Terrorizmin təzahürləri kütləvi insan tələfatına, mənəvi, maddi, mədəni, yenidən yaradıla bilməyən dəyərlərin məhvinə səbəb olur. Bundan əlavə, terrorizm dinlər, sosial qruplar, millətlər arasında nifrət və inamsızlıq yaradır. Terrorizm deyəndə, əlbəttə, ilk yada düşən erməni terror təşkilatları olur. Əgər dünyada 14-15 ən təhlükəli terror təşkilatı varsa onun 12-13-ü elə ermənilərindir. Milyonlarla dinc vətəndaşın qətlinə səbəb olan erməni terrorizminin bir əsrdən çox tarixi var. Erməni terroru, həmçinin qara bir səhifə kimi Azərbaycan tarixində də öz qanlı izlərini qoyub. Artıq heç kəsə sirr deyil ki, onların bu qeyri-insani davranışlarının arxasında türk düşmənçiliyi və “böyük Ermənistan” xülyası dayanır.
Çox da uzaq olmayan tarixdən məlumdur ki, ermənilər terror təşkilatlarından istifadə edərək dəfələrlə azərbaycanlılara, türklərə qarşı soyqırımı aktları həyata keçiriblər. Həmin terror aktlarının hamısı da kütləvi insan tələfatı ilə nəticələnib. Məsələn, 1975-ci ildə - Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər və nəticədə yüzlərlə günahsız insanlar erməni terrorizminin qurbanı olublar. Xüsusən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədi ilə 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və infrastruktur obyektlərinə qarşı cəbhə bölgəsindən xeyli uzaqlarda çoxsaylı terror aktları törədilib. O terror qruplaşması hərbi əməliyyatların getmədiyi ərazilərdə belə terror aktları təşkil etməklə, minlərlə günahsız insanı qətlə yetirib. 1991-ci ildə və 1992-ci ilin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladı. Münaqişənin aktiv hərbi mərhələsi 1994-cü ilin mayında atəşkəs əldə olunana qədər davam etdi. O vaxta qədər Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi (iyirmi faizi), o cümlədən Qarabağ, ona bitişik yeddi rayon terroru, cinayətkarlığı, oğurluğu məqbul hesab edən Ermənistan tərəfindən işğal olundu. Təcavüz zamanı Ermənistan silahlı qüvvələri on minlərlə insanın ölümünə səbəb olan hərbi cinayətlər, insanlıq əleyhinə misli görünməmiş soyqırımı törətdilər, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndləri dağıdılıb talan edildi.
Otuzuncu ildönümü tamam olan Xocalı soyqırımı da bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən böyük qətliamlardandır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən dırnağa qədər silahlanmış erməni quldurları keçmiş sovet ordusunun Xankəndidəki 366-cı alayı ilə birlikdə qəfildən Xocalıya hücum etdilər. Həmin alayın çoxsaylı ağır texnikası şəhərə yeridildi. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanik və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da girov götürüldü. Cinayətkarlar tərəfindən yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdıldı. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Təkcə bir gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirildi, 1275 nəfərdən çox sakin əsir götürüldü. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Əsir və girov götürülənlərə amansız işgəncələr verildiyi barədə yüzlərlə faktlar, sübutlar, materiallar var. Xatırladaq ki, bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı hələ də heç bir məlumat yoxdur. Həmin gecə Xocalını tərk etmək məcburiyyətində qalan çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bilmişdi...
Erməni vandalları əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoydular. Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də bütün dünyaya çılpaqlığı ilə aydın oldu. Əlbəttə ki, belə miqyasda dağıntılar müharibə zamanı törədilə bilməzdi. Cinayətkar, talançı və işğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər.
Günel Eyyubova, “İki sahil”