25 fevral 2022 20:49
598

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayətdir

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub. Xocalı soyqırımı Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli idi. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş beynəlxalq cinayətdir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması, insanların kütləvi şəkildə məhv edilməsi, bədən xəsarətlərin yetirilməsi, yaşayışları üçün dözülməz şəraitin yaradılması və s. - Xocalıda baş verənlər bu statusa uyğundur, məhdud coğrafi ərazidə məhz Azərbaycanlı olduqları üçün insanlar kütləvi şəkildə qətlə yetirilmişlər. 1976-cı ildə Beynəlxalq Hüquqi Komissiya beynəlxalq cinayət anlayışını formalaşdırdı. Soyqırım, maddi-mədəniyyət abidələrinə zərər verilməsi, ətraf mühitə zərər verilməsi  və s.  beynəlxalq cinayət hesab olundu. Beləliklə, Xocalı soyqırımı beynəlxalq cinayətdir.

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırıma məruz qalıb. Xocalı faciəsi ermənilərin öz havadarlarının köməyi ilə son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə təxəyyülün əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyub. Bir gecədə 8 ailə tamamilə məhv edilib. Faciə zamanı 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkinin taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Digər tərəfdən, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı.

Dünyada bənzəri olmayan soyqırım aktı kimi tarixə düşən Xocalı faciəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmaq isə Ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçib. Ulu öndər Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli“ Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə ermənilərin Azərbaycanlılara qarşı cinayət əməlləri  öz hüquqi-siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu. Ulu öndər Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti Ermənistan hökumətinin siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayandığının şahidi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” –sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişib: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir”.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, soyqırıma obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanıb. Məhz Heydər Əliyev Fondunun gərgin fəaliyyəti, əvəzsiz xidmətlərinin sayəsində dünya ictimaiyyəti Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunub. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması,hüquqi və siyasi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin məlumatlandırılması,bu hadisələrin yaddaşlarda yaşamasıgənc nəsil tərəfindən unudulmaması, qurbanların xatirələrinin yad edilməsi və s.  olub. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun gördükləri bu unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir. Xocalı soyqırımının  hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

Ölkə Prezidentimizin məqsədyönlü, düşünülmüş siyasəti sayəsində günahsız qurbanların qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun “Dəmir yumruq” əməliyyatı düşməni darmadağın etdi, əzəli_əbədi torpaqlarımızı 28 illik əsarətdən xilas etdi, Xocalı soyqırımının icraçılarından Rüstəm Qasparyan, onun kimi neçə-neçə cinayətkarı məhv etdi.Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və qisasınız alındı deyir.

Pərvin Kərimzadə,
Milli Məclisin deputatı