25 aprel 2022 22:45
1227

Bu pəhriz növləri haqqında eşitmisinizmi?

Qədim zamanlardan bəri artıq çəkidən əziyyət çəkən insanlar vücudlarının gözəl olması üçün müxtəlif pəhrizlər saxlayıblar. Keçmişə nəzər salsaq hətta insan həyatı üçün təhlükəli olan pəhriz növlərinə rast gələ bilərik.

“Uzun illər yaşamaq sənəti”

1558-ci ildə İtaliya sakini Luidjı Kornaro tərəfindən yeni bir pəhriz icad olunmuşdu. “Uzun illər yaşamaq sənəti” adlanan bu pəhrizə görə qida qəbulunu məhdudlaşdıraraq onu cəmi 400 qrama çatdıran Kornaro gündə 500 qram- 1litr şərab içirdi. Bir neçə ildən sonra qida qəbulunu daha da azaldan Kornaro, gün ərzində cəmi bir yumurta yeyirdi. Onun düşüncələrinə görə, içdiyi şərab onun ömrümü uzadırdı. Bu pəhrizin başqa insanlar üçün nə qədər faydalı olub-olmadığını dəqiq söyləmək olmur. Lakin bu pəhrizə ömrünün sonuna qədər riayət edən Kornaro 98 yaşında vəfat etmişdir .

“Yatmış gözəl”

Uzun illər öncə tənbəl insanlar üçün tətbiq olunan “Yatmış gözəl” pəhrizinə görə, arıqlamaq üçün yuxu gətirən dərmanlardan içib bir neçə saat ərzində yatan insanlar, bu metodla  yuxuda arıqlamaq istəyirdilər. Lakin  çox təhlükəli olan pəhriz hətta bir neçə insanın həyatına son qoyub.

Bağırsaq qurdu

1950-ci illərin ortalarında opera müğənnisi Mariya Kallasın bağırsaq qurdu yeyərək 30 kq arıqladığı açıqlanıb. Sənətçi qurdları həbin içində qəbul edərək onların daxilindəki yağları əridəcəyini düşünüb. Lakin bu üsulun yalnış və zərərli olduğu bildirilib. Belə ki, bağırsaq qurdu bədəndə yağlarla qidalanıb 30 sm-dək böyüyərək bədənin digər nahiyələrini məhv etməyə başlayır. Bu isə çox vaxt ölümlə nəticələnir .

Lord Bayronun “sirkə” pəhrizi

Lord Bayron artıq çəkidən əziyyət çəkən insanlardan biri olub və çəkisinin artmaması üçün müxtəlif yollara əl atırdı. Kembricdə oxuyarkən peçenye və sudan başqa heç bir ərzaq qəbul etməyib. Həmçinin o, artıq çəkidən azad olmaq üçün çoxlu paltar geyinərək bədənini tərlədirdi. Ancaq aldığı nəticələr onu qane etmirdi. Ömür boyu sərt pəhrizlərin axtarışına çıxan şair nəhayət ki, 1820-ci ildə sirkə pəhrizini icad edib. Belə ki, o,yeməkdən əvvəl bir stəkan suya üç xörək qaşığı sirkə qarışdırıb içərək arıqlamağın mümkün olduğunu bildirib.

Qreypfrut pəhrizi

Avropa ölkələrində 1830-cu ildə icad olunan Qreypfrut pəhrizi elə indi də istifadə olunan pəhriz növlərindən biridir. Yağları aktiv şəkildə əridən bu meyvəni gündə bir ədəd olmaqla gündüz saatlarında yemək daha məsləhətlidir.

“Rajastik” pəhriz

“Rajastik” pəhrizi qədim hindular populyasiyası tərəfindən icad edilmişdi. Bu pəhriz yoqa və döyüş sənəti kimi tələb olunan fiziki və zehni məşqlər rejiminə əməl edən insanlar tərəfindən tətbiq olunur .Bu pəhriz tərəvəz, qoz-fındıq, ədviyyat və ədviyyatlı sousların istehlakına əsaslanır, yumurta, sərt pendir, başqa bir heyvan zülalından və ya törəmələrindən istifadə edilmir. Pəhriz tətbiq edən hinduların fikrincə, bu rejim çox yaxşıdır, çünki bədəni qidalandırır, güc və tarazlıq verir, yaxşı fiziki və zehni fəaliyyətə nail olmağa kömək edir.

“Kosmos”

Uzun illər öncə Rusiyada geniş yayılmış “kosmos” pəhrizindən daha çox siyasətçilər və sənətçilər istifadə edirdilər. Kosmonavt və astronavtların menyusu əsasında hazırlanan pəhrizə ciddi əməl olunarsa 8 gündə 5-6 kiloqram arıqlamaq mümkündür.

“Kosmos” pəhrizində bütün qida maddələrinə ballar verilir. İncəlmək üçün bir gündə qəbul olunan qidaların balları 40-ı keçməməlidir. Proteinlə zəngin pəhrizin qəribə tərəfi isə odur ki, burada istədiyiniz qədər qaynadılmış ət yeyə bilərsiniz. Pəhriz zamanı kartof çox nadir hallarda yeyilə bilər. İstənilən qədər meyvə yemək olar, lakin armuddan imtina edilməsi məsləhətdir.

“Bantinq”

Villiam Bantinq adlı ingilis bir dülgər uzun illər boyunca artıq çəkidən əziyyət çəkib.1850-ci ildə 60 yaşına çatan Villiam hər cür fiziki məşqlər və pəhrizləri sınayaraq, nəhayət ki, özünə uyğun bir qida rejimini tapır. Onun “Bantınq” adlı pəhrizinin menyusu əsasən proteinlərdən ibarətdir. Karbohidrogenlərdən az miqdarda istifadə edən Villiam qısa müddət ərzində artıq çəkidən azad olub. “Bantinq” pəhrizini tutaraq 22 kq arıqlayıb, bu pəhriz isə tarixin ilk pəhrizlər kitabına düşüb.

Bir neçə ildən sonra “sehirli pəhrizi” haqqında kitab yazan bu dülgər həyatının ən böyük uğuruna imza atmış olur . İsveçdə yaşayan minlərlə insan bu pəhriz vasitəsi ilə artıq çəkidən azad oldu. Lakin dietin mənfi tərəfi var. Belə ki, xroniki böyrək xəstəlikləri olan insanlar üçün bu pəhriz zərərli ola bilər.

Samirə Tağıyeva, “İki sahil”