KÖŞƏ

Zahid Rza

Regionun “Kalininqrad”ı öhdəliklərini niyə pozur?...

20 may 2022 23:15
1599

Azərbaycan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair işçi qrupunu vaxtında yaratsa da Ermənistan tərəfindən real hərəkətlilik müşahidə edilmir

Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Prezident İlham Əliyev istər Vətən müharibəsindən əvvəl, istərsə də müharibdən sonra dövlətimizin bütün diplomatik fəaliyyətini bölgədə sabitliyin bərqərar olunmasına yönəltmişdir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.  Bu gün region üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib. İkinci Qarabağ müharibəsi başa çatan kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaratmaq demək olardı.

Artıq sərhədlərin delimitasiyası başlamalıdır. Ancaq bu məsələ ilə bağlı Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Belə ki, aprelin 6-da Brüssel razılaşmasından sonra  Ermənistan təklif etmişdi ki, delimitasiya üzrə ilk görüş sərhəddə olsun. Azərbaycan razılıq verdi, əvvəlcə aprelin 29-na, sonra mayın 8-ə təyin olunmuş görüşlərə Ermənistan gəlmədi və Ermənistan XİN-in başçısı qəflətən bəyanat yayaraq ilk sərhəd görüşünün Moskvada keçirilməsini istədi.  Eyni zamanda, Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi.  

Hazırda Azərbaycan işə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyir. Respublikamız işçi qrupunu vaxtında yaratsa da, Ermənəstan tərəfindən real hərəkətlikik müşahidə edilmir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan hər zaman öhdəliklərə sadiq olub: “Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik”.

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etməklə BMT qətnamələrini icra edərək, tarixi ədaləti bərpa etdi. Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi.

Danılmaz faktdır ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini pozur. Ermənistan kommunikasiyaların açılmasını,  sərhədlərin delimitasiyasını yubadır, birinci müharibədə əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini təqdim etməkdən imtina edir, UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır və s. Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları da pozur Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrupu yaratmalı, müvafiq görüşlər keçirilməli və müvafiq fəaliyyətə başlanmalı idi.

Öz öhdəliklərini addımbaşı pozan Ermənistanın bu əməlləri məsuliyyətsizlik və sabotajdır. Bütün razılaşmaları pozan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gözlənilmədən Rusiyanın TASS agentliyinə sərhədlərin delimitasiyası və sülh danışıqlarına  dair görüşün Moskvada keçirilməsinə hazır olduqlarını bəyan edib.  Baş verənlər həm də  Ermənistanın riyakarlığını göstərir. Belə ki, əvvəlcə görüşün Rusiyanın iştirakı olmadan sərhəddə keçirilməsini təklif edən İrəvan sonradan bu dövlətin təzyiqi altında görüşün Moskvada keçirilməsinə hazır olduğunu bildirir. Belə ki, əvvəlcə Moskvanı kənarda qoymaq istəyən Ermənistan sonradan təzyiq qarşısında Avropa İttifaqını prosesdən  kənarlaşdırmağa çalışır. Ermənistanın riyakar siyasəti nəticəsində İrəvan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında “küskün” vəziyyətdədir, həm də Rusiyanın və Brüsselin gözündə prinsipsiz, öhdəlikləri pozan, etimad doğurmayan tərəf kimi qəbul olunur. Bu, bir daha göstərir ki, Ermənistan müstəqil dövlət deyil,  Rusiya Federasiyasının koloniyası, regionun “Kalininqrad”ıdır...