15 may 2018 20:26
1306

Eksternat imtahanları başlayıb

Mayın 15-də Bakı şəhəri üzrə eksternat imtahanlarına başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, imtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) başa vura bilməyən şəxslər iştirak ediblər.

Eksternlər üç akademik saat ərzində hərəsində on sual olmaqla, Azərbaycan bölməsi üzrə altı fənn (ana dili, ədəbiyyat, riyaziyyat, informatika, fizika və kimya) və rus bölməsi üzrə yeddi fəndən (əlavə olaraq rus dili) imtahan veriblər.

Eksternat imtahanları mayın 16-sı digər fənlər (coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil) üzrə davam edəcək.

İmtahanların nəticələri baku.edu.gov.az saytında yerləşdiriləcək.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.