28 aprel 2022 18:30
1384

 Qədim Zevs məbədinin xarabalıqları tapılıb

Misir arxeoloqları Sinay yarımadasında qədim yunan tanrısı Zevsin məbədinin xarabalıqlarını aşkar ediblər.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi açıqlamasında bildirib ki, məbədin xarabalıqları Sinay yarımadasının şimal-qərbindəki Tell əl-Farmada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib.

Qədim adı Pelusium ilə də tanınan Tell əl-Farma Misir tarixinin son dövründə yaranmış qədim Misir istehkam şəhəridir.

Sonralar qala-şəhər Helenistik dövrdə, Roma və Bizans dövründə istifadə edilmişdir. Qədim şəhərdə xristian və erkən islam dövrlərinə aid artefaktlara da rast gəlinir.

Misir Qədim Əsərlər Ali Şurasının baş katibi Mostafa Vəziri arxeoloqların qarşısında iki nəhəng yıxılmış qranit sütunu olan məbədi aşkar etdiklərini söyləyib.  Onun sözlərinə görə, darvazalar qədim zamanlarda güclü zəlzələ nəticəsində dağılıb.

Sinay arxeoloji sahəsinin direktoru Hişam Hüseyn bildirib ki, ərazidə tapılan yazılar məbədi Roma imperatoru Adrianın (eramızdan əvvəl 117-138-ci illər) bərpa etdiyini göstərir.

Zevs Kasius adı qədim yunan mifologiyasında səma tanrısı Zevsin adı ilə, bir vaxtlar Zevsə sitayiş edilən Suriyadakı Kasius dağının birləşməsidir. Onu “Yaxın Şərq Olimpi” də adlandırırlar.

Yaxın vaxtlarda mütəxəssislər bu qranit bloklarını daha ətraflı tədqiq edəcək və xarabalığa çevrilmiş məbədin memarlıq strukturunu müəyyən etməyə kömək edəcək fotoqrammetriya aparacaqlar.

Nubar Süleymanova, “İki sahil”