Psixoloqlar bildirirlər ki, körpəlik dövründə uşaq şəxsiyyətinin inkişafı onu əhatə edən valideynləri tərəfindən təmin edilirdisə, növbəti mərhələdə bu prosesə valideynlərlə bərabər, informasiya vasitələri də güclü təsir kimi ön plana çəkilir. Məhz düzgün təşkil edilmiş təsirlər nəticəsində uşaq inkişaf edərək yeni psixoloji keyfiyyətlər və əxlaq normaları mənimsəyərək cəmiyyətin kiçik bir üzvünə çevrilir.
Mütəxəssislər bildirirlər ki, uşaqlar bağça yaşına çatdıqda artıq onların inkişaf şərtləri xeyli genişlənir. Belə ki, böyüklərin uşaqlara verdikləri tələblər artır, ictimai əxlaq normaları əsas tələbə çevrilir və idrak imkanlarının genişlənməsi onlara xarici mühitin daha geniş sahələrinə çıxmağa imkan yaradır. İlk vaxtlarda ancaq valideynlərinin əhatəsində olub, onların xüsusiyyətlərini təqlid etməyə çalışırdılarsa, xarici mühitə çıxdıqca ətrafındakıları təqlid etməyə çalışırlar.
Psixoloqların fikrincə uşağın xarici mühiti dedikdə, sosial mühitdən, öz yaşıdlarından daha çox, günümüzdə informasiya vasitələri nəzərdə tutulur. Birincisi bu vasitələr uşaqları müxtəlif mühitlərin təsirinə atmaqla bərabər onlara müəyyən istiqamət daşıyan fikirlər də aşılaya bilir. Bu zaman uşaqlarda mənəvi təsəvvürlərin formalaşması üçün şərait yaranır. Özünü kəşf etmə prosesi başlayır. Əxlaqi motiv onda yeni-yeni yollar tapmağa imkan verir. Uşağın özünü kəşf etmə, mənəvi təsəvvürləri formalaşdırma valideynlərlə birlikdə informasiya texnologiyalarının da üzərinə düşür. Belə ki, öz dövrünün adamı olma statusunu hələ məktəbəqədər yaş dövründə texnologiyadan faydalanmaqla sübuta yetirir.
İkincisi isə hisslər və iradənin inkişaf etməsidir ki, həmin motivlərin fəallığını, əxlaqın möhkəmliyini, xarici şəraitin dəyişməsindən asılı olaraq onun dəyişməsini təmin edir. Müətəxəssislər bildirirlər ki, informasiya vasitələrində zaman və məkan anlayışı müəyyən mənada tez-tez dəyişdiyindən uşaqların müxtəlif situasiyalar keçirməsinə zəmin yaradır. Davamlı dəyişən görüntülər uşağın dəyişkən reaksiyalar verməsinə səbəb olur.
Üçüncü cəhət isə təsəvvür və yaddaşdır. Psixoloqlar qeyd edirlər ki, bu cəhət məktəbəqədər yaşlı uşaqlarda daha çox təsəvvür sürətlərinin parlaqlığı ilə xarakterizə olunurlar. Bəzən onların təsəvvür sürətləri o qədər parlaq olur ki, bunları qavrayış sürətlərindən fərqləndirə bilmirlər. İnsanlara elə gəlir ki, həmin sürətləri uşaqlar təsəvvüründə canlandırmır, sadəcə qavrayırlar. İnformasiya vasitələri uşağın şüuruna güclü təsir göstərməklə yeni çalarlara malik və inkişafa yönəlmiş təsəvvürlər əmələ gətirir. Bu təsəvvürlər ekranda göstərilən obrazlar haqqında anlayışları gücləndirir və həmin anlayışların uşaqların hafizəsində uzun zaman yaşamasına səbəb olur. Yaddaş keçmiş təcrübənin beynimizdə nöqtələndirilməsi, hifz edilməsi sahəsində sonralar onun tanıma və yada salınmasından ibarət mürəkkəb psixi prosesdir. Çox inkişaf etmiş hafizə anlayışların miqdarı və onların fərqləndirilə bilməsi ilə xarakterizə olunur. Bu da qəbul olunmuş məlumatların qavranılma dərinliyi və maraq oyada bilmə gücündən asılıdır.
Mütəxəssislər qeyd edirlər ki, ekran vasitələri bir növ qavrama prosesi üçün maksimum şərait yaradır. Bu da həyatda baş verən və verəcək proseslərə əyani baxdıqda onları təhlil etmək və müəyyən nəticələr çıxarmaqla hafizəni dərin və möhkəm biliklərlə zənginləşdirirlər. Ona görə də hafizənin möhkəmlənməsində ekran vasitələrinin gücü, digər vasitələrdən daha təsirli və effektivdir. İnformasiya vasitələri uşaqların təkcə hafizəsini birtərəfli deyil, eyni zamanda eşitmə hafizəsini də inkişaf etdirir. Bu vasitələrlə qəbul olunmuş səslər və öyrənmə prosesində verilən biliklər eşitmə hafizəsinin möhkəmlənməsinə güclü təsir göstərir.
Beləliklə, araşdırmalar onu deməyə əsas verir ki, informasiya texnologiyaları uşaqlarda hafizə tiplərini inkişaf etdirən bir vasitədir. Bu da uşaqların təlim prosesində zəngin biliklər əldə etməsinə və öyrəndikləri bilikləri uzun müddət hafizələrində saxlamalarına şərait yaradır.
Röya Rasimqızı, “İki sahil”