KÖŞƏ

Yaqut Ağaşahqızı

Üçüncü raund!

25 may 2022 01:58
2769

Son görüş Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən sülhü bərqərar edəcəkmi?

Bu gün dünyanın ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri kimi tanınan Avropa İttifaqı (Aİ) Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasına qərəzsiz və bitərəf yanaşması ilə diqqət çəkir. Postmünaqişə dövründə Avropa İttifaqının moderatorluğu ilə  üçüncü dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan  arasında  baş tutan görüş də deyilənlərin isbatıdır. Beş saat davam edən görüşdə əvvəlki Brüssel danışıqlarının məntiqi davamı və əldə edilmiş razılaşmaların icrasını birinci mənbədən yoxlamaq məqsədilə bütün məsələlər nəzərdən keçirilib və  kifayət qədər əhatəli müzakirələr aparılıb.

Xatırladaq ki, belə formatda sonuncu görüş aprelin 6-da keçirilmiş və müəyyən razılaşmalar əldə olunmuşdu. Ən vacib məqamlardan biri aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması və sülh sazişinin hazırlanması üzrə  prosesin başlanması və sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılması idi. Amma Ermənistan praktiki mərhələdə faktiki heç bir addım atmadı.

Prezident İlham Əliyev Şarl Mişellə aprelin 23-də  telefon danışığında 6 aprel  Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini vurğuladı. Azərbaycan hər iki məsələ üzrə nümayəndə heyətini müəyyənləşdirdiyini və görüş keçirməyə hazır olduğunu bəyan etdi. Lakin Ermənistan Azərbaycanın görüş təklifindən imtina  etməklə növbəti dəfə özünün simasızlığını ortaya qoymuş oldu.

 Mayın 22-də keçirilən görüş bir daha göstərdi ki, sülhdə maraqlı olmayan, danışıqların uzadılmasının və nəhayət, revanşist müharibələrin xəyalını quran bu qüvvələr sülh təşəbbüslərini ləngitsə də, onu tamamilə dayandıra bilməyəcək. Bu baxımdan da budəfəki görüşdə əsas diqqət Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna, humanitar məsələlərə,  ərazilərin minalardan təmizlənməsinə yönəldi. Danışıqlar prosesinin əhəmiyyətli məqamlarından birincisi danışıqların gedişatında və əldə edilmiş razılaşmalar prosesində heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməyib, yalnız Qarabağ deyilib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib.

Üçtərəfli görüşdə Azərbaycan xalqının milli maraqlarını hər bir diplomatik masada prioritet kimi müəyyənləşdirən dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyi məsələsi üzərində bir daha dayandı.

Təbii ki, danışıqlar prosesində ən çox müzakirə olunan məsələlərdən biri iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesin işlək vəziyyətə keçməsi ilə bağlıdır. Əvvəlki görüşlərdə bu istiqamətdə ilkin razılaşmalar əldə edilib. Budəfəki Brüssel görüşündə də əldə edilmiş razılığa görə, yaxın zamanlarda Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazidə hər iki ölkənin komissiyaları birgə görüş keçirəcək, sərhədlərin delimitasiyası və sabitliyin təmin olunması ilə bağlı mexanizmlərin müzakirəsi istiqamətində müəyyən qərarlar qəbul edəcəklər.

Ən mühüm məsələlərdən biri də Ermənistan ilə Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpası və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələlərdir. Üçtərəfli görüşdə sərhəd idarəçiliyi, təhlükəsizlik, rüsumlar, habelə beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, həmçinin Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinməsi olduqca vacib məqamdır. Çünki müəyyən vaxtlarda Ermənistan bu məsələlərin həllinə süni maneələr yaradaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılmasının icrasını yubadırdısa, artıq taqətsiz hala düşmüş işğalçı ölkə dərk edir ki, bu məsələ qaçılmazdır, habelə onun özü üçün də vacibdir.

Azərbaycanla Ermənistan arasında ortaq mövqeyin tapılması ümumilikdə sülh prosesinin uğurlu şəkildə aparılması və iki xalq arasında düşmənçiliyin aradan qaldırılması üçün müsbət zəmin yaradır. Bunun nəticəsidir ki, Brüsseldə iki dövlət arasında münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi ilə bağlı da razılığa gəlindi. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bu, artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlaması deməkdir. İki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılması deməkdir. Sənəddə isə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Sülh müqaviləsinin imzalanması strateji hədəfdir. Tərəflər razılıq əldə ediblər ki, bundan sonra da aparılan intensiv danışıqlar prosesində həmin hədəfə nail olunması üçün daha ciddi addımlar atılacaq və böyük sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslər daha da sürətləndiriləcək.

Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Avropanın siyasi paytaxtında baş tutan budəfəki görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan növbəti addımdır.

44 günlük Vətən müharibəsindən sonra dövlətimiz regionda yeni reallıqlar yaradıb və rəsmi İrəvan bu reallıqlardan irəli gələn tələbləri yerinə yetirməlidir. Ermənistan bu gündəliyə nə qədər uyğun davransa, razılaşmalara nə qədər tez və dəqiq əməl etsə, onun özü üçün də bir o qədər yaxşı olacaq. Çünki sülh prosesinin pozulmasından İrəvanın itirəcəyi daha çoxdur.