012-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində, avqustun 23-də isə Şimali Amerikada soyqırıma aid ilk abidə Meksikanın Mexiko şəhərində tikilmiş, meydanın adı isə Tlakskoake-Xocalı adlandırılmışdır. 2014-cü il martın 28-də Türkiyədə Xocalı soyqırımına aid ilk abidə Ankarada ucaldılmışdır. Bundan başqa, Türkiyənin İzmit, İzmir, Uşak, Dənizli və Sakarya şəhərlərində də Xocalı soyqırımının xatirəsinə aid abidələr yerləşir. 2016-cı ildə İsraildə, Qüds ilə Təl-Əviv arasında yerləşən Prezident meşəsində Yəhudi milli fondu və Azİz beynəlxalq cəmiyyətinin birgə təşkilatı ilə "Xocalı 613" adında xatirə ağaclıq zonası yaradılmışdır. Zonada Xocalı qətliamının qurbanlarının sayına uyğun 613 ədəd ağac əkilmişdir. 26 fevral 2011-ci ildə Təbrizin Traktor Sazi və Tehranın İstiqlal komandaları arasında keçirilən oyun zamanı Traktor Sazi tərəfdarları Səhənd stadionununda Dağlıq Qarabağın işğalına etiraz edib, Xocalı soyqırımı şəhidlərinin xatirəsini anıb, "Qarabağ bizimdir, ermənilər isə işğalçıdırlar" şüarı səsləndirmişdilər. 2014-cü il fevralın 24-də Atletiko Madrid klubu, klubun və Türkiyə milli futbol komandasının futbolçusu Arda Turan Xocalı soyqrımı qurbanlarının xatirəsini anıb.

İşğalçı Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda İkinci Qarabağ müharibəsinə qalxdı.

İkinci Qarabağ müharibəsinin gedişi Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Rəşadətli Azərbaycan Ordusu 44 gün sürən döyüşlər nəticəsində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması və haqq səsimizin dünyaya çatdırılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Tarix heç nəyi unutmur və Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Fərid Mustafayev,

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu YAP ərazi partiya təşkilatının sədr muavini