KÖŞƏ

Yaqut Ağaşahqızı

COVID-19: Tədbirlərin uğurlu nəticəsi həm də vətəndaş məsuliyyətindən asılıdır...

16 iyun 2020 11:30
7080

Dövlətimiz koronavirus pandemiyasının ilk dövrlərindən zəruri və qabaqlayıcı tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin pandemiyanın yayılma arealını və sürətini, mümkün riskləri düzgün təhlil etməklə zəruri qabaqlayıcı tədbirlərə başlaması xalqımız tərəfindən xüsusi minnətdarlıqla qarşılanır. Əminliklə deyə bilərik ki, sosial təminatla bağlı da operativ, humanist və konkret məqsədə hesablanmış tədbirlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən karantin rejimi yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasına kömək edir. Azərbaycanda koronavirusun müəyyən edilib nəzarət altına alınması və müalicəsi üçün müasir laboratoriyalar, ən yeni tibbi ləvazimatlar və dərman ehtiyatları, tibbi personal və bütün müvafiq strukturlar səfərbər edilmişdir. Bütün bu kompleks tədbirlər - testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı imkan verir ki, ölkəmiz bu vəziyyətdən daha az itkilərlə çıxsın.

Sosial amilin dövlət siyasətinin prioritet istiqaməti seçilməsinin nəticəsidir ki, hər zaman olduğu kimi, pandemiya dövründə də humanizm prinsiplərinə əsaslanan sosial siyasət vətəndaş sağlamlığını və onun rifahını yüksək səviyyədə qoruyur. Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərlə yanaşı, vətəndaşların müəyyən edilmiş karantin qadağalarına və gigiyenik qaydalara nə dərəcədə əməl etməsi də pandemiyanın qarşısının alınmasında mühüm rol oynayır. Başqa sözlə desək, keçirilən tədbirlərin səmərəli nəticə verməsində vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Yoluxmanın yayım sürətinin genişlənməsi birmənalı olaraq vətəndaşların özlərini necə aparmasından, qaydalara necə əməl etməsindən çox asılıdır. İstər Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri, mütəxəssisləri, istərsə də xarici və yerli həkimlər vətəndaşlara virusdan qorunmaq üçün çağırışlar edir, tövsiyələrini verirlər, maarifləndirmək üçün çalışırlar.

Yoluxma sayının artdığı bir dönəmdə insanlar mümkün qədər məsuliyyətli olmalı və üç mühüm amilə əməl etməlidir: tibbi maska taxmaq, sosial məsafənin qorunması və dezinfeksiya vasitələrindən istifadə etmək. Bunlar vətəndaşların riayət etməli olduğu ən əsas və vacib qaydalardandır. Odur ki, hər bir kəs tibbi maska taxmaqla yanaşı, insanların çox olduğu məkanlarda, ictimai nəqliyyatda, park və xiyabanlarda, market və ictimai iaşə obyektlərində sosial məsafəni mütləq qorumalıdır. Sosial məsafəni gözləsək, virusa yoluxma riskindən ilk növbədə özümüzü, həm də ailəmizi, yaxınlarımızı qorumuş olarıq. Onu da nəzərə almaq lazımdır ki, bu xəstəlik bəzən hansısa şəxslərdə simptomsuz müşahidə edilir, yəni bizim kənardan sağlam gördüyümüz insanlar əslində, real koronavirus daşıyıcısı ola bilərlər. Məhz belə məsuliyyətsiz şəxslər maska taxmadıqda və ya ondan düzgün istifadə etmədikdə virusun ətrafa yayılma riski dəfələrlə artır. Hər bir Azərbaycan vətəndaşı bu problemin ciddiliyini başa düşərək lazımı qaydalara əməl etməlidir. Tibbi maskanın taxılmamasına görə cərimələrin tətbiqindən sonra insanların ondan daha çox istifadə etdiyi müşahidə olunur. İnsanlar virusdan deyil də, məhz cərimələrdən ehtiyat edərək maskadan istifadə etməsi də sadəcə dəhşətdir...

İctimai nəqliyyatdan istifadə və ondan sonra əllərin xüsusilə barmaq ucları və kənarlarının tibbi spirtlə təmizlənməsi vacibdir. Evə daxil olduqda heç yerə toxunmadan ilk olaraq əllər sabunla ən azı 30 saniyə-1 dəqiqə müddətində yaxşıca yuyulmalıdır. Çöldə, insanların sıx olduğu məkanlarda əl təmasından mümkün qədər çəkinmək gərəkdir. Əlləri dezinfeksiya etməmişdən qabaq ağız, burun, göz və gözətrafı hissələrə vurmaq qətiyyən olmaz. Virusun orqanizmə ağız və burun vasitəsilə keçdiyini nəzərə alsaq, onda əllərin gigiyenasına önəm verildiyi kimi, qəbul edilən qidalara, ərzağa da, onların satıldığı ticarət şəbəkələrinin sanitar qaydalara ciddi əməl edib-etmədiyinə də xüsusi diqqət yetirilməlidir. Bir sözlə, pandemiya dövründə gigiyenik qaydalara daha da məsuliyyətli və diqqətli şəkildə əməl etməliyik.