25 fevral 2022 16:17
550

ADA Universitetində Xocalı 30 - Tarixə qayıdış” adlı tədbir keçirilib

Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının və Virtual Qarabağ İKT Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə ADA Universitetində “Xocalı 30 - Tarixə qayıdış” adlı anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, Vətən müharibəsi qaziləri, həmçinin “Xocalı – bir millətin kədəri” sənədli filminin yaradıcı heyəti və faciənin şahidləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə 30 il əvvələ - tarixə qayıdış edilərək, 26 fevral 1992-ci ildə erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən Xocalı faciəsi haqqında danışılıb.

“Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov Xocalı soyqırımı haqqında danışıb, faciənin üzərindən 30 il keçdiyini vurğulayıb. O qeyd edib ki, hələ də dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu hadisə düzgün siyasi qiymət verməyib. Bu faciə ilə bağlı ədaləti bərpa edə bilməmişik:

"Amma döyüşçülərimizin sayəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi və öz qisasını aldı. Təqdim olunacaq “Xocalı – bir millətin kədəri” filminə, təkcə, Xocalı faciəsi kontekstində deyil, həmçinin münaqişə zəminində yanaşılıb. Filmdə 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının faktlarla ifşa olunması əks olunub".

Daha sonra çıxış edən filmin ssenari müəllifi, araşdırmaçı jurnalist İan Piert öz torpaqları uğrunda vuruşan qazilərlə birlikdə olmaq fəxr etdiyini və qürur duyduğunu qeyd edib:

"Azərbaycana ilk dəfə gələndə bu hadisə haqda çox az bilirdim. Sonra bu faciə haqqında məlumat aldım. Dünyada bir çox faciələr var, bu da onlardan biridir. İngilis dilində məqalə yazanda düşündüm ki, bu mövzuya toxunum, sonra hadisəni araşdırdım. 2011-ci ildə bu faciənin şahidlərindən müsahibə götürdük. Bu çox çətin işlərdən biri idi. Hələ də, xatırlayıram. Müsahibə aldığımız zaman tərcüməçinin tərcümə etməzdən əvvəl göz yaşlarını silməyini gözləyirdik. Sonra biz bununla bağlı kitab nəşr etdik. Bu kitab qərb dünyası üçün yayımlanmışdı. Bu zaman məni daha çox qəzəbləndirən o idi ki, qərb bu hadisə haqqında doğru məlumatları əks etdirmir, əldə olan məlumatlar isə yetərsiz qalırdı. Düşünürəm ki, hadisəni başa düşməyin ən yaxşı yolu faciədən xilas olanları dinləməklə baş verə bilər. Bu kitabda fərqli sənədlər də yer alıb - xüsusən BMT-nin qətnamələri. Mənim üçün əsas olan isə şahidlərlə olan müsahibələr idi".

İ.Piert 3 il əvvəl film ssenarisi yazmaq üçün şans əldə etdiyini qeyd edib. Onun sözlərinə görə, filmdə də əsas məqsəd şahidlərin danışdığı hekayələri əks etdirmək olub, statistika deyil. Filmdə 2 nəfərə fokuslandıq".

Ssenari müəllifi 44 günlük Vətən müharibəsindən söz açıb:

"44 günlük müharibədə nələr olduğunu gördük. Ermənilərin bizimdir dedikləri torpaqları necə dağıntılarını gördük. Azərbaycanın cavabı isə yenidənqurmadır. Qərbə vermək istədiyim mühüm mesaj odur ki, ermənilər o torpaqları yerlə-yeksan etdi. Azərbaycan isə o torpaqları dirçəltdi".

Tədbirin ikinci hissəsində “Xocalı – bir millətin kədəri” adlı sənədli film nümayiş olunub.