20 may 2022 17:11
699

Kikboksinq üzrə ölkə çempionatının açılış mərasimi keçirilib FOTO

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  açılış mərasimində Fazil Mustafa, Könül Nurullayeva kimi millət vəkilləri, Qurban Qurbanov, Tərlan Əhmədov, Mahir Şükürov kimi futbol ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edib.

Yarışdan öncə iştirakçı klubların idmançılarının iştirakı ilə parad təşkil olunub və Azərbaycan himni səsləndirilib.

Daha sonra söz Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyevə verilib. O, yerli kikboksçuların hətta pandemiya şəraitində də yüksək nəticələr göstərdiklərini bildirib. O.Əliyev Azərbaycan çempionatında fərqlənənlərin V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcəklərini vurğulayıb.
AKF prezidenti 44 günlük Vətən müharibəsində Azərbaycan kikboksçularının da qəhrəmancasına vuruşduqlarını söyləyərək, dünyasını dəyişən bütün şəhidlərin xatirələrinin 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib.
Onun ardından çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə pandemiyadan sonra qapalı məkanda belə bir yarışın keçirilməsini bayram adlandırıblar.

Milli Məclisin İdman Komitəsinin rəhbəri, AKF-nin fəxri prezidenti və İdarə Heyətinin sədri Adil Əliyev isə tədbirdə iştirak edən bütün şəhid ailələrini və qaziləri salamlayaraq, qələbənin qazanılmasında rolu olanlara təşəkkürünü bildirib. A.Əliyev iki illik fasilədən sonra ölkədə kütləvi tədbirlərin keçirilməsinə razılığın verilməsini sevindirici hal adlandırıb: "Biz müzəffər xalqın övladlarıyıq, bununla fəxr edirik. Qarşıda daha böyük yarışlar gözlənilir. Ümidvaram ki, idmançılarımız Türkiyədə keçiriləcək İslamiadada bir daha bizləri sevindirəcəklər. Çünki güclü, qalib xalq olduğumuzu hamı gördü. Hər birimizin borcudur ki, Azərbaycanda idmanın inkişafına gücümüz çatdığı qədər dəstək olaq. Məhz Azərbaycanda gənclər, idman siyasəti və ordu quruculuğunun başlandığı vaxt dünyaya göz açan övladlarımız bizə qələbə bəxş etdi. Hər birimizin borcu budur ki, bu siyasəti dəstəkləyək və irəli aparaq".

Daha sonra fəxri prezident Fərid Qayıbov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovu XXVI Azərbaycan çempionatının keçirilməsinə verdiyi yüksək dəstəyə görə mükafatlandırılıb.

Həmçinin, 44 günlük Vətən müharibəsinin şəhidləri -  Muxtar Qasımlı, Şıxamir Qaflanov, Kərəm Veyisov, Pərvin Əlizadə və Xudayar Yusifzadənin ailə üzvləri plaketlərlə təltif olunub.

Ardınca kikboksçu Anar Məmmədova ötən ilin sonlarında İtaliyada qazandığı dünya çempionluğu münasibətilə "Şkoda Rapid" avtomobilinin açarı hədiyyə olunub.

Daha sonra bədii hissəyə keçilib. Əməkdar artist Ədalət Şükürov, Vüqar Muradov, Səlim Abbasov və Coşqun Viləş kimi musiqiçilər ifa etdikdən sonra yarış davam etdirilib.

Qeyd edək ki, Azərbaycan çempionatına mayın 22-də yekun vurulacaq. "Low kick" və "Full Contact" versiyaları üzrə keçirilən yarışın qalibləri Azərbaycanı avqustda Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarında təmsil edəcəklər.