Xocalıya gedirik, pillə-pilə, addım-adım… 30 il öncə qarlı, şaxtalı bir qış gecəsində erməni cəlladlarının “uf” demədən qocasını, qadınını, uşağını, böyüyünü qırıb çatdıqları, hər cür vəhşiliklər törədib oda qaladıqları Xocalıya… Torpağı qan, havası ölüm qoxulu, səması sərgərdan ruhların ney səsi kimi inildədiyi Xocalıya gedirik. Erməni cəlladlarından fərqli olaraq, ölüm saçan silahların üstündə, dəhşətlə, vəhşətlə getmirik, Xocalıya. Ağlın, zəkanın gücü ilə gedirik. Qurub yaradaraq, yol çəkərək, işıq yandıraraq gedirik.
30 il öncə erməni cəlladları Allahın ümidinə buraxılmış, köməksiz insanları dörd tərəfdən mühasirəyə alıb güllə-baran etdilər. Təkcə uşaqları, qadınları öldürməklə kifayətlənmədilər. Hələ dünyaya gəlməmiş körpələri analarının bətnindən çıxarıb payalara keçirdilər, uşaq cəlladları… Köməksiz insanların əli Allaha çatmadığı kimi, səsləri ölkəni idarə edənlərə də yetmirdi. Əhalini qorumağın məsuliyyətini öz üzərinə götürənlər faciənin qarşısını almaq üçün tədbirlər görmək əvəzinə faciəni xalqdan gizlətməyə üstünlük verirdilər. Hətta ozamankı prezident Ayaz Mütəllibovun mətbuat xidməti Xocalıda «insident» nəticəsində iki nəfərin həlak olması haqqında məlumat da yaymışdı. Sonradan ermənilər prezidentin mətbuat xidmətinin yaydığı bu məlumatdan istədikləri kimi əleyhimizə istifadə etdilər.
Təkcə iş bununla bitməmişdi. Xocalıdan, qarlı, şaxtalı gecədə dağ yolları ilə qaçaraq, güc bəla ilə canlarını qurtarmış, əl-ayaqlarını don vurmuş, yaralı, yarımcan insanları «Semaşko» xəstəxanasının ikinci və üçüncü mərtəbəsinə yerləşdirib, mətbuatdan və ictimaiyyətdən gizlətməyə cəhd də etdilər. Yaralı vətəndaşların jurnalistlərlə, mətbuatla əlaqəsini kəsmək məqsədi ilə xəstəxana «omon»la mühafizə olunurdu. O zaman təcili yardımda baş həkim işləyən şəxsin vasitəçiliyi ilə «Semaşko»dakı xocalılarla görüşə bildim. Nəinki o hadisənin iştirakçısı olmaq, o insanların çəkdikləri müsibətləri dinləmək, onların halını görmək dəhşət idi… İnsanlar dünyanın ən böyük, görünməmiş faciəsini yaşamışdılar. Qan gölündə boğulmuşdular. Adamlar dəhşət görmüşdülər… Xocalıların çəkdikləri, başlarına gələnlər qorxulu nağıllara bənzəyirdi…
Vəhşilik, erməninin xislətindədir, qanındaır. 1905-ci ildə də, 1918-ci ildə də erməniliər erməniliklərini etmişdilər… Amma heç beləsi olmamışdı…
Bir gecənin içində, bir neçə saat ərzində cəmi 7000 əhalisi olan şəhərdə 63 uşaq, 106 qadın, 70 nəfər qoca və qarı olmaqla 613 sakin xüsusi amansızlıqla qətlə yetirildi. 1275 nəfəri əsir götürülərək amansız işgəncələrə məruz qaldı. 76 uşaq olmaqla 487 nəfər yaralandı. 26 uşaq, 68 qadın omaqla 150 nəfər itkin düşdü. Bu böyük bir faciənin rəqəmlərlə görünən tərəfidir. Xocalıda dünyanın gözü qarşısındaəsrin ən böyük faciəsi, əsrin ən qanlı cinayəti törədilmişdi. Xocalıda kütləvi qətliam baş vermişdi. Azərbaycanlı olduqları üçün ermənilər tərəfindən bir xalqın soyqırımı baş vermişdi. Dünya içtimaiyyəti, dünyaya demokratiya dərsi keçənlər, insan hüquqlarından dəm vuran böyük dövlətlər susurdular…
Təbii ki, xüsusi amansızlıqla hazırlanan və həyata keçirilən Xocalı soyqırımı ilə ermənilər və onlara havadarlıq edən ağaları bu hadisəni törətməklə azərbaycanlılara göz dağı vermək istəmişdilər. Əslinə qalsa ermənilərin bu vəhşilikləri müəyyən bir dövr üçün işlərinə yaradı da… Gözü qorxmuş, əliyalın, silahsız əhalinin Qarabağdan köçü başladı. İnsanlar torpaqlarını qorumaqdan çox canlarının hayına qaldılar. Beləliklə, milli faciəmiz olan Xocalı ilə başlanan fəlakət Qarabağın işğalı ilə yekunlaşdı. Azərbaycanın qara günləri başladı. Təbii ki, xalqın haqqını, hüququnu qoruya bilməyən Ayaz Mütəllibov hakimiyyətdən getmək məcburiyyətində qaldı. Xocalı faciəsi fonunda hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə faciəyə siyasi-hüquqi qiymət verilmədi. Hətta hakimiyyətin zəifliyindən, səriştəsizliyindən istifadə edən üzdəniraq erməni təbliğatçıları bir qədər də uzağa gedərək böhtan və qarayaxma kampaniyasını daha da genişləndirə bildilər. Hətta həyasızlıq o yerə çatdı ki, Xocalı faciəsini azərbaycanlıların törətməsi haqqında iddialar da səsləndirildi.
Hər qaranlıq gecənin bir işıqlı sabahı olur. Nə yaxşı ki, xalqımızın və dövlətimizin qara günlərinin də ömrü qısa oldu. Öz işıqlı fəaliyyəti ilə xalqımızın taleyinə bir günəş kimi nur saçan Ümummlili Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə yenidən gəlişi ilə Xocalı faciəsinə olan biganə münasibətə də son qoyuldu. Dövlətimizin həyatında hay-küyçülükdən, pafos və boşboğazlıqdan uzaqlaşıb əməli işə keçid dövrü başladı. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror siyasətinin mahiyyəti, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılması xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Eyni zamanda BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayan, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağıran müraciət göndərildi. Elə bu qanlı faciənin mahiyyətini açan ən dürüst qiymət də Ulu Öndər tərəfindən verildi: Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Çox təəssüf ki, dünyanın bir sıra dövlətləri nəinki, Azərbaycanın haqq işini görməzdən gəlir, başımıza gətirilən bu qanlı faciənin üstündən sükutla keçir, ona hüquqi qiymət verib, cinayətin təşkilatçılarının beynəlxalq məhkəmədə cəzalandırılması əvəzinə ermənilərin vəkili rolunda çıxış etməkdən, onları müdafiə etməkdən, hətta silahlandırmaqdan belə çəkinmirlər.
Bu gün Azərbaycan Respublikasının Xocalı şəhərində bəşəriyyətə və insanlığa qarşı törədilmiş qanlı cinayətdən düz 30 il ötür. Xalqımız və dövlətimiz bir an olsun belə bu qanlı faciəni unutmadı. Ürəyimiz həmişə Xocalı ilə, xocalılarla bir döyündü. Dilimizdən Xocalı faciəsi əskik olmadı. Xalqımızın qan yaddaşına yazılan Xocalı faciəsi Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın apardığı ardıcıl, ciddi, məqsədəyönlü siyasəti nəticəsində dünyanın 13 dövləti tərəfindən soyqırım kimi tanındı. Dünyanın əksər dövlətləri «yazıq», «məzlum» cildinə girib yalaqlıq edən, imkanı düşdükcə qanlı dişini məzlum insanların canına keçirib qanını soran erməniliyin mahiyyətini anlamağa başladılar. Bunun nəticəsi olaraq, dünyanın bir sıra dövlətləri 44 günlük Vətən Müharibəsi zamanı dövlətimizin və xalqımızın yanında oldular. Haqqın yanında olmaları haqq işi uğrunda zəfər yürüşünə çıxmış ordumuzun gücünə güc qatdı. 44 günlik Vətən Müharibəsi zamanı düşmən üzərinə yeriyən əsgərlərimiz hər atəş açarkən «Bax, bu da Xocalıda törətdiyin qətliama görə», deyib can aldılar, haqq işi uğrunda can verməkdən çəkinmədilər.
Biz Qarabağa Ordumuzun qəhrəmanlığı, ağlın, zəkanın, siyasətin gücü ilə qayıtdıq. Biz ermənilərin xaraba qoyduqları yurd yerlərinə, dağıdıb viran qoyduqları, ölüm əkdikləri torpaqlara bu gün həyat veririk. Biz ermənilərdən fərqli olarq, dağıtmırıq, qururuq, yaradırıq, bərpa edirik. Bizim siyasətimiz öldürmək, dağıtmaq, məhv etmək deyil. Qurmaq, yaratmaq, yaşatmaqdır. Torpağın sahibi olduğumuz üçün edirik. Vətənimiz olduğu üçün edirik. Bizim üçün Vətən torpağı müqqəddəs olduğu üçün edilir bu işlər. Bunu dünya da görür, ermənilər də, onlara züy tutanlar da. Bu gün Şuşaya, Kəlbəcərə, Zəngilana, bir sözlə, erməni işğalından azad olunmuş torpaqlarımıza çəkilən yolun bir gün Xocalıdan keçəcəyinə heç kimdə şübhə yoxdur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bizim 30 illik xəyalımızı gerçəkləşdirdi. Artıq xəyal deyil, görünən gerçəklik budur ki, yolumuz Xocalıyadır.
Amerikan filosofu Ulyam Ceymsin təbirincə desək «Beynimizin qəbul etməsi üçün əvvəlcə ürəyimizin inanması gərəkdir».Ürəyimiz də, beynimiz də bir an bu gerçəkliyə şübhə etmədi. Aparılan siyasət, verilən işarələr növbəti dayanacağımızın Xocalı olduğunu göstərir.
Elşən Qəni