KÖŞƏ

Yaqut Ağaşahqızı

Koronavirusla mübarizədə həmrəy olmaq hər kəsin insanlıq borcudur

11 iyun 2020 11:54
4985

Xəbər verildiyi kimi, yeni növ koronavirus xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Onu da qeyd edək ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi qərara əsasən, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Xatırladaq ki, ötən həftəsonu da karantin rejimi sərtləşdirilmişdi.

Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda, kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir. Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirdi ki, son 10 gündə koronavirusa yeni yoluxanlarla sağalanlar arasında dinamikada fərq arzuolunan səviyyədə deyil: “Hazırda vəfat edənlərin və ağır halların sayının artması müşahidə edilir. 25-31 may tarixində 1273 nəfər koronavirusa yoluxub, 821 nəfər sağalıb, 14 nəfər vəfat edib. Yoluxanların sayı sağalanların sayından çoxdur. 1-7 iyunda yeni yoluxanların sayı 2059 nəfər, sağalanların sayı isə 721 nəfər olub. Ölənlərin sayı 25 nəfərə çatıb. Yoluxanların sayı sürətlə artır. Paralel olaraq vəziyyəti ağır olan və ölənlərin də sayı sürətlə artır.”

 Görünən odur ki, virusa yoluxanların sayının pik həddə çatması, sağalanların sayındakı azalma, vəfat edən, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən xəstələrin artması karantin rejiminin xüsusilə həftəsonlarında sərtləşdirilməsi daha çox insanın evdən çıxması, ictimai nəqliyyat vasitələrində, ticarət obyektlərində, kafe-restoranlarda, istirahət mərkəzlərinə gedəcəyini nəzərə alaraq vətəndaşları və onların sağlamlığını qorumaq naminə çox vaxtında qəbul edilmiş zəruri qərar idi.

Pandemiya ilə mübarizənin hələ də davam etdiyi dönəmdə, bir-birini əvəzləyən bu cür kritik günlərdə “mən koronavirusa inanmıram, tanışlarımın heç biri koronavirusa yoluxmayıb, deməli, koronavirusun olması yalandır” deyənlər yenə də bu kimi bəhanələr gətirərək, hətta, insanların sıx olduğu bəzi yerlərdə də ya maska taxmırlar, ya laqeydlik və məsuliyyətsizlik nümayiş etdirirlər, ya da yalan xəbərlər, şayiələr, əsassız iddialar irəli sürürlər. Hətta bəziləri maskanı ancaq çənə altında saxlayır, sosial məsafəni qorumur, xüsusi dezinfeksiyaedici məhsullardan istifadə etmir. Bir sözlə, nəzərə almaq lazımdır ki, bu xəstəlik bəzən hansısa şəxslərdə simptomsuz müşahidə edilir, yəni bizim kənardan sağlam gördüyümüz insanlar əslində, real koronavirus daşıyıcısı ola bilərlər. Məhz belə məsuliyyətsiz şəxslər virusdan qorunmağa çalışanları, virusun olması həqiqətini dərk edənləri də yanlış yönləndirirlər. Bəs nəticə necə olur? Çox təəssüf ki, bu onlarda alınır...

Unutmaq olmaz ki, belə ağır günlərdə həmrəylik göstərmək, bir olmaq lazımdır. Rəsmi xəbərlərə, etibarlı mənbələrə inanmaq lazımdır. Kiminsə əsl məqsədi heç özünə də bəlli olmayan yalan sözlərinə inanıb ən birinci özünüzü, ailənizi, başqalarını da təhlükəyə atmaq olmaz. Həqiqətən, bu virusun nə qədər təhlükəli olmasını, vaxtında mübarizə aparmadıqda hansı faciəvi sonluqla nəticələnə biləcəyinə inansanız, bunu ən azından videogörüntülər vasitəsilə izləsəniz, bu durumun ciddiyyətinin fərqinə varmış olarsınız. Məsuliyyətsiz vətəndaşların sayı nə qədər çox olacaqsa, dövlət tərəfindən görülən tədbirlər dəstəksiz qalaraq, gücsüzləşək. Xalq bir olmadığı müddətdə bu gözəgörünməz düşmənlə mübarizə apara bilmək heç də asan məsələ deyil...

Bəşəri bəla olan koronavirusa qarşı hələ ki “peyvəndimiz”, “vaksinimiz”, bir sözlə, əsas qoruyucumuz - birliyimiz, həmrəyliyimiz və ən əsası da məsuliyyətimizdir. Bu mübarizənin sonunda uğurlu nəticə almaq istəyiriksə heç bir halda boşluqlara yol verməməliyik. Çünki bu artıq hər şeydən öncə dövrün tələbi, zamanın əsas çağırışıdır. COVID-19 virusu ilə mübarizədə, insanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə həmrəylik nümayiş etdirmək hər kəsin insanlıq borcudur. Özümüzün, ailəmizin və yaxınlarımızın səhhəti naminə, sağlam gələcəyi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl edək.