25 fevral 2022 20:23
679

“Xocalıya ədalət”

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xocalıya ədalət” adlı tədbir keçirilib.

İlk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Xocalı soyqırımı ilə bağlı video-rolik nümayiş olunub.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşə törətdiyi vəhşilikdən danışıb. Qeyd edib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb: “Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün dövlə tərəfindən ardıcıl fəaliyyət göstərilib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz Xocalı faciəsini bütün dünyaya soyqırım aktı kimi tanıtdırmalıyıq. Dünya Xocalı soyqırımını tanımalıdır. Bu gün bu istiqamətdə dövlət tərəfindən işlər görülür. Həmçinin biz bir xalq olaraq, dövlət olaraq cənab Prezidentin ətrafında birləşməliyik”.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix üzrə fəlsəfə doktoru dosent Elman Mirzəyev bildirib ki, 20-ci əsrin sonunda baş vermiş Xocalı soyqırım bütün bəşəriyyətə yönəlmiş bir soyqırım idi. E. Mirzəyev bildirib ki, Xocalı soyqırımı zamanı şəhər yerlə-yeksan edildi: “Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb”.

Xocalı sakini Zəminə Abdullayeva Xocalı soyqırımı zamanı gördüyü hadisələrdən danışıb. Z. Abudullayeva bildirib ki, o, Xocalıda böyüyüb, boya-başa çatmışam: “Xocalı soyqırımında bir çox qohumlarımı itirmişəm. Demək olar ki, hamısı şəhid olub. Xocalı soyqırımında atamı və anamı ermənilər əsir götürdülər. Bizim çox itkimiz olub. Qohumlarımdan bir neçəsindən hələ də bir xəbər yoxdur. Biz Xocalını unuda bilmərik. Çünki Xocalı unudulası bir hadisə deyil. Xocalı soyqırımı bizim daim yaddaşımızda, ürəyimizdə qalacaq”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Elmi Cəmiyyətində müavin Anar Salehoğlu bildirib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. A. Salehoğlu qeyd edib ki, hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər: “Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.

Tədbirin sonunda isə Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil olunub.