27 aprel 2022 23:10
1090

Milyonçu olmaqla deyil ki,..

Məşhur milyonçular daim mətbuatın, kameraların və cəmiyyətin maraq dairəsində olurlar. Məhz buna görə bu tip insanların özünəməxsus  xüsusiyyətləri tez-tez müzakirəyə səbəb olur. Məşhur milyonçuların  qəribə vərdişləri haqqında topladığımız maraqlı məlumatları oxucularımıza təqdim edirik.

Kolumbiya narkobaronlarından olan Pablo Eskobar  pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirmiş. Çox maraqlıdır ki,  bu milyarderin pulu hər il 10 faiz azalırdı. Çünki siçovullar o pulları yeyirdi.

1 milyarddan çox sərvətə sahib olan  və dünyanın ən zəngin insanlarından biri, “İKEA”nın qurucusu  İnqvar Kampradın çox maraqlı bir həyat hekayəsi olub. Belə ki,onu digər zənginlərdən fərqləndirən cəhəti ikinci əl paltarlar geyinməsi, ən ucuz saç ustasına getməsi və qiyməti 4 min dollar civarında olan avtomobil sürməsi idi. Milyarder yeməyi heç də bahalı restoran və kafelərdə deyil, ucuz yerlərdə, xüsusən də “İKEA” restoranlar şəbəkəsində yeməyə üstünlük verirdi. Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, Kamprad  daha az vergi ödəmək məqsədi ilə rəhbərlik etdiyi firmanın baş ofisini Kopenhagendən Amsterdama köçürmüşdü.

Kampradı digər zənginlərdən fərqləndirən daha bir cəhəti onun illər boyu gəzdirdiyi cüzdan və köhnə qol saatı idi. Milyardlarının olmasına baxmayaraq  özünün şəxsi təyyarəsi olmayıb və lazım olanda daha ucuz uçuşlar həyata keçirən aviaşirkətlərin xidmətlərindən istifadə edirdi.

Evinə bazarlığı xanımı  Marqarita ilə edən milyonçu adətən  alış-verişə endirim  kampaniyası dövründə yollanırdı.  

Hindistanın məşhur  texnologiya maqnatı Əzim Premci də sadə həyat tərzi keçirənlərdəndir. O, köhnə avtomobilini idarə edir, ekonom-klassda uçur və beşulduzlu otellər əvəzinə sadə mehmanxanalarda qalır. Premci, həmçinin şirkətinin əməkdaşlarının tualet kağızından qənaətlə istifadəsinə nəzarət edir, otaqdan çıxarkən işığı söndürmələrini tapşırır. Milyarder bütün bunları şəxsi həyatında da tətbiq edir.

Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb və oğrulara 2,2 milyon dollar verir.

“Facebook”un qurucusu Mark Zukerberq sadə həyat sürən zənginlərdəndi. 30 min dollarlıq avtomobil idarə edən milyarder  əslində  özünə son model “Ferrari” də ala bilər. Ancaq o, mexaniki idarəetməli, 30 min dollarlıq “Volkswagen GTI” sürməyə üstünlük verir. Üstəlik, Zukerberq Prisçilla Çanla toyunu dəbdəbəli toy məkanında deyil, evinin həyətində edib. Bal ayını isə İtaliyada “McDonald’s” da şam edərək keçirib. 2011-ci ildə aldığı evin dəyəri 7 milyon dollardır. Bunu Zukerberqin ən bahalı əmlakı adlandırmaq olar.

Artıq neçə ildir ki, gündəmə sərvəti, bahalı evi, etdiyi xeyriyyə yardımları ilə gələn Bill Qeytsin şəxsi həyatı da iş həyatı kimi maraqlıdır.  Qoluna 10 dollarlıq saat taxan  ən qənaətcil milyarderlərdən sayılan Billin evində qabyuyan maşını belə yoxdur. Hər gün qabları özünün yuduğunu deyən Qeyts bununla da elektrik enerjisinə qənaət edir. 

Kompüter  dahisi olan milyarder  Devid Çeriton bir paket çayı iki dəfə istifadə edir. O, bahalı restoranlara yolu düşərsə, yarım porsiyadan artıq yemək sifariş vermir. Bahalı avtomobillər əvəzinə velospied sürməyə üstünlük verir. Maşın lazım olarsa, 1986-cı ildə aldığı “Volkswagen” mikroavtobusundan istifadə edir.

Almaniya Federativ Respublikasının Kansleri həmişə alman pedantlığı və qənaətcilliyi ilə məşhur olmuşdur. Kansler, 35 il ərzində  qida və evə aid kimyəvi maddələri yığmaq ilə məşğul idi.

Keçmiş milyarder Çak Fini (“Duty Free”nin yaradıcısı) sərvətinin 99 faizini - 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.

ABŞ-ın keçmiş  Prezidenti Donald Tramp qəribə hərəkətləri ilə seçilən zəngin insanların sırasına daxildir. O, jurnalistə qarşı 5 milyon dollar həcmində iddia qaldırıb. Buna səbəb isə jurnalistin onu milyarder deyil, milyonçu adlandırması olub.

Milyarder şeyx Həmid bin Xəlifə Əl Tani Ərəbistan səhrasındakı qeydiyyatını ləğv etdirərək kosmosda qeydiyyata düşüb.

Hindistanın keçmiş Baş naziri Narendra Modi yaşıdlarından çox seçilirdi. Onun əsas hobbisi dəbli geyimlərdir. Onun digər hobbisi isə  siyasi liderlər ilə şəkil çəkdirmək idi.  Bu şəkillərin əksəriyyətini onun "Twitter" hesabında tapmaq mümkündür.

“İnditex”in banisi “Zara” brendinin sahibi Amansio Orteqa xanımı ilə çoxmənzilli adi binada yaşayır, hər dəfə İspaniyada eyni kafeyə gedir. Dəbin yolgöstərəni sayılan Orteqo özü isə hər gün mavi jaket, ağ köynək, boz şalvar geyinir. O, həm də şirkətinin işçiləri ilə birgə nahar edir.

Harri Potter kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən, bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o, milyarder “statusunu” tezliklə itirib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.

Meksikanın zəngin insanı Karlos Slim “Helu” avtomobilini özü idarə edir. Bununla da o, şəxsi sürücüyə verəcəyi maaşa qənaət edir. Üstəlik, Karlos “Mercedes-Benz”in ən köhnə modelini istifadə edir. Adi mağazalardan geyinən milyarder 40 ildir eyni evdə yaşayır və övladlarını da həmin evdə böyüdüb.

Uorren Baffet hələ də 1958-ci ildə 31 min 500 dollara aldığı evində yaşayır. “Berkshire Hathaway”in banisi cəmi 557 kvadrat metr ərazidə yerləşən evdə ömür sürür. O, bu evini özünün “üçüncü ən yaxşı investisiyası” adlandırır. Baffetin qonşuluğundakı bənzər ev 2015-ci ildə 2,5 milyon dollara satılıb.

Dünyada ilk milyarder adına sahib olan  Con Rokfeller qidaya böyük əhəmiyyət verirdi, spirtli içki içmir, siqaret çəkmir, geyimə biganə yanaşır, nadir hallarda kostyumlarını dəyişir, teatr və klublara getmirdi. Onun sevimli yeməyi süd və çörək idi. Rokfellerin həyat yoldaşı isə yamaqlı paltarlarda gəzir və Rokfeller kimi qənaətcil idi. Rokfeller ona uşaqların hər birinə velosiped almağı təklif etdikdə o, 4 uşağa 1 velosipedin bəs etdiyini və beləliklə, onların paylaşmağı öyrənəcəklərini demişdi. Con Rokfeller hər bir şeydə qənaət etmək vərdişinə sahib olmasına baxmayaraq, xeyriyyə məqsədilə külli miqdarda pul xərcləyirdi. Bu məqsədlə o tibbi araşdırmalara yatırım edir, universitet və muzeylərə sponsorluq edir, kilsələrə və icmalara ianə verirdi. 

Samirə Tağıyeva, “İki sahil”